
Riad Rəfiyev bu gün Zakir Mahmudovla görüşəcək
62 yaşlı mütəxəssis akademiyaya futbolçu seçəcək
Ötən saylarımızda uzun illər istər futbolçu, istərsə də məşqçi kimi ölkə futboluna xidmət edən Zakir Mahmudovun güzəranının ağır olduğunu, işsiz qaldığından ailəsinin dolanışığını təmin etmək üçün metal yığıb satdığını xəbər vermişdik. Həmin yazı futbol ictimaiyyəti arasında geniş əks-səda doğurdu. Vaxtilə onunla birgə top qovmuş, bir komandada çalışmış veteran futbolçular, mütəxəssislər, media nümayəndələri Mahmudova yardım etmək üçün əməli addımlar atmaq barədə fikirləşirlər.
Sumqayıtlı veterana “Sumqayıt” klubu da biganə qalmayıb. “Kimyaçılar”ın prezidenti Riad Rəfiyev yazı ilə tanış olduqdan sonra klub rəsmilərinə Zakir bəylə əlaqə saxlamaq və bazar ertəsi (bu gün) klubun ofisinə dəvət etməklə bağlı tapşırıq verib. Kluba yaxın mənbədən əldə etdiymiz bilgiyə əsasən, “ağ-göylər”in başbilənləri 62 yaşlı mütəxəssisə seleksiyaçı-məşqçi işini tapşıracaq. O, bundan sonra akademiyaya futbolçu seçəcək.
RƏŞAD