
Valeh Seyidov “Keşlə”də
Hüçumçu hələ ki əvəzedici heyətdə çıxış edəcək
Nəhayət, Valeh Seyidov Azərbaycanda özünə klub tapdı. “Bakı”nın yetirməsi, bu klubun icraçı direktoru Yaşar Seyidovun oğlu bundan sonra “Keşlə”nin uğurları üçün çalışacaq. Bir müddət Portuqaliyada legioner həyatı yaşayan, ölkəmizə qayıdandan sonra “Sumqayıt”da peyda olan hücumçu baxışda olsa da, düşərgədən ayrılmalı olmuşdu. Hətta Antalyada təşkil olunan təlim-məşq toplanışına aparılan Valeh son anda bəyənilməyərək, geri göndərilmişdi. “Keşlə” onunla mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb və adını Peşəkar Futbol Liqasına təqdim edib. Seyidov hələlik birinci divizionda mübarizə aparan “Keşlə-2”nin məşqlərində və oyunlarında iştirak edəcək. Daha doğrusu, o, artıq dünən yeni komandasında debüt edib. “Sabah-2” ilə qarşılaşmanın 76-cı dəqiqəsində əvəzetmədən oyuna qoşulan forvard buna qədər artıq hesabda 0:2 geridə olan “Keşlə-2”yə heç nə ilə kömək edə bilməyib. Bununla belə, əvəzedicilərdən ibarət komandada oynamaqla forma qazanmağı və ab-havanı hiss etməyi hədəfləyən Valeh özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, əsas komandaya cəlb olunacaq. O, “Keşlə-2”də “79” nömrəli futbolkanı daşıyacaq.
MİRAĞA