Sizin reklam burada

Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi

Baxış Sayı:223


“Mən oynanılmadan verilən çempionluğu istəmirəm”
Ölkə futbolunun gələcəyi, yəni çempionatın bərpası hər nə qədər qeyri-müəyyən görünsə də, müəyyən işıqucu var. Nazirlər Kabineti yanında Opertaiv Qərargahın idman zallarının açılması və idmanın bərpası ilə bağlı məsələyə baxacağı, premyer-liqa təmsilçilərinin koronavirus testindən keçməsi və ən əsası, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun klub rəsmilərini başına yığıb videokonfrans təşkil etməsi boşuna ola bilməz. Çox güman, ən qısa zamanda xoş xəbər eşidiləcək.
Amma eyni sözləri futzala şamil edə bilmərik. Orda da çempionat yarımçıq dayandırılıb, finişə 8 tur qalıb. Kifayət qədər də gərgin mübarizənin getdiyini deyə bilərik. Di gəl ki, futzalın adını dilinə gətirən yoxdu. Halbuki bu idman növü üzrə çempionatın bərpası üçün də təlim-məşq toplanışı təşkil olunmalıdı. Hazırlıqla çempionat görüşləri və pley-offu üst-üstə gələndə xeyli vaxt edir. Təəssüf ki, bir neçə gün əvvəlki videokonfransda futzal diqqətdən kənarda qaldı.
Heç şübhəsiz, yaranmış vəziyyət parket üstündə top dığırladan idmançıları da narahat edir. Onlar da darıxır, gələcəklə bağlı məsələdən narahatdılar. Belələrindən biri yığmanın vitse-kapitanı, “Araz”ın təcrübəli qapıçısı Rövşən Hüseynlidi. Rövşənlə söhbətdə futzal mövzusundan söz açdıq: “Ölkədəki və idmandakı son məlumatları əldə etmək üçün hər gün saytları və sosial şəbəkələri izləyirəm. Dediyiniz videokonfransdan da xəbərdaram. Açığı, məşqlərin bərpa olunacağına böyük ümid bəsləyirdim. İki aydan çoxdu evdəyik, kollektiv məşqlərdən uzaq düşmüşük. Halbuki formaya düşmək üçün məşq etməliyik.
Bilirsiz, mən heç vaxt futbolla futzalı ayırmamışam. Ona görə də videokonfransda futzalla bağlı müzakirələrin aparılmamasına təəccüblənmədim. İdman növü kimi fərqli olsalar da, bu cür qərarlar zamanı hər ikisinə eyni gözlə baxıldığını düşünürəm. Bu gün çempionatın ilk pilləsində qərarlaşmışıq. Lakin mən oynanılmadan verilən çempionluğu istəmirəm. Tək mən yox, komanda yoldaşlarım da belə olmasını istəmir. Hamımız çempionatın bərpasının tərəfdarıyıq. Çempionatda 8 oyun qalıb, üstəlik, pley-off görüşləri. Hər nə qədər sıx qrafiklə oynasaq da, azı bir ay lazım olacaq. Amma bütün komandaların belə fiziki yüklənməyə necə dözəcəyini deməkdə çətinlik çəkirəm.
Bilirsiz, nə düşünürəm? Çempionat oyunlarına toxunmadan, yəni 8 tur keçirilmədən birbaşa pley-off mərhələsinə keçmək olar. Onsuz da ilk “dördlük”də qərarlaşan komandaların, yəni “Araz”, “Marafon”, EKOL və “Neftçi”nin gücü hamıya məlumdu. Lap çempionat keçirilsə də, “dördlük”də bu komandaların yer alacağı inandırıcı görünür. İndiyə qədər necə olubsa, çox güman, bundan sonra da o cür olacaq. Mövsümün yarımçıq dayandırılmasındansa, pley-offun keçirilməsi daha yaxşı olar. Nə olur-olsun, çempionatın bərpasının tərəfdarıyam. Həm oyuna çıxaq, həm də idmansız qaldığımız günləri bu yolla “sığortalayaq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR