
“Futbol+” etiraz etdi, FlashScore.com səhvini düzəltdi
Futbolsevərlərin günün hesablarını öyrənmək üçün üz tutduğu qaynaqlar sırasında soccerstand, livescore ilə yanaşı, flashscore.com da var. Əliyar Ağayevin bu tur Yunanıstan çempionatının PAOK – “Atromitos” oyununu idarə edəcəyini bildiyimdən, maraq üçün həmin ölkənin səhifəsinə də daxil oldum. Nə görsəm, yaxşıdı?! Şəkildən də göründüyü kimi, ünlü hesab saytı oyunun hakiminin ad-soyadını Aliyev A. kimi göstərmişdi, həm də guya referi Qazaxıstanı təmsil edir. Bəndənizin etiraz məktubundan sonra səhvi qismən düzəltdilər. Yəni referinin Qazaxıstandan yox, Azərbaycandan olduğunu göstərdilər. Sadəcə, qəzet çapa gedənə qədər soyadını hələ də Əliyev kimi saxlamışdılar. Düzdü, sonradan həmin səhvi də aradan qaldırdılar. Maraq üçün onu da nəzərinizə çatdıraq ki, Əliyar dünən idarə etdiyi oyunda meydan sahiblərinin qələbəsini (3:0) qeydə almaqla yanaşı, ümumilikdə 5 sarı, 1 qırmızı vərəqə göstərib. Qonaq futbolçulardan Bruno 90-cı dəqiqədə ikinci “sarı”ya görə meydandan qovulub.