Sizin reklam burada

“Ağsu” Rüfət Quliyevin köməkçisinə tapşırılıb

Title
“Ağsu” Rüfət Quliyevin köməkçisinə tapşırılıb
Rəşad Kərimov: “Onun işindən narazı olmağımız mümkün deyil”
Ötən saylarımızdan birində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyevin postundan getdiyini xəbər vermişdik. O, evdə “Səbail-2”yə 3:4 hesablı məğlubiyyətdən sonra istefa verib. Məlum olduğu kimi, cari mövsümdə bölgə təmsilçisi özünə bənzəmir, 17 oyundan sonra cəmi 10 xal toplayıb. Bu göstərici ilə hazırda 14 komanda arasında 13-cü pillədədi. “Ağsu” turnir cədvəlində yalnız “Zirə-2”ni qabaqlayır. Bütün bunlar isə Quliyevin istefa qərarna təsirsiz ötüşməyib.
Bəs görəsən, komandanın “sükan”ı kimə tapşırılacaq? Bölgə təmsilçisinin icraçı direktoru Rəşad Kərimovla əlaqə saxladıq: “Rüfət müəllim öz istəyi ilə komandadan ayrıldı. Hələ ki o posta kimin təyin olunacağı ilə bağlı rəhbərlik qərar verməyib. Hazırda köməkçi-məşqçi Arif Rizvanov komandanı hazırlaşdırır. Yəqin ki, rəhbərlik yaxın zamanda baş məşqçi məsələsi ilə bağlı qərar verəcək. Düzü, mövsümün sonuna qədər Arif müəllimlə davam edilib-edilməyəcəyini deyə bilmərəm. Rəhbərlik belə qərar versə, o cür də ediləcək. Biz də gözləyirik. Rizvanov tək deyil, bizim uşaq futbolunda çalışan, çempion olduğumuz heyətin kapitanı olmuş Zaur Əsədov da ona kömək edir”.
Rəşad bəy “Ağsu”nun uğursuzluğunun səbəblərini belə izah etdi: “Bildiyiniz kimi, Rüfət müəllim 2012-ci ildən – klub yarandığı gündən burdadı. Hələ o vaxt açıqlama vermişdim ki, əsas məqsədimiz Ağsu futbolunun inkişafı ilə bağlıdı. Quliyevin vaxtında biz həmişə divizionda iddialı klub olmuşuq. Çempionluq sevinci yaşamışıq, bir dəfə gümüş, iki dəfə bürünc medal qazanmışıq. Sözsüz, bütün bu uğurlarda Rüfət müəllimin əməyi çox böyükdü. Ona görə də bizim onun işindən narazı olmağımız mümkün deyil. Sadəcə, son vaxtlar limitlə bağlı çətinliyimiz yarandı. Biz lazım olan, yaxşı futbolçuları götürə bilmirik. Bildiyiniz kimi, əvəzedicilər də bu mövsüm birinci divizionda mübarizə aparır. Həmin komandaların premyer-liqa klublarına məxsus olduğunu nəzərə alsaq, yaxşı oyunçular orda cəmləşmişdi. Nəticədə biz kənarda qalan, daha zəif futbolçuları götürüb çempionata başladıq. Bundan başqa, gənc futbolçular çalışır ki, paytaxt komandalarında oynasınlar. Göz qabağında olmaq, elita klublarının diqqətini çəkmək istəyirlər. Bu üzdən futbolçular Bakı təmsilçilərinə üz tuturlar. Bu elə turnir cədvəlindən də görünür. “Zaqatala” istisna olmaqla, başqa bölgə komandaları aşağı pillələrdə yer alıb. “Ağsu”, “Kəpəz”, “Turan Tovuz”... Halbuki Gəncə ilə Tovuzun futbol şəhəri olduğunu, daim oyunçu yetişdirdiyini nəzərə alsaq, onlar bizdən daha yaxşı vəziyyətdədi. Bütün yaş qrupları var. Amma bizim o şəraitimiz yoxdu. Ağsuda bu komanda yaranana qədər futbol olmayıb. Hazırda 4 yaş qrupumuz var. Əslində keçən il U-17 liqasında çıxış edən üç futbolçunu əsas komandaya qatmışıq. Belə deyək, bu bizim müsbətimizdi ki, futbolçu yetişdirə bilmişik. Daha aşağı yaş qruplarımız da var. Məqsədimiz də məhz budu ki, ölkə futboluna fayda verək. Sadəcə, birinci divizionda mübarizə zəif keçmir. Üzləşdiyimiz çətinlik bununla bitmir. Bildiyiniz kimi, elita klublarından istənilən an bir neçə oyunçu əvəzedicilərə qoşulur. Belədə həmin komanda istənilən rəqibdən üstün sayılır. Bu, şəxsi fikrimdi. Tutaq ki, Con Delarjla mənim hətta təcrübəli futbolçum eyni səviyyədə deyil axı”.
“Ağsu”nun icraçı direktoru “Səbail-2” ilə oyunun hakimliyindən də narazı qaldığını dilə gətirdi: “Son oyunun hakimindən (Rauf Allahverdiyevi nəzərdə tutur – F.) çox narazı qaldıq. Düzdü, onun işi haqda heç yerə şikayət etmədik. Ancaq çox bərbad idarəçilik idi. Hesabda 1:2 geri düşmüşük. Rəqibin qapısına penalti təyin olunmalıydı. Videosunu da qoyublar, baxa bilərsiz, oyunçu açıq əllə topu saxlayır. Penalti və qırmızı vərəqə rəqibin əleyhinə olmaqdansa, gəlib bizim futbolçunu meydandan qovur. Bilmirəm, o “qırmızı”ya səbəb nə idi, protokolda “hakimi təhqir etmək” göstərilib. Lakin onu deyim ki, Rüfət müəllimlə yolların ayrılmasında intizamsızlıq və ya başqa bu kimi amilin rolu olmayıb. Quliyev özü qərar verdi, bizimlə söhbətdə dedi ki, “yorulmuşam, uzun müddətdi qələbə qazanmırıq, uşaqlardan istədiyimi ala bilmirəm”. Peşəkar liqada oynayan futbolçulara yalnız taktiki məşqlər vermək olar. Futbolçu yetişdirməklə uşaq komandalarında, aşağı yaş qruplarında məşğul olurlar. Əsas komandanın şərəfini qoruyanlar artıq hazır olmalıdı. Bu kimi məqamlarda da çatışmazlıq olanda, nəticə əldə etmək olmur”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.