Rəqib çalışdırıcı millinin rekordçusunu geri qaytarır
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Bu haqda məlumatı Xorvatiya Futbol Federasiyasının rəsmi saytı yayıb. Martın 21-də baş tutacaq qarşılaşmanın biletlərini azarkeşlər internet vasitəsilə onlayn sifariş verə bilərlər. Bir azarkeşin maksimum 6 bilet almaq imkanı var. Martın 18-dən isə görüşün keçiriləcəyi "Maksimir" stadionunun kassalarında satış başlayacaq. Biletlər tribunaya görə 10 manatdan 40 manata (yerli valyuta ilə 40-150 kuna aralığında) qədər müxtəlif qiymətlərədi. VİP sektorlar üçün yerin qiyməti isə 250 Xorvatiya kunasıdı (65 manat). Onu da bildirək ki, Zaqrebdə keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23.45-də start götürəcək
Yeri gəlmişkən, "Kalyari"nin futbolçusu Dario Srnanın Xorvatiya yığmasına qayıtması gözlənilir. Buna səbəb "damalılar"ın müdafiə xəttində yaranmış problemdi. Belə ki, martın 21-də millimizlə qarşılaşacaq rəqibin əsas müdafiəçiləri sıradan çıxıb. Mərkəz müdafiəçisi Deyan Lovren bir müddətdi zədədən əziyyət çəkirsə, sağ və sol cinah oyunçuları - Şime Vrsalko ilə Yosip Pivariç əməliyyat olunub. Cinaha oyunçu tapa bilməyən baş məşqçi Zlatko Daliç bizim milli və Macarıstanla oyunlar üçün sabiq kapitanın qayıtmasını istəyir. 36 yaşlı futbolçunu buna razı salması üçün onun millidəki ən yaxın dostu Luka Modriç təlimatlandırılıb. Xatırladaq ki, AÇ-2016-dan sonra yığma karyerasını başa vuran Srna ötən il də dəvət almışdı. Lakin həmin vaxt həm oyun praktikasının azlığından, həm də Vrsalkonun ehtiyat qüvvəsi olmamaq üçün qayıtmaqdan imtina etmişdi. İndi vəziyyət fərqlidi. Hazırda "Kalyari"də müntəzəm çıxış edən Xorvatiya millisinin rekordçusu müsbət cavab versə, önümüzdəki seçmə mərhələ oyunlarında meydana çıxacaq. 2002-ci ildən yığmanın şərəfini qoruyan Darionun 134 oyunda 22 dəfə fərqləndiyini də vurğulayaq.
FARİZ