Sizin reklam burada

Həvəskar klub “Qəbələ”nin loqosunu oğurladı

Baxış Sayı:441


Anar Hacıyev: “Şikayət etmək fikrimiz yoxdu”
Türkiyə Həvəskarlar Liqasında çıxış edən və əsası 2017-ci ildə qoyulan “Maltəpə Fındıklıspor” son iki gündə Azərbaycan idman mediasında əsas müzakirə mövzularından biri oldu. Yox, “Maltəpə Fındıklıspor”un bizim ölkəyə heç bir aidiyyatı yoxdu. Orda nə azərbaycanlı futbolçu oynayır, nə də klubun rəhbərliyində bizimkilərdən kimsə yer alıb. Sadəcə, İstanbul təmsilçisinin loqosu “Qəbələ”nin loqosu ilə çox oxşardı. Türklər, demək olar ki, bir rəng dəyişməklə (qaranı göy rənglə əvəz ediblər) və loqonun üzərinə öz yaranma tarixini həkk etməklə “qırmızı-qaralar”ın loqosunu mənimsəyiblər. Azərbaycanlı azarkeşlər buna etiraz olaraq “Maltəpə Fındıklıspor”un “feysbuk” səhifəsinə şərhlər yazsalar da, İstanbul təmsilçisi fanatları blok edib. Azərbaycanlıların səhifəyə girişinə məhdudiyyət qoyulub.
Bəs görəsən, “Qəbələ” tərəfi türklərin plagiat əməlinə necə münasibət göstərir? Məsələ ilə bağlı harasa şikayət etmək fikirləri varmı? “Qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacıyevin reaksiyası belə oldu: “Dünyanın bir çox ölkələrində həvəskar komandalar özlərinə loqo seçəndə tanınmış, heyətində məşhur futbolçular çıxış edən klubların loqolarının oxşarını yaradırlar. Bununla bir növ özlərini onlara bənzətmək istəyirlər. “Maltəpə Fındıklıspor” da görünür, özünü “Qəbələ”yə oxşatmaq istəyir. Loqoya baxanda da bilinir ki, özlərinə əziyyət vermədən, yaradıcılıqlarını işə salmadan cüzi dəyişikliklə bizdən yararlanıblar. Şikayət etmək? Açığı, belə fikrimiz yoxdu. Həvəskar komandadı, onlara nə deyək? Peşəkar klub olsaydılar, bəlkə də aidiyyatı qurumlara müraciət edib tədbir görərdik. İndiki halda, məncə, buna ehtiyac yoxdu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR