Sizin reklam burada

“Oriel Park”da ilk yaşanacaq

Baxış Sayı:364

“Oriel Park”da ilk yaşanacaq
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

Dandolk (İrlandiya) – Qarabağ
Hakimlər: BARTOŞ FRANKOVSKİ, Marçin Bonyek, Yakub Vinkler, Daniel Stefanski (hamısı Polşa).
Hakim-inspektor: Peter Froydfeldt (İsveç).
UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq).
24 iyul. Dandolk. “Oriel Park” stadionu. Saat 22.45
“Qarabağ” sabah Çempionlar Liqasında növbəti sınağına çıxacaq. Qurban Qurbanovun komandası “Dandolk”la münasibətlərinə aydınlıq gətirəcək. İndiyədək İrlandiyanın heç bir klubunun təmsilçilərimizlə yolları kəsişməyib. Bu üzdən “Oriel Park”da ilk yanşanacaq. Ümid edək ki, irlandlarla ilk dueldə sevinən tərəf biz olacağıq. Onu da qeyd edək ki, hər iki komanda mübarizəyə Çempionlar Liqasının birinci təsnifat mərhələsindən başlayıb. “Köhlən atlar” sözügedən mərhələdə Albaniya “Partizani”sini yolundan kənarlaşdırdı. Tiranada keçirilən qarşılaşmada qapılara qol vurulmadısa, Bakıdakı görüşdə ağdamlılar 2:0 hesabı ilə qalib gəldi. “Qarabağ”ın heyətində Filip Ozobiç və Dani Kintana fərqləndi. “Dandolk” isə 1-ci təsnifat mərhələsində Latviya “Riqa”sını yolundan kənarlaşdırdı. Bu komandalar arasında istər İrlandiyada baş tutan ilk görüşdə, istərsə də Latviyadakı cavab matçında qapılara qol vurulmadı. İkinci görüşdə əlavə vaxtda da tərəflərdən heç biri fərqlənə bilmədi. Belədə qalib penalti seriyasında müəyyənləşdi. 7-ci cəhdə qədər uzanan “lotereya”da 5:4 hesabı ilə üstün olan “Dandolk” növbəti mərhələyə adladı və “Qarabağ”ın rəqibi oldu.
UEFA oyunu Polşadan olan hakimlər briqadasına həvalə edib. Əsas referi Bartoş Frankovskinin 32 yaşı var. O, 2014-cü ildən FİFA referisidi, indiyədək 44 beynəlxalq oyun idarə edib. Bu matçlarda 12 penalti (8-i meydan sahiblərinin, 4-ü qonaqların xeyrinə) təyin edib, 11 qırmızı (5-i meydan sahiblərinə, 6-sı qonaqlara), 178 sarı (88-90) vərəqə göstərib. Üç il öncə U-17-lərin ölkəmizdə keçirilən Avropa çempionatının final mərhələsində bir sıra oyunlara təyinat alıb. O cümlədən də açılış matçı olan Azərbaycan - Portuqaliya görüşünə. Həmin oyunda 0:5 hesabıyla uduzmuşduq. Vərəqə də olmamışdı, penalti də. Bu baxımdan Frankovskiyə bizim üçün uğurlu referi deməyimiz mükünsüzdü. Ümid edək ki, “Dandolk” – “Qarabağ” görüşündən sonra polşalı FİFA referisi haqda daha fərqli fikirlər səsləndirəcəyik.
Cütün favoriti “Qarabağ”dı, bunu irlandlar özləri də etiraf edir. Özü də bu “köhlən atlar”ın başının altına yastıq qoymaq üçün deyilən sözlər yox, reallıqdı. Əslində ötən saylarımızda İrlandiya çempionuna, xüsusən bu komandanın avrokuboklardakı çıxışına toxunmuşuq. Qısaca xatırladaq ki, ölkəsində 13 dəfə çempion, 11 dəfə kubokun qalibi olan “ağ zambaqlar” 60-cı illərdən başlayaraq, qitəmiqayaslı turnirlərdə mübarizə aparır. Lakin ÇL, AL və Kuboklar Kubokundakı oyunların cəmi 70-ə çatmır. Hansı ki, 1996-cı ildə avrokuboklarda debüt edən “Qarabağ”da bu rəqəm 100-ü keçib. Əksər hallarda avrokubok həyəcanı erkən bitən “Dandolk” yalnız bir dəfə - 2016-cı ildə Avroliqada qrup həyəcanı yaşayıb. “Köhlən atlar” isə 6-cı belə uğura doğru gedir. Özü də əvvəlki uğurların arasında ÇL-in qrupu da var. Heyətlərin müqayisəsinə gəlincə, bu baxımdan da “Qarabağ”ı üstün saymaq olar. İrlandiya klubunun heç bir futbolçusu yığma üzvü deyil. Bundan başqa, legionerləri də azdı və olanların da əksəriyyəti Şimali İrlandiyadandı. Qurban Qurbanovun sərəncamında isə avrokubok təcrübəsi yetərincə çox olan futbolçular yer alıb. Üstəlik, Ağdam təmsilçisi yeni transferlərini də sifariş edib. Qalır sadaladığımız üstünlükləri meydanda əks etdirmək. İnanaq ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməklə hədəfinə doğru daha bir önəmli addım atacaq.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR