Sizin reklam burada

Samir Abasov “Qarabağ”a badalaq vurdu

Baxış Sayı:813

Samir Abasov “Qarabağ”a badalaq vurdu
78. Qarabağ (Ağdam) – Zirə 0:0
13. Vaqner da Silva – 5,0
77. Vild-Donald Gerye – 5,0
(25. Ansi Aqolli, 46) – 6,0
4. Rahil Məmmədov – 5,5
55. Bədavi Hüseynov – 5,0
5. Maksim Medvedev (k) – 5,0
2. Qara Qarayev – 5,5
20. Riçard Almeyda – 5,0
11. Mahir Mədətov – 5,5
19. Filip Ozobiç – 6,0
10. Dani Kintana – 6,5
99. Reynaldo – 5,0
(17. Abdulla Zubir, 46) – 6,0
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
12. Şahruddin Məhəmmədəliyev
6. Simeon Slavçev
7. İnnosent Emeqara
9. Araz Abdullayev
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana

85. Kamal Bayramov (k) – 6,5
88. Tellur Mütəllimov – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
27. Adrian Skarlatake – 5,5
2. İlkin Qırtımov – 5,5
11. Dilan Duventru – 5,5
38. İlkin Muradov – 5,5
(3. Budaq Nədirov, 78) – qiymətsiz
23. Mfo Kqasvane – 5,5
9. Aleksandr Dedov – 5,0
(6. Vüqar Mustafayev, 58) – 5,0
91. Bilal Həmdi – 5,0
(26. Miloş Radivoyeviç, 86) – qiymətsiz
20. İsmael Fofana – 5,5
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
8. Kamal Mirzəyev
10. Sadio Tounkara
17. Robin Nqalande
18. Xulio Sezar Rodriges
39. Sadiq Quliyev
62. Abdulla Seyidəhmədov
77. Mirsahib Abbasov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Kamal Bayramov
Vərəqələr: T.Mütəllimov, 56 (qeyri-idman hərəkəti). B.Nəsirov, 83 (qeyri-idman hərəkəti). M.Mədətov, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABAROV, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
9 mart. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Zirə”ni “Qarabağ”ın “peyki” adlandıranlar, yəqin ki, “Tofiq Bəhramov”dakı oyundan sonra kirli dəlillərini zibil qabına atmalı olacaqlar. Əlahəzrət statistika şeytan baxışları ilə hələ də boylansa belə. Premyer-liqada baş tutan 15 oyunun heç birində Ağdam təmsilçisinə qalib gələ bilməyən “Zirə” Qurban Qurbanovun komandasına bu ərəfədə badalaq vurmaqla körpüləri (vardısa) yandırdı. Bəribaşdan hər iki komandaya gözəl oyuna görə təşəkkür edib keçək reportaja...
Oyun kəşfiyyatsız başladı. Artıq 2-ci dəqiqədə qonaqlar “Qarabağ”ı həyəcanlandırdı. Fofana Bilalın cinah ötürməsini penalti nöqtəsinin üstündən qapıya göndərə bilmədi, ayağı-ayağına dolaşdı. Bir dəqiqə sonra Geryenin vuruşuna son anda müdafiəçi ayaq qoydu. İlk real qol vəziyyəti isə 11-ci dəqiqədə “Zirə”nin qapısı qarşısında yaşandı. Kintananın sağdan asmasını Ozobiç uçaraq başla “çərçivəy”ə ünvanlasa da, Kamal ayıq-sayıq davrandı və topu ram etməyi bacardı. Növbəti həmlə Samir Abasovun yetirmələrindən gəldi. Cinahda Bilalla paslaşan Dedov topu qapı qarşısına göndərdi ki, burda Kqasvane yıxılaraq topa çatmağa çalışsa da, istəyinə nail olmadı. İlk yarı barədə nə deyə bilərik? “Zirə” güclü pressinq tətbiq etməklə “Qarabağ”ı topsuz qoya, hücumlarını poza bilirdi. Müdafiədən sürətlə çıxmağı bacaran qonaqlar yalnız rəqibin cərimə meydançasında effektsiz idi, son nöqtəni qoyan tapılmırdı.
Komandasının ilk yarıdakı oyunundan razı qalmayan Qurban Qurbanov ikinci hissəyə iki dəyişikliklə başladı. Reynaldo və Geryeni oyundan alan təcrübəli mütəxəssis Zubirlə Ansini döyüşə atdı. Belədə Mahir hücumun sivri ucuna keçdi. Əvəzetmələr özünü göstərdi və “Qarabağ” fasilədən sonra üstünlüyü tam ələ aldı, kəsərli hücumlar qurmağa başladı. 51-ci dəqiqədə məhz Zubir cinah keçidini qapıya zərbə ilə tamamladı. Topa yaxın dirəyin dibində toxunan Kamal onun qapı xəttini keçməsinə əngəl oldu. 62-ci dəqiqədə Mahirin cinahdan qapı qarşısına hava ötürməsinə Kamal barmaqlarının ucu ilə toxunaraq zərbənin istiqamətini dəyişə bilməsəydi, Kintana topqarışıq tora daxil olmağa hazır idi. 70-ci dəqiqədə iki gözəl hərəkətə şahidlik etdik. Zubirin cinah ötürməsini başla uzaq küncə ünvanlayan Kintananın sevinməsinə Kamal mükəmməl seyvlə əngəl oldu. Ara-sıra əks-hücuma çıxan “Zirə” 72-ci dəqiqədə rəqibi həyəcanlandırdı. Fofananın zərbəsi dirəkdən döndü. Ancaq qol olsaydı belə, hesaba alınmayacaqdı. Çünki forvard ötürməni qəbul edərkən azacıq öndə - ofsaydda idi. 80-ci dəqiqədə isə Mahir topu qapıdan keçirsə də, hakim bir an öncə fitini səsləndirmiş, Ozobiçin cərimə meydançasında Qırtımova qarşı kobud oynadığını işarə etmişdi. 74-cü dəqiqədə Ansinin zərbəsini Bayramov kornerə çıxara bildi. Dəqiqələr sona yaxınlaşdıqca xal qazana biləcəyinə inamı artan Samir Abasov müdafiənin önünü, cinahını bir qədər də bərkitməklə “Qarabağ”ın hücumlarının kəsərini zəiflətdi və beləliklə, “Zirə” çoxlarının gözlədiyinin əksinə, güclü rəqibindən xal almağı bacardı. Üstəlik, qəsəbə təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdıraraq, son 5 turda 9-cu xalını qazandı.
MİRAĞA

Gözdən qaçmadı
* İki ay əvvəl güclü külək nəticəsində dam örtüyü sıradan çıxan Tofiq Bəhramov adına Respublika stadionunun çardağı hələ də açıqdı. Baxmayaraq ki, arenanın direktoru hələ bir müddət əvvəl örtüyün bərpası üçün xaricdən mütəxəssis çağırdıqlarını, işə başladıqlarını və problemin tezliklə həllini tapacağını demişdi.
* Mərkəzi arenada internet yox idi. Deyəsən, cavabdehlər şənbə günü stadionda oyun olacağını bilmirdilər. Meydan sahibi komandanın rəsmilərinin uzun çabasından sonra internet problemi həllini tapdı.
* Formasının qolunda “Topaz” sözünü silib top şəklini saxlayan, stadionda baner yerləşdirməyən “Qarabağ”, deyəsən, “daşı ətəyindən töküb”. Hər halda, “Tofiq Bəhramov”da “Topaz”ın reklam lövhələri diqqətimizdən yayınmadı.
* Tablo yaxşı işləmirdi. İşıqlar bir-birinə qarışırdı. Qapıların arxasındakı tablolardakı proqram təminatı da çox zəifdi, vaxt göstərilmirdi.
* Hakimin ikinci hissəyə cəmi iki dəqiqə əlavə etməsi etirazla qarşılandı. Rəşad Sadıqovun Rəvan Həmzəzadəyə yaxınlaşaraq narazılıq bildirməsi diqqətdən yayınmadı.
* Oyundan sonra Ansi Aqolli “Qarabağ” azarkeşlərinin yer aldığı tribunaya yaxınlaşıb onlarla uzun-uzadı vidalaşdı. Tərəfdarlar da albaniyalını alqışlarla yola saldılar. Ancaq oyunsonrası mətbuat konfransında aydın oldu ki, ABŞ-a köçməyə yaxın olan müdafiəçi azı hələ bir həftə də ləngiyəcək.

Reaksiyalar
Samir Abasov: “Əsas odu ki, məğlub olmadıq. Belə komandalarla oyunda uduzmamaq digər matçlar üçün stimul verir. İlk hissədə yaxşı oynadıq, bütün cəhdlərdə rəqibi üstələdik. İkinci hissədə isə rəqibin təzyiqindən sonra “oturmalı” olduq. Fürsətlərimizdən istifadə edə bilmirik. Üzülmürük, yaxşı nəticə əldə etmişik. Bundan sonra daha da yaxşı çalışacağıq. İnanıram ki, biz ən yaxşılardan yox, ən yaxşı olacağıq”.
Qurban Qurbanov: “Hər iki komanda bir hissə yaxşı oynadı. Komandalar bir xala layiq idi. Xallarımızın üstünə 1 xal da əlavə olundu. “Zirə” son 3 matçda tam fərqli oynayır. Hücumlarımız oldu, lakin qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq. Təbii ki, qış fasiləsindən sonra keçirdiyimiz oyunların yarısında xal itirdiyimizə görə narahatıq, bu hiss həmişə var. Hətta qalib gəldiyimiz matçlarda da. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün gərək daha çox xal toplayasan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çempion olmaq mümkündü. Mahir Mədətovun Yuinanıstan AEK-indən təklif aldığı ilə bağlı xəbərləri mən də eşitmişəm. İki ildi belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib. Ansi Aqolli azarkeşlərlə vidalaşdı? O gedir ki (gülür). Düzdü, ona təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındı gündəmdədi. Aqolli hamımızın sevimlisidi. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR