Dünən Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında ölkə çempionatının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə cüdonun populyar olduğunu, artıq regionlarda da geniş yayıldığını qeyd edib. Ölkəmizdə cüdo üzrə bir sıra nüfuzlu yarışların keçirildiyini, bu turnirlərin həm təşkilatçılıq səviyyəsinə, həm də təmsilçilərimizin uğurlarına görə xüsusilə təqdirəlayiq olduğunu vurğulayan nazir müavini Azərbaycan Cüdo Federasiyasının (ACF) işinin Beynəlxalq Cüdo Federasiyası tərəfindən də yüksək qiymətləndirildiyini deyib.
ACF-nin baş katibi Elmar Babanlı qeyd edib ki, Bakı İdman Sarayı artıq bir həftədi cüdo yarışlarının keçirildiyi məkana çevrilib. O, ötən həftəsonu yeniyetmə cüdoçular arasında Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin, ondan bir gün sonra usta cüdoçular arasında ölkə çempionatının keçirildiyini vurğulayıb. Açılış mərasimindən sonra final görüşlərinə start verilib. Gülşən Bağırova (44 kq), Mirağa Hacıyev (55 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Abbaslı (66 kq), Diana Şoranova (63 kq), Vüsal Şamilov (81 kq), Aliyə Müslümova (78 kq) və Abdulla İsmayılov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışa bu gün yekun vurulacaq.