Rəşad Məmmədov: “Akademiyanın yeni rəhbəri Almaniyadan da ola bilər, Türkiyədən də”
Yaxın günlərdə "Sumqayıt"ın Futbol Akademiyasına yeni rəhbər təyin olunacaq . Bu haqda bilgini “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovdan aldıq: “Bildiyiniz kimi, "Sumqayıt" uşaq futbolunun inkişafı yönündə yeni mərhələyə qədəm qoyur. Belə ki, akademiyamızın inkişafı üçün klub rəhbərliyi daha ciddi addımlar atmağı planlaşdırır. Ölkə futbolu və şəhərin komandasının gələcəyi üçün bir çox layihələrimiz var. Məsələn, bir müddət əvvəl akademiyamızın əlaqələndiricisi və məşqçi heyəti Türkiyənin ən güclü futbol akademiyası sayılan “Altınordu”da təcrübə keçdi. Bu yöndə işlər davam etdirilir. Məhz uşaq futbolunun inkişafı üçün bir neçə vacib qərar qəbul etməyi planlaşdırırıq. Klubun prezidenti Riad Rəfiyev bu yöndə bir neçə layihənin həyata keçirilməsi üçün çalışır. Məşqçilərin bilik səviyyəsinin artırılması yönündə əcnəbi mütəxəssislər tərəfindən seminarlar təşkil ediləcək, Avropanın tanınmış klublarının iş prinsipləri akademiyamıza tədbiq olunacaq. Ümumi götürsək, qarşıdakı aylarda bir çox layihələr gerçəkləşdirməyi planlaşdırırıq. Akademiyanın məşqçilərinə seminar keçmək üçün türk mütəxəssis dəvət olunub. O artıq ötən həftənin cümə günü bazaya baş çəkib, şəraitlə tanış olub. Yaxın zamanlarda isə akademiyada yeni rəhbərin təyinatı gözlənilir. Bu yöndə işlər davam etdirilir".
Xatırlayırsızsa, üç il öncə “Sumqayıt” Futbol Akademyasına alman Frenk Bernard rəhbərlik edirdi. Onunla yollar ayrılandan sonra isə boş qalan post veteran futbolçu Aqil Məmmədova tapşırılmışdı. Bəs görəsən, yeni gələcək mütəxəssis hansı ölkədən olacaq? Rəşad bəy bu suala belə reaksiya verdi: “Hazırda sözügedən posta 4-5 namizəd var. Rəhbərlik onlar arasında seçim edir. Akademiyanın yeni rəhbəri Almaniyadan da ola bilər, Türkiyədən də. Böyük ehtimalla, qarşıdakı 10 gündə bu suala cavab tapılacaq. Bizim əsas məqsədimiz sumqayıtlı uşaqların düzgün inkişafıdı. Bu günə kimi akademiyanın fəaliyyətində müəyyən çatışmazlıqlar olub ki, buna görə də bəzi sumqayıtlı uşaqlar başqa klublara üz tutublar. Bu və başqa problemləri aradan qaldırmaq üçün əcnəbi mütəxəssisin təcrübəsindən yararlanmağı düşünürük”.
RƏŞAD