
"Səbail" Apellyasiya Arbitraj Tribunalına şikayət etdi
Klub 2400 manat cərimənin ləğv olunacağına əmindi
Ötən turun “Səbail” – “Sabah” matçında meydan sahibinin səhlənkarlığı səbəbindən birinci hissənin 3, ikinci hissənin 9 dəqiqə gec başladığını bilirsiz. AFFA-nın İntizam Komitəsi qarşılaşmanın startının təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirildiyini nəzərə alıb, Bayıl təmsilçisini 2400 manat cərimələmişdi.
Ancaq "Səbail" komitənin qərarı ilə razılaşmadığını açıqlamışdı. Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova qəzetimizə açıqlamasında haqsız cəzaya məruz qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini demişdi: "Qərarla razı deyilik. Heç bir gecikmədən söhbət gedə bilməz. Deyirlər ki, ikinci hissəyə 9 dəqiqə gecikmişik, amma oyunun videoyazısına baxmaq kifayətdi ki, bunun belə olmadığına əmin olasan. Görünür, əlavə vaxtlar nəzərə alınmayıb. Materialları toplayıb apellyasiya verəcəyik. Apellyasiya Arbitraj Tribunalına müraciət etmək üçün 15 gün vaxt verilir, bunu bir neçə günə edəcəyik. Ümid edirik ki, etirazımız qəbul olunacaq".
Dünən klubun mətbuat xidməti ilə əlaqə saxlayıb, şikayət edib-etmədiklərini öyrənmək istədik. Məlum oldu ki, Apellyasiya Arbitraj Tribunalına məktub elə dünən çatdırılıb. Törə Əhmədovadan yeni bilgi də əldə etdik. Sən demə, apellyasiya şikayətləri bu mövsümdən ödənişsizdi: "Şikayət üçün müraciət ödənişsizdi. Əvvəllər 1000 manat olub, sonradan 500-ə endirilmişdi. Ancaq son qaydalara görə heç bir ödəniş tələb olunmur. Tələb olunsaydı belə, biz haqlı şikayətimizi çatdıracaqdıq. Əminik ki, Apellyasiya Arbitraj Tribunalı haqlı mövqeyimizi nəzərə alaraq cəriməni ləğv edəcək".
MİRAĞA