Sizin reklam burada

Yurçeviçin maaşı açıqlandı

Title
Yurçeviçin maaşı açıqlandı
Xorvat da premyer-liqanın təqviminə “əl gəzdirdi”
Qarşıda yığmanın toplanışı olacaq, milli həm rəsmi, həm də yoxlama oyunu keçirəcək. Bu qarşılaşmalarla, eyni zamanda Nikola Yurçeviçlə bağlı informasiyaları diqqətinizə çatdıraq.
İlinə 1 milyon avro
İcraiyyə Komitəsi Nikola Yurçeviçin təyinatını təsdiq etdiyi günün ertəsi xorvat mütəxəssis mətbuat konfransı keçirdi. Yığmanın baş məşqçisinə ünvanlanan suallardan biri onun maaşı ilə bağlı idi. Həmin vaxt Yurçeviç "maliyyə şərtlərini müqavilə bağlanandan sonra AFFA rəsmilərindən soruşa bilərsiz" cavabını vermişdi. Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə rəsmi müqavilə imzalanandan sonra maliyyə şərtlərinin ictimaiyyətə açıqlanacağını bildirmişdi. Artıq tərəflər rəsmi sənədə qol çəkib. Odu ki, dünən Firuz bəylə yenidən əlaqə saxladıq. Məlum oldu ki, Yurçeviç köməkçiləri ilə birgə ilə 1 milyon avro qazanacaq. Bu isə o deməkdi ki, təxminən 2 milyon manatın hamısı xorvata çatmayacaq. Bu məbləğdə köməkçiləri Mario Tokiç, Arif Əsədov və Dmitri Kramarenkonun da "payı var". Qeyd edək ki, Robert Prosineçki ilə də oxşar müqavilə imzalanmışdı. O da anlaşmada göstərilən 1,2 milyon avrodan müəyyən hissəni köməkçilərinə ödəyirdi. Göründüyü kimi, Yurçeviç həmyerlisindən daha az qazanacaq. Onu da bildirək ki, xorvat mütəxəssisin müqaviləsi "1+2 il" şərti ilədi. İlin sonunda tərəflər yenidən masa arxasına oturacaqlar. Maraq üçün qeyd edək ki, Qurban Qurbanovun ilə 204 min manat qazandığı deyilirdi.
Xorvat da öncəkilərdən fərqlənmədi
Yadınızdadısa, bir müddət öncə yığmanın qarşıdakı toplanışı ilə bağlı bir məqama toxunmuşduq. Söhbət millinin hazırlıq prosesinə görə premyer-liqanın 21-ci turunun "sürüşdürülməsindən” gedir. Əslində bu mövzuya toxunmağımız boşuna deyildi. Çünki Berti Foqtsun zamanında geniş vüsət alan, Robert Prosineçki ilə davam edən, Qurban Qurbanovun dönəmində də son verilməyən yerdəyişmə, "sürüşdürülmə" prosesinə Yurçeviçdə rast gəlməyəcəyimiz inandırıcı deyildi. Odu ki, "xorvat çalışdırıcı da özündən əvvəlkilərin yolu ilə gedəcək" sualını aktuallaşdırmışdıq. Lakin həmin vaxt AFFA-dan bu haqda hələ ki hansısa məlumatın olmadığını demişdilər. Ancaq çox keçmədən su axdı, çuxurunu tapdı. Bütün dünyanın getdiyi yoldan yenə imtina edildi. "Peşəkarlaşaq" arzusu elə başlanğıcdaca əhəmiyyətini itirdi. Belə ki, FİFA-nın "pəncərə"si ərəfəsindəki turda oyunların vaxtı dəyişdirildi. Məlum olduğu kimi, yığma AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də səfərdə Xorvatiya ilə qarşılaşacaq. Ayın 25-də isə milli Bakıda Litva ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qərarda deyilir ki, bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə rəsmi müraciət daxil olub. Orda yığmanın martın 16-dan təlim-məşq toplanışına başlamaq istəyi əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə premyer-liqanın 21-ci turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçlarının keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq millinin qarşıdakı oyunlara daha yaxşı hazırlaşması üçün PFL 21-ci turun oyunlarında dəyişiklik edib. Belə ki, “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları martın 15-nə keçirilib. Başqa sözlə, 21-ci turun qarşılaşmaları əvvəlcədən nəzərdə tutulduğu kimi cümə və şənbə günü yox, hamısı bir gündə - cümə günündə keçiriləcək. Bu da Yurçeviçli yığmaya görə ilk "sürüşdürmə". Xorvatın gəlişi ilə belə halların başa çatacağına ümid etsək də, necə deyərlər, güvəndiyimiz dağlara da qar yağdı.
Görüşlərə başladı
Yurçeviç premyer-liqa komandalarının baş məşqçiləri ilə də görüşəcəyini demişdi. Artıq xorvat bu yöndə ilk həmlələrini edib. O, “Qarabağ” və "Neftçi”nin bazasında olub. Millinin baş məşqçisi hər iki klubun çalışdırıcısı – Qurban Qurbanov və Roberto Bordinlə görüşüb. Görüş zamanı yığmaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görünür, Yurçeviç görüşlərə turnir cədvəlindəki sıralama ilə start verməyi məqsədəuyğun sayıb.
Plan bəllidi
Xorvatiya ilə oyunöncəsi millinin hazırlıq planı müəyyənləşib. Yığma martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki "Milli Komandaların Məşq Mərkəzi"ndə qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq komandamız Xorvatiya ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq. Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.
Dadaşov gələcək
Düzdü, heyətlə bağlı informasiyanın gələn həftə veriləcəyi deyilib. Ancaq ölkə xaricində top qovan oyunçulardan birinin dəvət aldığı artıq bəllidi. Bu, “Proyssen”nin (Almaniya) formasını geyən Rüfət Dadaşovdu. Yurçeviç onu yığmaya çağırıb. 27 yaşlı hücumçu martın 16-25-i aralığında millinin düşərgəsində yer alacaq. Dadaşov bu səbəbdən martın 23-də Münster təmsilçisinin 3-cü liqanın 30-cu turunda “Unterhahinq”lə ev oyununda komandasına kömək edə bilməyəcək.
"Xorvatiya heç vaxt konkret şəxslərdən aslı olmayıb"
Xorvatiya yığmasının müdafiəçisi Antonio Miliç qarşıdakı oyunlar haqda danışıb: "Seçmə mərhələnin startı ərəfəsində heyətdə itkilərin olması yaxşı hal deyil. Ancaq Xorvatiyada yüksək səviyyəli futbolçu yetərincədi. Son vaxtlar xüsusən də bir neçə müdafiəçimiz sıradan çıxıb. Bu üzdən həm mərkəzdə, həm də cinahlarda boşluq yaranıb. Ancaq mən eyni zamanda sol cinahda da çıxış edə bilirəm. Düşünürəm ki, hazırda milliyə dəvət alan futbolçular zədəlilərin yoxluğunu hiss etdirməyəcək. Çünki Xorvatiya heç vaxt konkret şəxslərdən asılı olmayıb, həmişə kollektiv oyun sərgiləyib. Bu heyət həm Azərbaycanı, həm də Macarıstanı məğlub edəcək gücdədi. Öz oyunumuzu sərgiləsək, bu matçlarda problem yaşamayacağımızı hesab edirəm. Seçmə mərhələyə 6 xalla start götürmək əla olar".
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.