İslam Abbasov forma satışından pul qazanırmış
Elxan Məmmədovun güvəndiyi adamlar bir-bir onu arxadan vurmaqdadı. Buna qədər “Neftçi”yə rəhbər təyin etdiyi Elnur Məmmədovla Orxan Hüseynzadə, həmçinin “Kəpəz”ə “səlahiyyətli səfir” təyin etdiyi Mikayıl Nərimanoğlu baş katibin güvənindən sui-istifadə etməklə yadda qalmışdı. Konkret faktlar açıqlanmasa da, hər birinin işində ciddi nöqsanlara yol verməsi və ən vacibi, maliyyə fırıldağına əl atması haqda xəbərlər dolaşırdı. Hər halda, səhvləri olmasaydı, fəaliyyətləri qısa zamanı əhatə etməzdi. Hər biri indiyə qədər işinin başında olardı. Ən əsası, bu gün də futbol sahəsində çalışardılar. Göründüyü kimi, adı çəkilənlərin hamısı futboldan uzaqlaş(dırıl)dı. Yalnız Orxan Hüseynzadənin dönüşünü qeyd edə bilərik ki, baş katib vaxtilə “silahdaşlarından” biri olan şəxsə Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsində sərd müavini vəzifəsini həvalə edib.
Mövzuya toxunmağımız əbəs deyil. Belə ki, uzun illərdi AFFA-dakı fəaliyyəti ilə məşğul olan birinin – İslam Abbasovun fırıldağının üstü açılıb. Sport7.az saytının yaydığı məlumata görə, uzun illərdi əsas yığmada baş inizbatçı, son ilyarımda “Kəpəz”də Müşahidə Şurasınınü üzvü, başqa cür desək, AFFA-nın adamı kimi çalışan Abbasov hər iki postdan kənarlaşdırılıb. “Niyə” sualına cavab tapmaq hələ ki müşkül məsələdi. Çünki səbəbkar Mikayıl Nərimanoğlunun yolu ilə gedərək, işlətdiyi telefonlarını söndürüb. Mətbuatdan uzaq gəzməklə aranın sakitləşməsini gözləyir. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə açıqlamasında Abbasovun “Kəpəz”dəki fəaliyyətindən xəbərsiz olduğunu deməklə yanaşı, yığmadan öz istəyi ilə ayrıldığını diqqətə çatdırıb. Ənənəvi üsul, işdən qovulanların “paxırını” açmamaq üçün seçilən yol olduğundan, onsuz da başqa açıqlama gözləmirdik.
Biz də “Futbol+” olaraq məsələ ilə bağlı məlumat əldə etmişik. Belə ki, İslam Abbasovun hər iki vəzifəsindən azad edilməsinin kökündə eşitməyə adət etdiyimiz pul yeyintisi durur. Assosiasiya rəhbərliyinin etibarından sui-istifadə edən bu şəxsin quruma konkret nə qədər pul “atdığını” dəqiqləşdirə bilməsək də, fırıldağın formalar və idman geyimləri ilə bağlı olduğunu öyrənə bildik. İslam bəy yığmalara ayrılan forma vəsaitindən özü üçün faiz ayırırmış. İşin üstü isə 2018-in hesabatını hazırlayarkən açılıb. Mənbə onu da bildirdi ki, Abbasovun bu işlə məşğul olduğu 1-ci, heç 2-ci il də deyilmiş. İllərdi sakit-sakit yeyirmiş, heç kimin də xəbəri yox imiş. Sadəcə, üstü bu dəfə açılıb. Məlumatda İslam Abbasovun xahişi ilə öncə əsas milliyə, daha sonra U-21-ə gətirilən Cavid Əhmədovun da xüsusi “pay sahibi” olduğu deyilir. Yəni “Kəpəz”in Müşahidə Şurasının sədri işi tək görmürmüş.
İnanmasaq da, ümid edək ki, adları sıralanan fırıldaqçılarla bağlı AFFA-nın səlahiyyətli şəxslərindən biri nə vaxtsa ağzını açıb danışacaq. Təbii ki, “pul quldurlarının” başında Elxan Məmmədovun dayanması haqda deyilənlərin təkzibini vermək istəyirlərsə...
HƏBİB