Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı martın 3-də paytaxtımızda "Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşmanın baş tutacağından xəbəriniz var. Məlum olduğu kimi, oyun saat 12.30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında keçiriləcək. Paytaxta gələcək ulduzlar arasında Eydur Qudyonsen, Mikael Essyen, Deku, Yeji Dudek, Revaz Arveladze, Nihat Kahveci və Andrey Arşavin yer alıb. Yerli futbol veteranlarından isə Vəli Qasımovla Nazim Süleymanov ulduzların heyətində çıxış edəcək. Qeyd edək ki, futbol ulduzlarının iştirakı ilə keçiriləcək qarşılaşmada 5 oyunçu meydana çıxacaq, 1-i isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, iki nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, “Avropa Liqası Final-2019”a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək. Region Liqasından kimin meydana çıxacağına gəlincə, bu, "Füzuli"nin şərəfini qoruyan Şöhlət Rəhimovdu. Futbolla peşəkar səviyyədə məşğul olmayan, hazırda Füzulidə yanacaqdoldurma məntəqələrinin birində çalışan Rəhimov ötən mövsüm Region Liqasında ən yaxşı qolkiper elan olunub.
"Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12.00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən "Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün səhnədə mükafatlandırılacaq.
Əslində təşkilatçılıqla bağlı detalları müntəzəm diqqətinizə çatdırırıq. Bu dəfə qarşılaşmanın canlı yayınlanıb-yayınlanmayacağını öyrənməyə çalışdıq. Hər halda, ulduzların görüşünə maraq yetərincədi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı dinləyək: “Oyunun canlı yayınlanması nəzərdə tutulmayıb. “CBC Sport”un kameraları qarşılaşmanı çəkəcək, ancaq canlı göstərməyəcəklər. Sonradan oyun videoyazı şəklində təqdim olunacaq”.
MİRAĞA