Sizin reklam burada

“Anortosis” Araza görə “Qəbələ”yə 150 min avro verir

Baxış Sayı:520

“Anortosis” Araza görə “Qəbələ”yə 150 min avro verir
Renat Dadaşova 3-cü bundesliqadan təklif var
Yığmamızın uğurlu nəticələr qazanması üçün çempionatımızın güclənməsi və klublarımızın avrokuboklarda uğurlu çıxışı vacibdi. Ancaq bunlardan da öndə daha səviyyəli birinciliklərdə çıxış edən futbolçularımızın sayının artmasıdı. Əlbəttə, həmin oyunçuların komandalarında əsas heyət üzvü olması da önəmlidi. Son vaxtlar bu baxımdan irəliləyiş hiss olunur. Təsadüfi deyil ki, az qala hər sayımızda xaricdə top qovan təmsilçilərimiz haqda xəbərləri diqqətinizə çatdırırıq.
Araz kubokda mərhələyə sevindi
Cənubi Kipr kubokunda 1/8 final mərhələsinə start verilib. “Anortosis” dünən evdə 1-ci divizionda 7-ci yerdə gedən “Ayia Napa”ya 3:2 hesabı ilə qalib gəlib. Son zamanlar məhsuldar çıxışıyla seçilən Araz Abdullayev oyuna start heyətində başlayıb.
Tərəflər arasındakı cavab oyunu yanvarın 17-də rəqibin meydanında keçiriləcək.
Bu arada yayda “Qəbələ”dən Abdullayevi 1 illiyə icarəyə götürən “Anortosis” futbolçuya tam hüquqla yiyələnmək istəyir. Bunun üçün “ağ-göylər” “qırmızı-qaralar”a 150 min avro ödəməyə hazırdı. Xatırladaq ki, yarımmüdafiəçi 2016-cı il dekabrın 31-də “Neftçi”dən “Qəbələ”yə keçib və bölgə təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.
Nazarov məyus oldu
Qış hazırlığını davam etdirən “Ertsgebirge” növbəti yoxlama oyununu keçirib. Dmitri Nazarovun şərəfini qoruduğu komanda dünən Belçika təmsilçisi “Ostende” ilə qarşılaşıb. Oyun rəqibin xeyrinə yekunlaşıb – 0:2.
Nazarov qarşılaşmaya start heyətində başlayıb.
Rüfət Dadaşov yüksəlir
Son 3 mövsümdə Almaniya regional liqasında məhsuldarlığıyla seçilən Rüfət Dadaşov, nəhayət, yüksək liqada oynamaq imkanı əldə edib. Cari mövsüm çıxış etdiyi çempionatda bütün regionlar üzrə 20 qolla şəriksiz lider olan hücumçu mövsümün ikinci yarısını 3-cü bundesliqada keçirə bilər. Robert Prosineçkinin yığmamızdan perik saldığı forvardın xidmətində “Sportfreunde” maraqlıdı. Bu klub Dadaşovun şərəfini qoruduğu “Dinamo” ilə danışıqlara başlayıb. Hamadi Əl-Qadduini “Regensburq”a satan “Sportfreunde” hücum xəttində yaranan boşluğu 26 yaşlı forvardla doldurmaq niyyətindədi. Rüfət peşəkar karyerasına start verdiyi 2012/13 mövsümündən indiyədək regional liqada 50 qola imza atıb. Bunun da 42-si son 3 mövsümə təsadüf edib. Dadaşov 2015/16 mövsümündən etibarən məhsuldar çıxış edir. “Almaniya”da 10 qola imza atan Rüfət ötən mövsüm “Möyzelvits”də 12 dəfə rəqib qapılarından top keçirib. Cari “futbol ili”ndə isə təkcə mövsümün ilk yarısında 20 qolla çıxış etdiyi çempionata damğa vurub. Həmyerlimizi transfer etmək istəyən Lotte təmsilçisinin 3-cü bundesliqada 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşdığını da nəzərinizə çatdıraq.
