Yığmanın baş məşqçisi Nikola Yurçeviçin köməkçilərinin bilindiyini xəbər vermişdik. Xorvat çalışdırıcı həmyerlisi Mario Tokiç, həmçinin Arif Əsədov və Dmitri Kramarenko ilə birgə çalışacaq. Artıq qarşıdakı premyer-liqa matçlarında həm yığmanın baş məşqçisini, həm də köməkçilərini görəcəyik. Hər halda, millinin məşqçilər korpusu da vaxtın azlığını, məsuliyyətin isə ağırlığını anlayır.
Məlum olduğu kimi, yığma AÇ-2020-nin seçmə mərhələsinə martın 21-də start verəcək. Həmin gün əsas komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Tisklə startın nə qədər vacib olduğunu nəzərə alsaq, Zaqrebdəki matçın nəticəsi böyük önəm daşıyır. Doğrudu, son dünya çempionatının gümüş medalçılarından xal almaq ehtimalımız yox dərəcəsindədi. Ancaq futbolda sürprizlərin yaşandığını hər kəs bilir. Ümid edək ki, Novruz bayramı günlərinə təsadüf edəcək həmin oyunda komanda xalqımızı, azarkeşləri xalla təbrik edəcək. Ən pis halda əzmkar mübarizə və ya darmadağının olmaması ilə də təsəlli tapmaq olar. Lakin hansısa böyükhesablı məğlubiyyət və ya zaman-zaman millinin ifasında izlədiyimiz bərbad oyun tənqidləri artıracaq, Yurçeviç işin başındaca çətin duruma düşəcək. Digər tərəfdən xorvat mütəxəssisin təyinatı da çox yubandı. Belədə vaxt azaldı və bu istər baş məşqçinin, istərsə də komandanın əleyhinə işləyən amildi. Halbuki öncədən deyildiyi kimi, təyinat dekabrın sonu, yaxud da yanvarın əvvəlində gerçəkləşsəydi, Yurçeviçin futbolçuları tanıması üçün yetərli vaxtı olacaqdı. Üstəlik, bir neçə günlük toplanış təşkil etmək və sınaq matçı keçirmək də mümkün idi.
Ancaq hazırda oyuna 20 gündən də az vaxt qalıb. Bundan başqa, qarşıda premyer-liqanın 3 turu var. Belə çıxır ki, ən tezi yığma martın 17-də bir araya gələ bilər. Çünki ayın 15-i və 16-da çempionatın 21-ci turunun oyunları keçiriləcək. Bu isə o deməkdi ki, Yurçeviçin Xorvatiya ilə görüşə qədər komandanı yalnız 3-4 gün hazırlaşdırmaq imkanı olacaq. Qısa hazırlıq prosesindən sonra mundialın gümüş medalçılarına, heyətində dünya ulduzlarının top qovduğu komandaya qarşı çıxmaq isə fəlakətin simptonlarıdı. Nə bilmək olar, bəlkə premyer-liqanın 21-ci turu irəli çəkiləcək? Yaxud da həmin tur ümumilikdə təxirə salınacaq? Axı əvvəlki təcrübələrdən bunun şahidi olmuşuq. Düzdü, istər Berti Foqtsun, istərsə də Robert Prosineçkinin zamanında bu cür dəyişiklikləri pisləyir, bizimkiləri peşəkarlaşmağa çağırırdıq. Əslində Qurban Qurbanovun zamanında da vəziyyət ciddi mənada dəyişmədi. Elə yadınızdadısa, ötən ilin martındakı toplanışdan öncəki turun vaxtı irəli çəkildi və yığmaya hazırlıq üçün daha çox vaxt ayrıldı. Bəs görəsən, Yurçeviç də AFFA qarşısında belə istəkdə bulunub? O da özündən əvvəlkilərin yolu ilə getmək haqda düşünür? Bütün bunlarla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik. O təxirəsalma və ya dəyişikliklə bağlı hələ ki hansısa informasiyanın olmadığını söylədi.
FARİZ