Sizin reklam burada

Xorvatlar yığmamızla oyuna ciddi yanaşır

Baxış Sayı:419

Xorvatlar yığmamızla oyuna ciddi yanaşır
Xorvatiyanın daha bir futbolçusu zədələnib. Söhbət "Ayntraxt"ın hücumçusu Ante Rebiçdən gedir. Dizindən zədə alan forvardın yığmamızla martın 21-dəki oyunu buraxacağı istisan olunmur. Maraqlıdı ki, xorvatların baş məşqçisi Zlatko Daliçi də bəzi problemlər narahat edir: "Bir neçə futbolçumuz oyun təcrübəsindən əziyyət çəkir, formada deyil. Bu hal heç də ürəyimcə deyil. Kifayət qədər problemlərimiz var. Amma hələ iki həftə də izləyəcəyik. Deyan Lovren tam hazırdı və tezliklə klubu "Liverpul"un heyətində meydana çıxmalıdı. O ilk oyunda iştirak edə bilməz, amma sağlamdı. Təəssüf ki, Şime Vrsalko seçmə mərhələnin bütün oyunlarını buraxacaq. O, zədə ucbatından 6 ay futbol oynaya bilməyəcək. O ki qaldı Lovre Kaliniçin durumuna, qapıçıları dəyişmək asan deyil. Kaliniç dünya çempionatında və Millətlər Liqasında uğurlu çıxış edib".
Daliç millimizlə qarşılaşmanı belə dəyərləndirib: "Azərbaycanla oyunda məhsuldar və hücumameyilli oyunçulara ehtiyacımız olacaq. Bütün variantları nəzərdən keçiririk. Azərbaycanı araşdırırıq və rəqibin zəif cəhətlərini öyrənməyə başlamışıq. Bunun üçün də yetərincə vaxtımız var. Əminəm ki, həmin oyunda düzgün yol tapacağıq. Oyuna ciddi yanaşsaq, böyük problem yaşamayacağıq. Həm Azərbaycan, həm də Macarıstan üzərində qələbə çox önəmlidi. Hər ikisi mübariz komandadı və müdafiə olunmağı bacarır. Xüsusən də macarlarla səfər matçının çətin olacağını düşünürəm. Biz hər şeyə hazırlıqlı olmalıyıq. Evdə Azərbaycan üzərində qələbə həm uğurlu başlanğıc, həm də Budapeşt səfərinə yüksək əhval-ruhiyyədə yollanmaq baxımından çox vacibdi. Dünya çempionatında ikinci yeri tutduğumuza görə seçmə mərhələdəki qrup kənardan bizim üçün asan görünür. Ancaq unutmayaq ki, Slovakiya, Uels və Macarıstan son Avropa çempionatının iştirakçılarıdı. Budapeştdəki matçı seçmə mərhələdə ən çətin oyunlarımızdan biri sayıram".
Onun köməkçisi İvitsa Oliçin fikirləri ilə də tanış olun: "Heyətlə bağlı problemlər bizi bəzi seçimlərə vadar etdi. Yetərincə zədəlimiz olsa da, Xorvatiya oyunçu sarıdan çətinlik yaşamamalıdı. Azərbaycan və Macarıstanla görüşlərdə hücumçularımızın üzərinə çox iş düşəcək. Çünki rəqiblərin bizə qarşı açıq futbol oynamayacaqları dəqiqdi. Bundesliqada çıxış edən Kramariç, Brekalo və Rebiçə ümidimiz böyükdü. Təbii ki, Perişiçin təcrübəsi də komandaya kömək edəcək. Ancaq fikrimcə, bizim üçün hər şeydən önəmlisi Modriçlə Rakitiçin formada olmasıdı. Onlar öz oyunlarını göstərdikləri zaman komandamızın hücumu daha güclü olur"
İndi isə xorvat futbolçuların fikirlərini diqqətinizə çatdıraq.
Marin Leovats: “Milliyə qayıtdığıma görə çox sevinirəm. Görünür, "Dinamo"dakı çıxışım baş məşqçini qane edib. Zaqreb klubu keyfiyyətlərimi üzə çıxarmağıma kömək etdi. Azarkeşlərin, komanda yoldaşlarımın və texniki heyətin tələblərini qarşılamaq üçün əlimdən gələni edəcəm. Azərbaycanla oyunda şans verilərsə, bacarığımı ortaya qoyacam. Təbii ki, hədəfimiz doğma azarkeşlər önündə qələbə qazanmaq və uğurlu başlanğıc etmək olacaq. Həm Azərbaycan, həm də Macarıstan ilə görüşdə xal itirmək olmaz".
Bruno Petkoviç: “Milliyə çağırılmaq keyfiyyətlərimi göstərmək baxımından mənim üçün əlavə motivasiya oldu. Yığmaya çağırılmaq böyük fəxrdi. Təbii, heç kimin zədələnməsini arzulamaram. Rebiç də bizim üçün vacib oyunçudu. Ancaq baş məşqçi mənə güvənsə, Azərbaycan və Macarıstanla matçlarda qol problemi yaşamarıq. Ən azı bunun üçün əlimdən gələni edəcəyimə söz verə bilərəm”.
Due Çaleta-Çar: "Yenidən yığmaya dəvət aldığım üçün çox şadam. Adımın daim siyahıya salınmasına çalışıram. Heyətimizdə bəzi itkilər var. Həmçinin bir neçə aparıcı oyunçu milli karyerasını bitirib. Bununla belə, Xorvatiya yığmasında ulduz futbolçular çıxış edir. Fikrimcə, zədəlilərin yoxluğu qarşıdakı oyunlarda hiss olunmayacaq. Çünki indiki heyət də Azərbaycanla Macarıstanı məğlub etməyə borcludu. Seçmə mərhələyə uğurla başlamaq istəyirik. Bu üzdən Azərbaycanla ilk matç çox önəmlidi. O ki qaldı mənə, baş məşqçi şans verərsə, özümü doğrultmağa çalışacam".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR