“Binanın damından başqa, müəyyən avadanlıqlara, inventarlara da zərər dəyib”
Xəbər verdiyimiz kimi, martın 2-də “Vətən”in 7-ci mikrorayondakı bazasında yanğın olub. Hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi güman olunur. Yanğndan dərhal sonra təhsil nazirinin müavini, “Sabah”ın Müşahidə Şurasının sədri olan Firudin Qurbanov da olay yerinə baş çəkib.
Fövqəladə Hallar Nazirliyinin bölmələri çağırışa əsasən hadisə yerinə özünü vaxtında çatdıraraq, yanğının qarşısını alıblar. Buna görə də hadisənin miqyası elə də geniş olmayıb. Təbii ki, “Vətən”ə maddi planda ziyan dəyib. Bəs ümumiyyətlə, futbol məktəbinə nə qədər ziyan dəyib? Bu suala aydınlıq gətirmək üçün “Vətən”in əlaqələndiricisi, təcrübəli məşqçi Təbriz Həsənovla əlaqə saxladıq: “Hadisə qısaqapanma nəticəsində baş verib. Yanğın yataqxananın damından başlayıb. Çünki damda naqillər var. Bundan başqa, bina qazlaşmayıb. Odu ki, yeganə versiya elektrik qısaqapanmasıdı. Yanğınsöndürənlər vaxtında özünü çatdırdığına görə yanğının geniş əraziyə yayılmasının, başqa tikililərə keçməsinin qarşısı alınıb. Sadəcə, dam zərər görüb. Dam örtüyü və tavan sökülüb. Həmin vaxt yataqxanada yeniyetmə futbolçulardan heç kim yox idi. Buna görə təxliyəyə də ehtiyac duyulmadı. Bazaya nə qədər ziyan dəydiyini indidən demək çətindi. Çünki hələ ekspertlər gəlib hesablama aparmayıblar. Bina sığortalıdı. Sığorta mütəxəssisləri gəlib detalları dəqiqləşdirəcəklər. Bundan sonra dəqiq rəqəm bəlli olacaq. Binanın damından başqa, müəyyən avadanlıqlara, inventarlara da zərər dəyib. Məsələn, həkim otağının tavanı yanarkən dərman deposu, bir başqa otaqda kompüter, yataq ləvazimatları sıradan çıxıb. Yanğın söndürülərkən həm də otaqları su basıb. Təbii ki, belədə ziyanın miqyasının artması anlaşılandı. Amma qeyd etdiyim kimi, sevindirici məqam odu ki, ölüm-itim yoxdu. Yəni xəsarət alan olmayıb.
Güman edirəm ki, məktəbə dəyən maddi ziyanın həcmi bir həftəyə, on günə müəyyənləşəcək. Bundan sonra sığorta edən qurum ödəniş edərək zərəri qarşılayacaq. Bu prosedurlar başa çatandan sonra isə binanın təmirinə start veriləcək”.
MİRAĞA