Sizin reklam burada

Türkiyə önündə darmadağın olanlar təcrübəni və fiziki hazırlığı qabartdı

Baxış Sayı:349

Türkiyə önündə darmadağın olanlar təcrübəni və fiziki hazırlığı qabartdı
“İnanırıq ki, Avropa çempionatında yaxşı nəticə göstərəcəyik”
Avropa çempionatına hazırlaşan 19 yaşadək futzalçılardan ibarət yığma Türkiyə ilə yoldaşlıq görüşlərində ümid vermədi. Fevralın 19-u və 21-də keçirilən hər iki oyunda uduzan, xüsusilə sonuncuda darmadağına məruz qalan Ağatahir Əzimovun yetirmələrindən "gözümüz qorxdu". Bu komanda AÇ-yə hazır deyil. Bunu baş məşqçi özü də qəzetimizə müsahibəsində dolayısı ilə etiraf etmişdi. Bəs yığma üzvləri bərbad çıxışı nə ilə əlaqələndirir, uğursuzluğun səbəbini nədə görürlər?
Öncə kapitan İqbal Pənahovla danışdıq: "Bu, bizim ikinci təlim-məşq toplanışımız idi. Yeni il ərəfəsində Gürcüstana getmiş və qonşu ölkədə iki yoxlama matçı keçirmişdik. Bu dəfə evdə oynayırdıq. Türklərlə oyunlara qədər bir həftə məşq etmişdik. Baş məşqçi müəyyən təlimatlar vermiş, taktiki yöndə və standart vəziyyətlər üzərində çalışmışdıq. Planlarımızın heç də hamısını həyata keçirə bilmədik. Alınmadı ona görə ki, hamıda həyəcan var idi. İlk dəfə idi canlı yayınla təqdim olunan matça çıxırdıq. Bilirdik ki, bütün diqqətlər üzərimizdədi. Bu da bizi "mandraj"a saldı. Heç cür özümüzü ələ ala, toparlana bilmədik. Bu da təcrübəsizlikdən irəli gəlir. Təcrübəmiz, ustalığımız xeyli aşağıdı. Bundan başqa, fiziki güc baxımından da rəqibdən xeyli geri qaldıq. İlk oyunda bütün gücümüzü qoyduq, əlimizdən gələni etdik, amma iki gün sonrakı qarşılaşmada gücümüz qalmamışdı, zədəlilərimiz də var idi. Oyunun bir nöqtəsindən sonra bütün oyunçular həvəsdən düşdü və belədə hesab darmadağın həddinə çatdı. Əsas odu, ruhdan düşməmişik. Məşqçimiz ürək-dirək verdi, toparlanmağımıza kömək etdi. Dedi ki, çatışmazlıqları bilir. Fiziki gücümüzü artırmağın üzərində işləməyə başlamışıq. İntensiv məşqlər keçirik. Səhvlərimizin üzərində çalışacağıq. Avropa çenpionatının daha çətin olacağını bilirik. Komandamızın zəif nöqtələri var, bunların üzərində işləyib aradan qaldırmağa çalışırıq. Bir ay vaxtımız var. Qitə çempionatına hazır olacağıq".
Yığma üzvü Nurlan Mehdizadə daha inamlı danışdı. Hətta martın sonunda Slovakiyada baş tutacaq seçmə mərhələdə qrupdan çıxacaqlarına söz verdi: "Əsasən fiziki hazırlığa, daha doğrusu, hazır olmadığımıza görə uduzduq. Çünki hər iki qarşılaşmada birinci hissəni yaxşı oynayırdıq, ikinci yarıda isə gücümüz tükənirdi. Deməzdim ki, bütün komponentlərdə rəqibə uduzduq. Uşaqlar topla onlara nisbətən daha yaxşı idi. Düzdü, bəzi epizodlarda ötürmələrdə dəqiqlik çatmırdı, amma əsasən fiziki hazırlıq səbəbindən uduzduq. Fiziki cəhətdən çatdırmayanda da ötürmələrdə səhvlər artır. Bizim əsas yığma həmişə onları məğlub edib. İstər öz meydanımızda, istərsə də onların meydanında udublar. Biz də təcrübə qazanandan sonra Türkiyədən zəif olmadığımızı göstərəcəyik. Hazırlıq davam edir. Bir həftə hər gün fiziki hazırlıq olacaq. Bizi irəlidə ağır məşqlər gözləyir. Ciddi hazırlıq gedir. İnanırıq ki, Avropa çempionatında yaxşı nəticə göstərəcəyik. İnşallah, rəqiblərimizi qabaqlayıb qrupdan ən yüksək xalla çıxmağa çalışacağıq. Qarşımıza bu hədəfi qoymuşuq".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR