Sizin reklam burada

Yurçeviç 23 futbolçu çağıracaq, yeni adlara güvənəcək

Baxış Sayı:409

Yurçeviç 23 futbolçu çağıracaq, yeni adlara güvənəcək
“Rəqibin Xorvatiya olması mənim özümə də xüsusi motivasiya verir”
“Sumqayıt”la “Neftçi” arasındakı gərgin oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviç də var idi. Stadiona xanımı ilə təşrif buyuran xorvat çalışdırıcı fasilədə suallarımızı cavablamağa etiraz etmədi. Berti Foqts və Robert Prosineçki kimi xələfləri ilə müqayisədə olduqca mehriban və ünsiyyətcil olan Yurçeviç Xorvatiya ilə matç ərəfəsində bəzi məqamlara aydınlıq gətirdi.
- Növbəti oyunlardan birini izlədiz. Premyer-liqanın səviyyəsi xoşunuza gəlir?
- Çox görüşləri canlı izləmişəm. Təxminən 8-9 oyun deyərdim. “Qarabağ”, “Neftçi”, “Səbail”, “Keşlə”, “Sumqayıt”, “”Zirə” – demək olar, bütün komandaları və futbolçuları iş başında görmüşəm. Turnir cədvəlindən də göründüyü kimi, ən güclü komandalar çempionluğa oynayan “Neftçi”ylə “Qarabağ”dı. Maraqlıdı odu ki, xal fərqində rəqibləri qabaqlasalar da, heç bir oyunda asan qələbə qazana bilmirlər. Hətta bir çox hallarda xallar itirirlər. Oyunlar olduqca çətin keçir. Dünən “Qarabağ”la oyunda “Zirə”nin futbolçuları məni yaxşı mənada təəccübləndirdi. İndiki qarşılaşmada da “Sumqayıt”lı futbolçuların çıxışını bəyənirəm. “Neftçi” liderdi, “Sumqayıt” autsayder. Amma siz meydan sahiblərinin sərgilədiyi oyuna baxın.
- Əsas məsələ. Xorvatiya ilə oyun üçün heyəti nə vaxt açıqlayacaqsız?
- Yaxın 2-3 gündə siyahıda kimlərin olacağını biləcəksiz.
- 21-ci turun oyunlarını gözləməyə gərək duymursuz?
- Vaxtımız çox azdı. İndidən adlar açıqlanmalıdı ki, işə başlayaq. Ona görə də siyahı daha erkən açıqlanacaq.
- Amma 21-ci turda hansısa futbolçu dubl müəllifi ola, het-trik edə bilər...
- Oyunçuya bir oyuna görə qiymət verməyin tərəfdarı deyiləm. İzlədiyim bir neçə matçda diqqətimi kimlər çəkibsə, onları dəvət edəcəm. Bəzən elə olur ki, hansısa futbolçu yaxşı oynayır, qol vurur, ötürmə verir. Ancaq növbəti görüşdə gözə dəymir. Belə hallar da olur.
- Sərəncamınızda neçə futbolçu olacaq?
- 3-ü qapıçı, 20-si sahə oyunçusu olmaqla 23 nəfər çağıracam.
- Yeni adlar görmək imkanımız olacaq?
- Bir neçə yeni ad olacaq.
- 2-3 nəfər?
- (gülür) Bunu deyə bilməyəcəm. Desəm, biləcəksiz. Onu diqqətinizə çatdırım ki, bəzi yeni adlar olacaq. Yeni adlar deyəndə, son vaxtlar yığmaya dəvət almayanları deyirəm. Onsuz da yerli futbolçuların sayı azdı, seçim imkanımız kasaddı. Özünüz də görürsüz ki, komandalarda çox sayda legionerlər top qovur.
- Martın 21-dəki oyunda hədəf nə olacaq?
- Bizim üçün çətin olacaq. Xorvatiya son dünya çempionatının finalçısıdı, bunu unutmamalıyıq. Buna baxmayaraq, yaxşı oyunla sərfəli nəticə qazanmaq gücündə olduğumuzu düşünürəm.
- 0:0, 1:1...?
- Heç-heçə bizim üçün fantastik nəticə olar. Xal qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Xorvatiya millisi haqda kifayət qədər məlumatlıyam. Onların günü olanda dünyanın ən yaxşılarından biri kimi oynayırlar. Bəzən də onların günü olmur. Ona görə də imkanlardan yararlanmağa çalışmalıyıq.
- Belə bir fikir var ki, Xorvatiya yığması millimizə məhz həmyerlilərinin rəhbərlik etdiyini nəzərə alıb bizimkilərə güzəşt edəcək. Daha az qol vurmağı nəzərdə tuturam...
- (gülür) Unutmayaq ki, bu oyunun mənim üçün də xüsusi əhəmiyyəti var. Karyeramda yığmanın baş məşqçisi kimi debüt edəcəm. Üstəlik, həmyerlilərimin önündə, vətənim Xorvatiyada, evimdən cəmi 1 kilometr aralıda. Ona görə də rəqibin Xorvatiya olması mənim özümə də xüsusi motivasiya verir. Rəqibə hörmətlə yanaşsaq da, qorxmuruq. 100 faiz əminəm ki, yaxşı oyun göstərəcəyik.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR