Hollandiyanın ikinci liqasında 28-ci turun oyunları keçirilib. Gənclərdən ibarət yığmamızın üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” doğma meydanda “Roda”nı yenib - 1:0. Ziyanın adı iştirak ərizəsinə daxil edilməyib. “Neymegen” 39 xalla 11-ci pillədə qərarlaşıb. Rusiya premyer-lqasında 19-cu turun oyunları keçirilir. Ramil Şeydayevli “Krılya Sovetov” doğma meydanda Krasnoyarsk “Yenisey”ini darmadağın edib - 4:0. Şeydayev 80-ci dəqiqədə oyuna qoşulub. Komandasının sonuncu qolunu da məhz Ramil vurub. Millimizin üzvü 81-ci dəqiqədə fərqlənib. Bu, Şeydayevin Rusiya premyer-liqasında 2-ci qoludu. Hazırda “Krılya Sovetov” 21 xalla 13-cü pillədə qərarlaşıb.
Qazaxıstan çempionatında isə yeni mövsümə start verilib. Emil Balayevin formasını geydiyi “Tobol” ilk matçını doğma meydanda “İrtış”a qarşı keçirib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0. Start heyətində meydana çıxan Balayev sonadək oynayıb. Yığmamızın üzvü rəsmi debütü ilə bağlı təəssüratını bölüşüb: "Cari mövsümə çox ciddi hazırlaşırdıq. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, mənə elə gəlir ki, oyun yetərincə ağır alındı. Futbolçular baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışırdılar. Belə atmosferdə oynamaq möhtəşəm idi. Ümid ediirk və inanırq ki, azarkeşlər gələcəkdə də bizi belə dəstəkləyəcəklər".
“Tobol”un baş məşqçisi Vladimir Qazzayevi dinləməyə dəyər: “Emilin oyununu çox yüksək dəyərləndirirəm. Qapıçı üçün kifayət qədər gənc sayılacaq bir yaşda olsa da, inamlı və keyfiyyətli çıxış edir. Emil çox yaxşı məktəbə malikdi. Bu gün də olduqca etibarlı oynadı. Komandamızda faktiki iki əsas qapıçı var. Sultan Busurmanov da yaxşı vəziyyətdədi. Yaxın gələcəkdə legioner limiti ilə bağlı müəyyən dəyişikliklər edə bilərik. Busurmanov hazırlıq müddətini əla keçirdi. Qazaxıstan futbolu üçün yaxşı gələcəyi olacağına əminəm. Bu gün daha yaxşı vəziyyətdə olan Emilə start heyətində yer verdim. Özləri ilə söhbətdə də demişəm ki, hər ikisinə əsas qapıçı kimi baxıram”.
Almaniyanın 2-ci bundesliqasında 25-ci turun oyunları keçirilib. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” doğma meydanda “Paderborn”u 2:1 hesabı ilə məğlub edib. Nazarov 83-cü dəqiqədə oyuna qoşulub. “Ertsgebirge” hazırda 32 xalla 10-cu pillədə qərarlaşıb. Almaniyanın 3-cü bundesliqasında isə 27-ci turun oyunları baş tutub. Rüfət Dadaşovlu “Proyssen” səfərdə Kotbus “Enerji”sinə uduzub - 0:3. Rüfət 80-ci dəqiqədə meydana çıxıb. Onun komandası 38 xalla səkkizincidi.
Latviya çempionatında yeni mövsümə start verilib. Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının heyətində yer aldığı “Dauqavpils” doğma meydanda “Metta” ilə qarşılaşıb və qələbəyə sevinib - 1:0. Vüqarla Tural start heyətində meydana çıxıb. Bayramlı sonadək meydanda olduğu halda, Əsgərov 1-ci uzatma dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Əsgərov həmçinin 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. Onun sevinməsinə qapıçı imkan verməyib. Tural isə 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Amma o, bundan 3 dəqiqə öncə vurulan yeganə qolun ötürməsini verməklə diqqət mərkəzinə düşüb. Elvin isə 73-cü dəqiqədə oyuna qoşulub.
Türkiyənin 1-ci liqasında 25-ci turun oyunları keçirilir. Ufuk Budakın “Boluspor”u səfərdə U-21 yığmamızın üzvü Ozancan Kökcünün şərəfini qoruduğu “Girəsunspor”a uduzub - 1:3. Ufuk oyunu əvəzlənmədən keçirdiyi halda, Ozancanın adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. “Boluspor” 35 xalla 9-cu, “Girəsunspor” isə 26 xalla 14-cü pillədə yer alıb.
Bosniya və Hersoqovina premyer-liqasında 22-ci turun oyunları reallaşıb. Amit Quluzadəli “Çelik” evdə “Qoşk”u 3:1 hesabı ilə yenib. Futbolçumuz bu görüşün iştirakçısı olmayıb. “Çelik” 28 xalla 8-ci yerdədi.
İspaniya sequndasında 29-cu turun oyunları keçirilir. Eddi İsrafilovun formasını geydiyi "Alkorkon" səfərdə "Rayo Mayadahonda"ya uduzub - 0:2. Eddi 90 dəqiqəni əvəzedilmədən keçirib. "Alkorkon" 42 xalla 10-cu pilləsində qərarlaşıb.
Portuqaliya sequndasında isə Renat Dadaşovun şərəfini qoruduğu “Eştoril” 25-ci tur çərçivəsində "Gimaraeş"in ikinci komandasını qəbul edib. Amma 1:0 hesablı qələbədə futbolçumuz pay sahibi olmayıb. Renatın adı görüşün iştirak ərizəsinə salınmayıb. "Eştoril" 44 xalla 3-cü pillədəki mövqeyini qoruyub.