
Qurban Qurbanov Arazı əsas komandaya qaytardı
Ötən həftəsonu birinci divizionda keçirilən “Şüvəlan” – “Qarabağ-2” görüşündə ikincilərin heyətində Araz Abdullayevin adını görmək yetərincə təəccüblü idi. Düşünmək olardı ki, çempionun əvəzedicilərinin “qızıl” iddiası yaranıb deyə, Azər Məmmədov qarşıdakı oyunlarda fasilələrlə əsas komandanın üzvlərinin xidmətindən yararlanmaq niyyətindədi.
Ertəsi Arazın adına “Sabah” - “Qarabağ” qarşılaşmasında rast gəlməyəndə işin ciddiliyi üzə çıxdı. Mütləq ki, yığma üzvü əvəzedici heyətə göndərilib. Matçdan sonrakı mətbuat konfransında məlum məsələ ilə bağlı Qurban Qurbanova ünvanlanan sualdan sonra hər şey aydın oldu. Sən demə, Arazın son məşqlərdəki hazırlıq durumu baş məşqçinin ürəyincə deyilmiş. Buna görə də yetirməsinə “Qarabağ-2”də oynamağı məsləhət görüb. Hansı müddətə - bu sualın cavabı qaranlıq qalmışdı.
Dünən Nurlan İbrahimovla əlaqə saxlayıb “Araz Abdullayev əsas komandaya nə vaxt qoşulacaq” sualını verəndə, klubun mətbuat katibinin cavabı qısa oldu: “Araz artıq əsas komandanın məşqlərində iştirak edir. Bu dəqiqə də kollektivlə birgə məşqdədi”.
HƏBİB