Dəniz karyerasını yox, pulu düşünür
Prosineçki milliyə Dadaşovu yox, Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan Dəniz Yılmazı çağırırdı. Yığmamızda qol hesabını açmayan hücumçunun klub karyerası da enişdədi. “Bursaspor”un transferə çıxardığı forvard komandasının Antalya toplanışından kənarda qalıb. Maraqlıdı ki, Yılmazı indi oyun praktikasını qazanıb, yenidən yüksəlmək yox, alacağı pul daha çox maraqlandırır. Türkiyə mətbuatının yazdığına inansaq, superliqada mübarizə aparan “Gənclərbirliyi” və 1-ci dəstədə çıxış edən “Ərzurumspor BB”dən təklif alan Dəniz “timsahlar”dakı maaşının yarısından da az məvacibə oynamaq istəmədiyindən bu çağırışlara “yox” deyib. Hücumçu qış fasiləsində hansısa komandayla anlaşmasa, çox güman, “Bursaspor”un əvəzedici heyətində gününü keçirib, müqavilədə göstərilən maaşını alacaq. Maraq üçün onun mövcud anlaşmasının müddətinin 2019-da bitəcəyini qeyd edək.
Baş məşqçi Fərid Nəbiyevə lider gözüylə baxır
Başını aşağı salıb, “Slaviya”nın U-21 komandasında futbolunu oynayan 18 yaşlı Fərid Nəbiyev başqa gənc oyunçularımıza örnək göstərilə bilər. Məhz onun parlaq çıxışı fonunda Çexiya klubu “Qəbələ” Futbol Akademiyasının daha iki üzvünü – Amin Seydiyevlə Rövlan Muradovu sınaqdan keçirir. Hələ ki “ağ-qırmızılar”a keçdikdən sonra mətbuata müsahibə verməyən və bütün diqqətini futbola ayıran Nəbiyev qış fasiləsindən sonra komandasının liderinə çevrilə bilər. Hər halda, “Slaviya”nın əvəzedici heyətini çalışdıran Pavel Rehak belə düşünür:“Komandaya xeyli yeni oyunçu gəlib. Onlar arasında əcnəbilər də var. Heyətdə 10 millətdən futbolçu yer alıb. Bizim ehtiyat qüvvəmiz çoxdu. Yeni futbolçular fərqli mühitdən gəlib. Əvvəlki komandalarında başqa atmosferdə idilər. Hərdən mənə elə gəlirdi ki, uşaqlar topu özlərində çox saxlayır və fərdi oyuna üstünlük verirlər. Topu itirdikdən sonra reaksiya göstərməkdə gecikirdilər. Bir daha qeyd etməliyəm ki, yeni gələnlər başqa mühitə öyrəşdiklərindən bizim ab-havaya uyğunlaşmalıdılar. Çoxu Balkan ölkələrindəndi, yalnız Fərid Nəbiyev Azərbaycandan gəlib. Gənclər Liqasındakı yerimizi qorumaq istəyirik. Bu bizim hədəfimizdi. Oyunumuzu getdikcə daha da yaxşılaşdırmalıyıq. Söz verirəm ki, hazırkı futbolçular qışda fiziki formalarını yaxşılaşdırıb, daha hazır vəziyyətdə olacaqlar. Biz qışa qədər iki səbəbə görə bəzi oyunlarda məğlub olurduq. Biri təcrübəsizlik, digəri isə fiziki çatışmazlıqdı. Fikrimcə, hazırkı heyətdə bəzi futbolçular çox istedadlıdılar. Bu mənada Andrey Sinteanla Fərid Nəbiyevi fərqləndirə bilərəm. Düşünürəm ki, onlar komandanın liderləri olacaqlar və oyunu bu futbolçuların üzərində quracam”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR