“Mənə də dedi, öz siyahını hazırla”
Yığmanın baş məşqçisi Nikola Yurçeviçin köməkçiləri bəlli olub. Bunlar Mario Tokiç və Arif Əsədovdu. Dmitri Kramarenko isə millinin qapıçılar üzrə məşqçisi olacaq. Əslində Tokiçin köməkçisi olacağını Yurçeviç mətbuat konfransında demişdi. Kramarenkonun isə məşqçilər korpusunda yer alacağını bir neçə gün öncədən xəbər vermişdik. Belə deyək, xorvat məşqçinin köməkçilərindən yalnız Əsədovun təyinatı yenilik oldu.
Öncə Yurçeviçin həmyerlisi olan köməkçisi haqda məlumat verək. Yığmanın baş məşqçisi kimi, Tokiç də Avstriyada futbolçu karyerası yaşayıb, həmçinin Xorvatiya millisinin şərəfini qoruyub. Məşqçi kimi fəaliyyətə 2014-cü ildə Zaqreb "Dinamo"sunun ikinci komandasında başlayıb. Ancaq köməkçi kimi. 43 yaşlı mütəxəssis 2016-cı ilin yanvarında "Lokomotiva"ya keçib və burda da köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Mövsümün gedişində baş məşqçinin istefasından sonra müvəqqəti olaraq 6 oyunluq onun yerini tutub. Tokiç həmin ilin noyabrında baş məşqçi təyin olunub və bir il sözügedən komandanı çalışdırıb. 2017-ci ilin dekabrında isə "Lokomotiva"dan ayrılıb və həmin vaxtdan bəri işsiz qalıb. O, məşqçi kimi ilk dəfə ölkə xaricində fəaliyyət göstərəcək. Dmitri Kramarenko isə Qurban Qurbanovun dönəmində də yığmada qapıçılar üzrə məşqçi kimi çalışırdı. O eyni zamanda digər millilərin qapıçılarla işləyən məşqçiləri üzrə əlaqələndiricidi.
Arif Əsədov isə ötən mövsüm birinci divizionda “Sabah”ın “sükanı arxasında” idi. Lakin komanda elitaya yüksələndən sonra rəhbərliklə fikir ayrılığı işbirliyinə də son qoydu. Daha öncə isə həm U-19 millimizi, həm də “Neftçi”ni iki ayrı vaxtda çalışdırıb, “ağ-qaralar”la ölkə çempionu olub. Dünən Arif bəylə əlaqə saxlayıb, təyinatı ilə bağlı fikirlərini öyrəndik: “Bir həftə öncə assosiasiya tərəfindən təklif gəldi. Hər bir məşqçi üçün yığmada işləmək şərəfdi. Mən də təklifi müsbət qarşıladım. Deyilmişdi ki, baş məşqçi gələcək, təqdim olunacaqsan və görüş olacaq. Dünən (srağagün) görüşdük, ümumi fikir mübadiləsi apardıq. O da öz müsbət rəyini bildirdi. Beləcə təyinat gerçəkləşdi. Düzü, namizədliyimi kimin irəli sürdüyünü deyə bilmərəm. Çünki mənə bu haqda bir şey deyilməyib. Yəqin ki, hansısa ümumi rəy olub, namizədlərə baxılıb. Lakin konkret necə olduğunu söyləyə bilmərəm. Amma mənim üçün də gözlənilməz oldu. Yurçeviçlə görüşdə məndən başqa Xorvatiyadan olan köməkçisi Tokiç və inzibatçı idi ki, o, tərcümə də edirdi. Doğrudu, baş məşqçi rus dilində də başa düşür. Ancaq əsasən tərcüməçi vasitəsilə danışırdıq. Qarşıda premyer-liqanın 19-cu turunun oyunları keçiriləcək. Yurçeviç göstəriş verəcək ki, kim hansı qarşılaşmaya gedəcək. Mənə də dedi, öz siyahını hazırla. Yəqin ki, iki turdan sonra ümumi bir fikir mübadiləsi olar. Bildirdi ki, sənin haqqında lazımi informasiyam var. Həm futbolçu, həm də məşqçi kimi. Belə deyim, mənimlə bağlı məlumata malikdi. Hələ ki köməkçi olaraq 3 nəfərik. Amma ola bilər, daha bir köməkçisi gəlsin. Artıq əlaqədəyik, hansı oyunu, kimləri izləməyi Yurçeviç tapşıracaq”.
FARİZ