Sizin reklam burada

“Araz” qələbə ilə başladı

Baxış Sayı:651

“Araz” qələbə ilə başladı
UEFA Futzal kuboku
Əsas mərhələ, 8-ci qrup
Araz (Azərbaycan) – Mostar (Bosniya və Hersoqovina) 5:2 (3:1)

Araz: 1. Rövşən Hüseynli, 3. Tyaqo, 6. Eduardo, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev; 12. Emin Kürdov, 5. Qabriel, 15. Vilela, 10. Maykon, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 18. Ramil Quliyev, 9. Oqtay Rüstəmli.
Baş məşqçi: Joze Alesio da Silva.
Mostar: 1. Stanislav Qliç, 2. Saşa Babiç, 5. Deyan Pavloviç, 7. Daniel Marinyo de Souza, 10. Mario Aladziç (k); 12. Franyi Sezar , 3. Tarik Dzemiç, 4. Kristian Radin, 6. Mirko Hrkaç, 9. Nermin Kahvedziç, 11. Yosip Boşkoviç, 14. Vladan Vesiç, 16. Haris Kaytaz, 17. Samir Kosta.
Baş məşqçi: Daniel Marinyo de Souza.
Qollar: Tyaqo, 1 (1:0). V.Vesiç, 15 (1:1). X.Bağırov, 16 (2:1). Maykon, 20 (3:1). İ.Atayev, 21 (4:1). Maykon, 26 (5:1). M. Aladziç, 35 (5:2).
Vərəqələr: M. Hrkaç, 11. Maykon, 14 – sarı.
Hakimlər: Tomaş Frak (Polşa), Kiril Naişouler (Finlandiya), Şota Kukilava (Gürcüstan).
11 oktyabr. Deva. İdman Sarayı.
UEFA Futzal kubokunda ölkəmizi təmsil edən “Araz” əsas mərhələ çərçivəsində mübarizəyə start verdi. Naxçıvanlılar dünən ilk oyunda “Mostar”la qarşılaşdı. Oyunun axarı haqda xəbər verməzdən öncə bir məqama toxunaq. “Araz” oktyabrın 9-da Bakı-İstanbul-Kluj reysiylə Rumıniyaya yollanıb, ordan da 170 kilometrlik yolu avtobusla qət etməklə mənzil başına çatıb. Komanda Deva şəhərindəki 4 ulduzlu “Germisara” otelində məskunlaşıb. Dünən “Araz”ın düşərgəsiylə əlaqə saxladıqda məlum oldu ki, bizimkilər, ümumiyyətlə, qrupun bütün iştirakçıları təşkilatçılıqdan narazıdı. Naxçıvan təmsilçisiylə birgə Rumıniyaya yollanan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov klubların UEFA-ya şikayət etmək niyyətində olduğunu bildirdi: “Klujdan Devaya 170 kilometrlik yoldu, həmin məsafəni 3 saata avtobusla getdik. Halbuki qaydaya görə, hava limanı yarışın keçirildiyi şəhərdən 60 kilometrdən artıq uzaqlıqda olmamalıdı. Otellə zal arasında məsafə 60 kilometrdi. Ayın 9-10-dakı məşqlər üçün 4 saat vaxtımız gedib. Problem təkcə yolun uzaqlığı ilə bağlı olsaydı, göz yumardıq. Yarışın keçirildiyi məkan bizim məktəblərin idman zalına oxşayır. Paltardəyişmə otaqları da səliqəsiz, pis vəziyyətdədi. Başa düşmürəm, bu zalı UEFA necə qəbul edib axı? UEFA nümayəndəsi özü də razı qalmamışdı. İştirakçılar, o cümlədən də biz quruma şikayətimizi bildirmək niyyətindəyik. Yekun protokola qeydlər edəcəyik”.
Oyuna gəlincə, Joze Alesio da Silvanın start heyətində 3 yerli, 2 braziliyalı futzalçıya yer verməsi qeyd olunmalıdı. Bu, son illərdə adət etdiyimiz mənzərənin əksidi. Adətən, ilk “5-lik”də “milliləşən” legionerlər çoxluq təşkil edirdi. Bu dəfə isə Rövşən Hüseynli, Rizvan Fərzəliyev və İsa Atayev Tyaqo və Eduardo ilə birgə meydana çıxmışdı. Düzdü, hesabı Tyaqo açdı. O artıq 25-ci saniyədə Eduardonun ötürməsindən sonra bosniyalıların qapısına yol tapdı. Aşkar üstün olan “Araz” sonrakı dəqiqələrdə qol vəziyyətlərini sağa-sola xərcləməyin əziyyətini çəkdi. Rəqib 15-ci dəqiqədə hesabı bərabərləşdirdi. Vesiç naxçıvanlıları məyus etdi. Ancaq bosniyalıların sevinci uzun çəkmədi. Cəmi 56 saniyə sonra Xətai Rizvanın ötürməsini qola çevirdi. İlk yarının başa çatmasına 8 saniyə qalmış isə Maykon fərqi 2 topa çatdırdı.
“Araz” ikinci hissəyə də məhsuldar başladı. Hakimin start fitindən 14 saniyə sonra İsa Tyaqonun yaratdığı imkandan maksimum faydalandı. 26-cı dəqiqədə isə Maykon dublunu rəsmiləşdirərək, fərqi 4 topa çatdırdı. “Mostar” yalnız 35-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirən qolu vura bildi - 5:2.
Beləliklə, komandamız yarışa qələbə ilə start verdi. “Araz” növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 17:30-da Malta çempionu “Luksol”a qarşı keçirəcək. Yeri gəlmişkən, dünən həmçinin qrupun digər qarşılaşmasında meydan sahibi “Deva” maltalıları 3 cavabsız qolla məğlub edib.
“Araz”ın baş məşqçisi Joze Alesio da Silva oyunla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə fikirlərini bildirib: “Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Qarşılaşmanın videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxlu qol imkanından yararlana bilmədik. Bu da qarşıdakı oyunlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR