Premyer-liqada 20-ci turun son oyunu Sumqayıtda keçirildi. “Kapital Bank Arena”da çempionatın lideri “Neftçi” ilə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sumqayıt” üz-üzə gəldi. Adətən, liderlə autsayder arasında keçirilən görüşlərə maraq elə də böyük olmur. Ancaq bəzən müəyyən istisnalar olur ki, “Sumqayıt” – “Neftçi” görüşündə bir daha bunun şahidi olduq.
“Kapital Bank Arena”ya qonaq axını
Bazar günü “Kapital Bank Arena”nın VİP-lojasında daha kimlər yox idi?! Əsas yığmanın baş məşqçisi Nikola Yurçeviç xanımı və AFFA-dan onları müşayiət edən şəxslərlə, U-21-in çalışdırıcısı Milak Obradoviç köməkçiləriylə, Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik komitədə yer alanlarla birgə Sumqayıta qonaq gəlmişdi. AFFA-nın baş katibi Elxan Məmmədovun müavini Sərxan Hacıyev də istirahət gününü futbola həsr etmişdi. Adını çəkdiklərimizdən başqa “Neftçi”nin rəhbərliyi də, demək olar ki, böyük nümayəndə heyəti ilə matçı izləmək üçün “gənclər şəhəri”nə təşrif buyurmuşdu. Qeyri-rəsmi mənbələrdən əldə etdiym məlumata görə, ümumilikdə qonaqlar üçün nəzərdə tutulmuş “skay-box”da 28 şəxs 90 dəqiqənin hansı hesabla başa çatacağını böyük səbirsizliklə gözləyirmiş.
Ötən ildən başlayan intriqa
Ötən mövsümün gedişində Kamran Quliyevlə Ceyhun Sultanovun “Sumqayıt”ı yarıyolda buraxıb “Neftçi”yə “transfer olunmasını” sumqayıtlı azarkeşlər hələ də unutmayıblar. Və bu üzdən “ağ-qaralar”ın Sumqayıta hər səfəri böyük ajiotaj doğurur. Hətta “kimyaçılar”ın bəzi azarkeşləri Quliyev və Sultanovun ötənilki addımının əvəzi kimi “hamıya uduzmaq olar, Neftçi”yə yox” devizini əldə tutaraq, həftəboyu “kimyaçılar”ın futbolçularından yalnız qələbə istəyirdilər. Fanatlar ölkə kubokunun 1/4 final mərhələsində paytaxt təmsilçisini mübarizədən kənarlaşdırmaqla “ağ-qaralar”a ağır zərbə vuran sevimlilərindən yeni qəhrəmanlıq gözləməklə yanaşı, həm də qış fasiləsindən sonra ilk qələbənin sevincini yaşamaq istəyirdilər.
Gözəl oyuna kölgə salan hakim
Oyunun istirahət gününə, münasib vaxta salınması da yerinə düşmüşdü. Stadiona gələn hər kəs baxımlı oyuna şahidlik edəcəyini düşünürdü. Əslində elə də oldu. Ancaq baş hakim Rəşad Əhmədovun 90 dəqiqə boyunca “çıxardığı hoqqalar” hər şeyə kölgə saldı. Artıq görüşün əvvəlindən hiss olunurdu ki, gənc referi oyuna nəzarəti əlində saxlaya bilməyəcək. İlk yarımsaatda hər iki komandanın qapısına təyin olunmayan penaltilər, ard-arda göstərilən sarı vərəqələr həm meydanda top qovanları, həm texniki zonada əyləşənləri, həm də tribunada oturanları özündən çıxarmışdı. Əhmədov sanki “qabağıma çıxana vərəqə verəcəm” devizi ilə hərəkət edirdi. Bəlkə də kimsə düşünə bilər ki, gənc referi “sərt hakimlər” kateqoriyasına aiddi və heç kimə güşəzt etməyəcəyini ilk dəqiqələrdən göstərmək istəyirdi. Ancaq heç də belə deyildi. Sadəcə, Əhmədov özünü itirdiyindən, oyunun ipini əldən verdiyindən, təzyiqə tab gətirmədiyindən tez-tez əlini cibinə atırdı. Rail Məlikovla Əli Babayevin heç nədən, durduqları yerdə qarşısında vərəqə görməsi də məhz bu məqamla bağlı idi. Əhmədovun Mehdi Cənnətovu meydandan qovması doğru qərar kimi qəbul olunsa da, “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasovun texniki zonadan bir neçə santimetr kənara çıxdığına görə ağır cəzalanmasını heç də birmənalı qarşılamaq olmaz. Qaydalar hamı üçündüsə, ondan gərək “Neftçi”nin məşqçilər korpusu - başda Roberto Bordin olmaqla - Abbasovdan daha öncə meydandan kənarlaşdırılaydı. Belə ikili satandartlara görə də sumqayıtlı azarkeşlər Rəşad bəyin ünvanına nalayiq ifadələr işlətməklə yadda qaldılar. Bu yerdə həmişə söylədiyim bir fikri növbəti dəfə təkrarlamaq istəyirəm: “bizim hakimlər qaydaları bilirlər, ancaq futbolu yox”. Futbolu bilib, futbolçularla münasibət qurmağı bacarsalar, nə özlərini pis vəziyyətdə qoyarlar, nə də azarkeşlərin qəzəbinə tuş gələrlər.
Turalın tərbiyəsizliyi
Tural Axundovun ötən mövsümün gedişində “Sumqayıt”ın futbolçusu ola-ola, “Neftçi” ilə anlaşmasını da yerli azarkeşlər hələ unutmayıb. Onun 2017/18 “futbol ili”nin son turlarında zəif təsir bağışlaması, meydana çıxdığı oyunlarda tam güclə oynamaması hələ ötən il “gənclik şəhəri”ndə böyük söz-söhbətə səbəb olmuşdu. Bu üzdən də Axundov hər dəfə Sumqayıta gələndə azarkeş təzyiqi ilə üzləşir, ünvanına xoşagəlməz ifadələr işlədilir. Srağagün keçirilən görüş də bu mənada istisna olmadı. Əvvəlki qarşılaşmalarda əsəblərini qoruyub, eşitdiklərinə reaksiya verməyən müdafiəçi bazar günü özündən çıxdı. Oyun başa çatandan sonra onu söyənlərə “matçdan sonra söhbət edərik” mesajı verən Axundov, bu azmış kimi, paltardəyişmə otağına aparan dəhlizdə nalayiq ifadələr işlətməklə “ağ-göylər”in futbolçularını özündən çıxardı. Yaxşı ki, həmin an dəhlizdə polislər var idi. Asayiş keşikçiləri vaxtında olaya müdaxilə etməsəydi, böyük ehtimalla, tərəflər arasında kütləvi dava-dalaş yaşanacaqdı. Davanın səbəbkarı isə meydan sahiblərinin ünvanına qeyri-etik ifadələr səsləndirən Axundov olacaqdı.
Narahat klub rəsmiləri və operativ işləyən Sumqayıt polisi
Matçdan sonra yaşananlar hər iki klubun rəhbərliyini də narahat etmişdi. Bu üzdən istər Riad Rəfiyev, istərsə də Kamran Quliyev futbolçularını sakitləşdirmək üçün araya girib tərəflər arasında sülhün bərqərar olmasına çalışdılar. Yeri gəlmişkən, “Neftçi”nin prezidenti və idman direktoru son anadək komandanın yanında olmağı özlərinə borc bildilər ki, sonradan hansısa qanqaraçılıq olmasın. Sumqayıt polisi də təhlükəsizlik baxımından operativ addımlarla yadda qaldı. Hakim idarəçiliyindən narazı qalan, məğlubiyyəti həzm etməyən fanatları çox mədəni formada stadiondan uzaqlaşdıran asayiş keşikçiləri qonaqların və hakimlər briqadasının arenanı sərbəst şəkildə tərk etməsinə şərait yartdılar.
RƏŞAD