Yığmanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya ilə qarşılaşacağını nəzərə alan PFL premyer-liqanın 21-ci turunda iki oyunun vaxtını dəyişməyi lazım bilib. Daha dəqiq desək, çempionatın təşkilinə cavabdehlik daşıyan qurum martın 16-da keçirilməli olan “Səbail” – “Qarabağ” və “Zirə” – “Keşlə” matçlarının da digər iki görüş kimi bir gün öncə, yəni martın 15-də keçrilməsinə qərar verib. Bir sözlə, 3-cü dövrənin son qarşılaşmalarının hamısı eyni gündə baş tutacaq.
Bir gündə premyer-liqada 4 görüşün keçirilməsi isə çempionatın yayın hüququna sahib olan “CBC Cport” üçün problem yaradıb. Texniki imkanlarına görə telekanal yalnız iki oyunu tamaşaçıların ixtiyarına canlı verəcək ki, bu da ilk “dördlük”də yer alan klubların qarşıdurmasıdı. Əvvəlcədən tərtib olunan proqrama əsasən “CBC Sport” “Neftçi” – “Qəbələ” və “Səbail” – “Qarabağ” görüşlərindən canlı yayın təşkil edəcək. “Sabah” – “Sumqayıt”, “Zirə” – “Keşlə” matçları isə “oyundankənar vəziyyətə” düşmək məcburiyyətindədi. Bu komandaların azarkeşləri sevimlilərinin oyunu izləmək üçün ya stadiona yollanmalı, ya da 90 dəqiqənin nəticəsini mediadan öyrənməlidi.
Bəs bu vəziyyəti necə yüngülləşdirmək olar? Bu yerdə ağla gələn ilk variant PFL-di. Qurum onsuz da qış fasiləsindən sonra öz “yutub” kanalı vasitəsilə birinci divizionun əksər qarşılaşmalarından canlı yayın təşkil edib. Həmin oyunlarda şərhçi olmasa da, görüntü heç də “CBC Sport”dakından zəif deyil. Əksinə, PFL-in çəkilişləri daha effektli və baxımlı olur. Görəsən, Aslan Şahgəldiyev və komandası belə məqamda futbolsevərlərin köməyinə gələcək? Bu suala cavab tapmaq üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy “Zirə” və “Keşlə” azarkeşlərini sevindirəcək xəbəri bizimlə bölüşdü: “Premyer-liqada bütün qarşılaşmaların eyni gündə keçiriləcəyini və “CBC Sport”un yalnız iki oyundan canlı yayın təşkil edəcəyini nəzərə alıb, biz “yutub” kanalımızda “Zirə”- “Keşlə” matçını yayınlayacağıq”.
RƏŞAD