Sizin reklam burada

PFL daha bir videokonfransda iştirak edib

Baxış Sayı:302


Aprelin 24-də EPFL (Avropa Peşəkar Futbol Liqaları) üzvü liqaların nümayəndələrinin növbəti videokonfransı baş tutub. Görüşdə PFL-in də nümayəndəsi iştirak edib. Əsas müzakirə mövzusu UEFA-nın İcraiyyə Komitəsinin aprelin 23-də keçirilən iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək, orda gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər. Konfransa sədrlik edən qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirib ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci mayın 25-dək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İcraiyyə Komitəsinin verdiyi qərara əsasən tələb olunan tarixdi. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları iki şərtlə erkən tamamlana bilər:
1. Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
2. Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidi, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.
UEFA nəzdində fəaliyyət göstərən 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda işçi qrupun iki mümkün ssenari üzərində çalışdığı və çempionatları tamamlamaq üçün tarixin ən geci iyulun sonu, yaxud avqustun əvvəli nəzərdə tutulduğu bildirilib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 klub yarışlarını avqust boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyətindədi. Ancaq bu, hər bir halda son variant deyil və işçi qrup mayın ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR