
Oxucularımız narahatlıq içindədi
“Futbol+” bağlansa, yaxınlarımdan birini itirmiş kimi üzülərəm”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yanvarın 31-də verdiyi qərar idman mətbuatında, eləcə də “Futbol+”in sadiq oxucuları arasında böyük narahatlığa və narazılığa səbəb olub. Qurumun ikinci rübdən etibarən qəzetə maliyyə yardımının dayandırılacağı ilə bağlı verdiyi qərar birmənalı qarşılanmır.
İndiyə qədər həmkarlarımız, eləcə də müxtəlif sahədə çalışan ziyalılar, həmçinin millət vəkilləri, sənət adamları yaranmış vəziyyətə münasibət bildirib, mövqelərini ortaya qoyublar. Həmçinin bəzi oxucular narahatlığını sosial şəbəkələrdə, eləcə də qəzetin e-mail ünvanına göndərdikləri məktublarda bildirirlər.
"Futbol+"i bu yardımdan məhrum etməyi doğru hesab etmirəm”
Kənan Hənifəyev: "Nə vaxta qədər uduzacağıq" - bu manşetdən təxminən 20 il keçir və bu sualın cavabını “Futbol+” redaksiyası çox ünvanlayıb. Yetərincə çox cavablar alıb. “Futbol+”in yaxın gələcəkdə yığmanın Avropa və ya dünya çempionatlardakı uğurları barədə qələbə manşetləri yazmaq haqqı var. Çünki 1997-çi ildən indiyə qədər mətbuat bazarındakı rəqiblərinə baxmayaraq, uduzmayıb, daim mübarizlik göstərib. “Futbol+” həm də böyük bir camiə, qurum və jurnalistika məktəbidi.
Bildiyimizə görə, KİVDF-dən ayrılan vəsait mart ayından dayandırılacaq və ancaq ictimai-siyasi qəzetlərə ayrılacağı barədə xəbər verilib. İdman ölkə rəhbərliyinin diqqət göstərdiyi əsas sahələrdən biridi və bu sahənin tək idman qəzeti olan "Futbol+"i bu yardımdan məhrum etməyi doğru hesab etmirəm. Ümid edirəm ki, bu məsələ sivil, qarşılıqlı razılıq nəticəsində həllini tapacaq. Və sevdiyimiz qəzet öz fəaliyyətinə davam edəcək.
Fonddan vəsait ayrılmasa, alternativ yollar üzərində təkliflərimi bildirmək və ictimaiyyəti idman sahəsi üzrə tarixi qəzetimizə dəstəyə dəvət edirəm.
1. Qəzetin həftədə 5 dəfə yox, 4 dəfə buraxılması daha effektli ola bilər. Həftənin 1, 2, 4 və 6-cı günləri.
2. Əlavə vəsaitin cəlb olunması üçün 8 futbol klubundan hər biri aylıq 500 manat vəsait ayıra bilər. Belədə KİVDF üçün ayrılan 10-cu səhifəni rəngli şəklə salıb, hər sayda növbəlilik prinsipi ilə bir klubun tarixi və vacib məqamları barədə məlumatların verilməsi mümkündü. Ayda 2 dəfə hər klub üçün özəl səhifə təşkil etmək də pis olmaz.
3. Qəzet oxucuları arasında mini-futbol turnirinin keçirilməsi və turnir ödəmələrindən fond yaradılması.
4. Qəzetin 16-cı səhifəsinin sosial idman layihəsi üzrə sponsorluq səhifəsi kimi satışı. Əsasən bankları, holdinqləri və ya başqa idman federasiyalarını cəlb etmək olar.
5. Oxucuların diqqətini daim cəlb etmək üçün özəl xəbərlər və müsahibələr təşkil edilməli.
6. Qəzetin səhmlərinin satışını təşkil etmək və faiz etibarilə sahibkarlar tərəfindən əldə edilməsinə şərait yaratmaq da mümkündü.
7. Digər özəl şirkətlərin adına reklam yerləşdirmək. Bunun üçün paketlərin hazır edilməsi və təqdim edilməsi.
Ümid edirəm ki, qəzetimiz öz fəaliyyətini davam etdirəcək, heç bir maliyyə və digər problemlər yaşamayacaq. Uğur olsun!”
“Xahiş edirik, bizi “Futbol+”siz qoymayın!”
Cəfərqulu Süleymanov: “Sizi inandırım, bu xəbəri eşidəndən bəlkə də sizlərdən çox məyusluq hissi keçirməyə başlamışam. Sanki “Futbol+” kollektivinin içindəyəm. Zarafat deyil, 22 ildi bu qəzet mənim ən yaxın dostumdu. Metroda, avtobusda, işdə, evdə, qonaqlıqda – bir sözlə, hər yerdə çantamda, ya da əlimdə olub. Tələbəlik vaxtımın 2-ci kursundan, yəni 1997-ci ildən “Futbol+” ilə tanışlığım, dostluğum başlayıb. İndiyə kimi yadımdadı, ilk sayını “28 may” metrostansiyasının çıxışındakı köşkdən almışdım. O gündən bu yana qəzetin elə bir sayı yoxdu ki, mən onu oxumayım. Hətta yayda Naxçıvanda məzuniyyətdə olanda belə, Şərurdan Naxçıvana qədər olan 60 km-lik məsafəni sırf “Futbol+”i alıb oxumaq üçün qət etmişəm. Hər səhər yuxudan durub yeməyimi yeyəndən sonra gözüm “Futbol+”i axtarıb və bu gün də axtarmaqdadı. 22 il zarafat deyil.
Razıyam, idman saytları var. Amma onlar məni “Futbol+” qədər qidalandırmır. Saytlarda daha çox xəbər tipli yazılara rast gəlirik. Amma qəzetdə köşə və təhlil yazıları, qeyri-adi müsahibələr çoxluq təşkil edir. Belə deyim, rəngarənglik var. Ona görə də “Futbol+”in yoxluğu ilə barışa bilmirəm. Ağlımdan belə keçirmirəm ki, nə vaxtsa köşkə yaxınlaşsam, satıcıdan “Futbol+” bağlanıb, satılmır” sözlərini eşidərəm. Allah bilir, hansı vəziyyətə düşərəm.
Bu qədər əziyyət çəkən, 22 ildə çətin dönəmlər yaşamasına baxmayaraq, indiyə qədər ayaqüstə durmağı bacaran “Futbol+”ə və onun kollektivinə göstərilən münasibəti qəbul edə bilmirəm. Bu qədər əməyin yerə vurulması ilə barışmıram. Özümün və tanıdığım neçə-neçə sadiq oxucunun adından səlahiyyətli şəxslərə səslənmək istəyirəm. Xahiş edirik, bizi “Futbol+”siz qoymayın! Bizi “Futbol+”in səhifələrinə həsrət qoymayın! Yayın istisində, qışın çovğununda qəzetin reportyorları heç nəyə baxmadan stadionlarda olublar, müxtəlif idman qurğularından və yarışlarından reportajlar hazırlayıblar. Biz oxucuların “qidalanması” üçün hansı çətinliklərlə üzləşdiklərinin canlı şahidi olmuşam. Onların çəkdiyi əziyyəti yerə vurmaq günahdı.
Ölkə rəhbərliyinin – başda İlham Əliyev cənabları olmaqla idmana və mətbuata göstərdiyi diqqət-qayğı göz önündədi. Bu qədər qayğının qarşısında artıqlıq edən hər gün dərc olunan, minlərlə oxucusu olan “Futbol+”dimi? Şəxsən bir oxucu kimi qəzetimizə göstərilən münasibətlə barışmıram. Səlahiyyətli şəxslərdən xahiş edirəm, azərbaycanlı kimi, sadiq oxucu kimi məni və mənim kimiləri “Futbol+”siz qoymayın! Mahir Rüstəmli kimi savadlı, işləməyi sevən, 22 ildi nəfəs almadan ömrünü “Futbol+”ə verən redaktorun və qəzetin əməkdaşlarının zəhmətini yerə vurmayın! Ümid edirəm ki, səlahiyyətli şəxslər səsimizi eşidəcəklər. Və biz yenidən əvvəlki kimi, hər səhər köşkə yaxınlaşıb, “Futbol+”i alacağıq”.
“Futbol+” bağlansa, yaxınlarımdan birini itirmiş kimi üzülərəm”
Tərlan Abbaszadə: “Mən bu qəzeti yaranan gündən, 1997-ci ildən oxuyuram. Qəzetin üslubu, dəst-xətti elədi ki, SSRİ dönəminin məşhur “Sovetski Sport”u ilə “Sport-Ekspress”inin ortaq nöqtəsini tapmışam. “Futbol+”i başqa idman nəşrlərindən və saytlardan fərqləndirən cəhət onun rəngarəngliyidi. İstər müsahibələri olsun, istər köşə, istərsə təhlil yazıları, istərsə də özəl xəbərləri – hər birində “Futbol+”in özünəməxsusluğu var. Tək idmanı və futbolu yox, həm də mütaliəni sevdiyimdən, “aclığımı” indiyə qədər “Futbol+” ilə aradan qaldırıram. KİVDF-nin məlum qərarı ilə tanış olanda, açığı, çox təsirləndim. Hətta təəccübləndim də deyə bilərəm. Dövlətdən olunan yardım kəsilsə, vəziyyətin acınacaqlı olacağını da yaxşı başa düşürəm. “Futbol+” bağlansa, ya da əzəmətini itirsə, yaxınlarımdan birini itirmiş kimi üzülərəm. Ölkə başçısının bu məsələyə əl qoyması olduqca vacibdi. Bu baş verməsə belə, ümid biz oxuculara qalacaq. İlk növbədə səlahiyyətli şəxslərə, daha sonra mənim kimi sadiq oxuculara müraciət edirəm, “Futbol+”i ayaqüstə saxlamağa çalışaq! Vaxtilə oxşar durum “Yeni Müsavat”da da yaşanmışdı. Kağız bahalaşan dönəmdə qəzetin qiyməti artsa da, oxucular üz döndərməmişdi, sona qədər qəzetin yanında olmuşdular. Yenə də Allahdan ümidimi üzmürəm. Heç bir halda “Futbol+”in yoxluğu ilə barışmaq olmaz”.
HƏBİB