Sizin reklam burada

“Ağsu” 9 nəfərlə 2 qol vurdu, məğlubiyyətdən qaça bilmədi

Baxış Sayı:479

“Ağsu” 9 nəfərlə 2 qol vurdu, məğlubiyyətdən qaça bilmədi
Dünən birinci divizionda keçirilən dörd oyunla 17-ci tura yekun vuruldu. Bəribaşdan qeyd edək ki, tur gözlənilməz nəticələrlə yadda qaldı. Bu mənada “Kəpəz”in “Qaradağ Lökbatan” üzərində səfər qələbəsi qeyd olunmalıdı. Qərb təmsilçisi Talıb Rzayevin ikinci yarının ortalarında vurduğu yeganə qol sayəsində Lökbatandan 3 xalla döndü ki, bu qələbə komandanın turnir mövqeyinə təsir etdi. Belə ki, Etibar İbrahimovun komandası daha bir pillə irəliləyərək, 11-ci yerə yüksəldi. “Zaqatala” da minimalhesablı qələbəyə sevindi. Rüstəm Məmmədovun yetirmələri “Turan Tovuz”u son dəqiqələrdə vurduqları 1 qolla üstələdi. Beləliklə, kobud oyun və bol vərəqələrlə yadda qalan görüşdə Tovuz təmsilçisi yeni məşqçi Nizami Sadıqovun rəhbərliyi altında ilk qarşılaşmada da yenildi və qələbəsiz oyunlar seriyasını dayandıra bilmədi.
Digər iki görüş isə kifayət qədər məhsuldar alındı. “Neftçi-2” aşkar autsayder “Zirə-2”nin daşını daş üstə qoymadı. Mahmud Qurbanovun komandası 3 xalı 5 cavabsız qolla əldə etdi. Ümumiyyətlə, “ağ-qaralar” qış fasiləsindən sonra fantastik məhsuldar nümayiş etdirir. Paytaxt təmsilçisi 4 görüşdə 14 qola sevinib. Bu isə az qala iki dövrə ərzində vurulan qolların cəminə (16) bərabərdi. Komanda ardıcıl ikinci matçdı 5 qolla yadda qalır. Təsadüfi deyil ki, “Neftçi-2”nin üzvü Elnur Süleymanov artıq bombardirlərin yarışına qoşulub.
“Ağsu” ilə “Səbail-2”nin duelində isə azarkeşlər 7 qola şahidlik edib. Bayıl təmsilçisi həm də əzmkar qələbə qazanıb. Qapısında erkən qol görən Siyasət Əsgərovun komandası fasiləyə qədər 4 dəfə fərqlənərək, hesabı darmadağın həddinə çatdırıb. Hətta son 2 qol 2 dəqiqəyə sığıb. Ancaq “Ağsu” asan təmsil olmayıb. Hissənin sonlarında 2 futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulan ağsulular ikinci yarının əvvəlində qonaqların qapısından 2 top keçirib və fərqi minimuma endirib. Bununla belə, məğlubiyyətdən xilas olmaq istəyi alınmayıb.
Birinci divizion
2-ci dövrə, 17-ci tur
1 mart
Qaradağ Lökbatan – Kəpəz 0:1
Talıb Rzayev, 71.
Zaqatala – Turan Tovuz 1:0
Rəhman Şabanov, 83.
Neftçi-2 – Zirə-2 5:0
İsmayıl Zülfüqarlı, 29. Elnur Süleymanov, 62. Seymur Əliyev, 75. Əlibəy Məmmədli, 82. Əsgər Hüseynov, 87.
Ağsu – Səbail-2 3:4
Elnur Səmədov, 10; 56. Kənan Əşrəfli, 52 - Ramil Orucov, 20. Xəlil Bəşirov, 25; 43. Təyyar Məmmədov, 42.
Turun qalan oyunlarının nəticələri: Keşlə-2 – Sabah-2 0:2 (Tural Nəsirov, 21. Rza Biqdelo, 55), Qarabağ-2 – Sumqayıt-2 1:3 (Con Delarj, 44 - İbrahim Əliyev, 14; 71. Murad Xaçayev, 21), MOİK – Şüvəlan 1:0 (Raul Yaqubzadə, 1).
1. MOİK 17 13 2 2 33-13 41
2. Sumqayıt-2 17 13 1 3 45-16 40
3. Neftçi-2 17 11 2 4 30-18 35
4. Zaqatala 17 8 6 3 27-16 30
5. Qarabağ-2 16 8 2 6 29-20 26
6. Şüvəlan 17 7 5 5 20-19 26
7. Sabah-2 17 7 4 6 16-11 25
8. Keşlə-2 17 7 2 8 24-23 23
9. Qaradağ Lökbatan 17 7 2 8 14-19 23
10. Səbail-2 17 6 2 9 25-37 20
11. Kəpəz 17 3 5 9 11-22 14
12. Turan Tovuz 17 4 1 12 19-35 13
13. Ağsu 17 2 4 11 13-35 10
14. Zirə-2 16 3 0 13 15-37 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 14, Cavad Kazımov (Zaqatala) - 11, Elnur Süleymanov (Neftçi-2), Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR