“Qarabağ” sıradan komanda deyil ki, topa tutasan”
"Qarabağ"la oyunun ən yaxşısı "Zirə"nin qapıçısı Kamal Bayramov idi. Komandasını bir neçə dəfə qoldan xilas edən qolkiper oyundan sonra jurnalistlərin suallarını cavabladı. Kapitan əvvəlcə son çempionla qarşılaşmanı dəyərləndirdi.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Üç-dörd gün öncə mətbuata açıqlamamda demişdim ki, bu oyuna əvəz çıxmaq üçün çıxırıq. Komanda qələbəyə köklənmişdi. Bizə qalib gəlmək sərf edirdi. Qol imkanlarımız da oldu, ancaq dəyərləndirə bilmədik. Buna baxmayaraq, səfərdə “Qarabağ”dan 1 xal almaq pis nəticə deyil. Səmimi deyirəm ki, bura qələbə üçün gəlmişdik.
- Bu gün ən yaxşı oyunlarından birini keçirdin. Bu nə ilə bağlı idi: mükafata və ya milliyə görə, yoxsa sırf əvəz çıxmaq hissi?
- Mükafatla millinin oyunuma bağlılığı yoxdu. Oyundan-oyuna inkişaf etmək istəyirik. Çoxdan idi ki, oynamırdım. Hər oyun inkişaf etməyim yaxşıdı. Ötən matçdakı səhvləri düzəltməyə və növbəti qarşılaşmalarda daha da yaxşı çıxış etməyə çalışıram. Xüsusi motivasiyaya ehtiyac yoxdu. “Qarabağ”ın adı elə motivasiyadı.
- Avropa Liqasına iddianız davam edir?
- Çalışdığımız budu. Avropa Liqasına düşmək istəyirik. Bunu zaman göstərəcək. Komanda 5 oyundu uduzmur. Gözəl seriyadı. Maksmimum şəkildə xallar qazanmağa çalışacağıq.
- Potensialınız buna imkan verir?
- Komandamız inkişafdadı. Potensialımız da imkan verir. Biz bunu bacara bilərik. Xallar çox məsafə açmayıb. Ora düşmək üçün imkan var.
- “Səbail”ə “Qəbələ” ilə oyunda uğurlar arzulamaq istəyirsən?
- Kim güclüdüsə, o da qalib gəlsin.
- Qeyd etdiyin kimi, 5 oyundu uduzmursuz. Buna baxmayaraq, hələ də son pillələrdən qurtula bilmirsiz.
- Mövsümün ilk yarısı ilə bugünkü oyunumuz arasında böyük fərq var. Üçüncü dövrədə komandalar heyətlərini gücləndirdi. Heç kim yerində saymadı. Pis nəticə deyil, 5 oyundu uduzmuruq. Sadəcə, qələbə qazanmalıyıq. Növbəti oyunlarda buna nail olarıq. Digər komandalara fikir vermirik. Öz oyunumuza diqqət yetiririk. Udmuruqsa, uduzmayaq.
- Komanda bu gün əks-hücumlarda effektli deyildi. Hücumda probleminiz var?
- Xeyr, hücum xəttində problem yoxdu. Elə bir problem görmürəm. “Qarabağ” oturuşmuş heyətə malik olan komandadı. Sıradan komanda deyil ki, istədiyin vaxt əks-hücumda yaxalayasan və ya topa tutasan.
MİRAĞA