Tural Bayramov Latviyaya tramplin gözü ilə baxır
Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaqda maraqlı olmaması hər zaman aktual görünən mövzulardan biridi. Kimi bunu bizimkilərin evdə rahat pul qazanmaları ilə əlaqələndirir, kimi də azərbaycanlı gənclərin ailəyə çox bağlı olmaları, avropalı həmyaşıdlarından fərqli, bir fərd kimi daha gec formalaşması ilə bağlayır. Əslində hər iki fikir düzgündü. Kim isti yerini soyuq edib, vətəndə aldığı maaşdan aşağı məbləğə qərib ellərə yollanar?! Oyundan və məşqdən sonra hər gün dost-tanışla bir araya gəlmək, boş vaxtı qohum-qardaşla birgə keçirmək bizim mentallığın tərkib hissəsidi. Hələ mən ata və ananın 25-30 yaşlı, özü ailə başçısı olan şəxsə “əynini qalın elə, hava soyuqdu, yoldan ehtiyatlı keç, sükan arxasında fikrin dağınıq olmasın” tipli məsləhətlərini demirəm. İstəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, gündəlik həyatda, demək olar ki, hamımız bu cür məsləhətlərlə üzləşirik. Məhz belə səbəblərdən gənc və yeniyetmə futbolçularımız ölkə xaricindən dəvət aldıqda “görəsən, evdən kənarda qala bilərəm” sualını öz-özünə verir, “gedim, yoxsa getməyim” düşüncəsinin əlində girinc olurlar. Hələ məsələ ailə üzvləri ilə birgə müzakirə olunanda, aləm bir-birinə dəyir. Ata-ana qalır bir tərəfdə, ömründə Biləcəridən o tərəfi görməyən əmi, dayı, bibi və xalanın əri hərəsi bir söz deyir, müxtəlif məsləhətlər verir. Mollası çox olan ölü ortada qaldığı kimi, həmin gənc də bilmir ki, kimin sözünə qulaq assın, kimin məsləhətinə əməl etsin. Və sonda gənc futbolçu “ən yaxşısı evdə oynamaqdı” deyib, legioner həyatı yaşamaq fikrindən vaz keçir.
Ancaq son vaxtlar bu yöndə az da olsa, irəliləyiş var. Hər dəfə “transfer pəncərəsi” açılanda yetirməsi olduğu klubun əsas komandasında oynamaq şansı qazanmayan futbolçu özünü sübut etmək üçün ölkə xaricinə yollanmaq istəyir. Bu qış da belə gənclər oldu. Onlardan biri isə U-21-in üzvü, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi Tural Bayramovdu. U-21-lə birgə Antalya toplanışında özünü yaxşı tərəfdən göstərən Tural yerli klublarla yanaşı, əcnəbilərin də maraq dairəsinə düşdü. “Köhnə qitə”nin müxtəlif ölkələrinin təmsilçilərindən təklif alan yarımmüdafiəçi Avropaya yollanmamış bir qədər “bişmək” üçün Latviya variantına üstünlük verdi. Erkin İbrahimovun vasitəçilyi ilə 20 yaşlı futbolçu adını çəkdiyimiz ölkənin “Dauqavpils” klubu ilə “6 ay+1 il” şərti ilə müqavilə imzaladı. Artıq 15 gündən çoxdu ki, “kimyaçılar”ın yetirməsi Latviya klubunun düşərgəsindədi. İlk dəfə vətəndən kənara çıxan futbolçunun Baltikyanı respublikada özünü necə hiss etdiyini, legioner həyatı yaşamağın çətin olub-olmadığını bilmək üçün Turalla danışmağı lazım bildik. Yarımmüdafiəçi sualları cavablamamış ilk təəssüratını bölüşdü.
- İlk gündən istər yeni klubum, istərsə də şəhər çox xoşuma gəldi. Hər şey yüksək səviyyədədi. Çempionat hələ başlamadığından komanda təlim-məşq toplanışındadı. Gündə iki dəfə məşq edirik. Dauqavpils Riqaya yaxın, kiçik bir şəhərdi. Bizim Sumqayıta çox bənzəyir. Ancaq Sumqayıtdan fərqli qədim şəhərdi. İki şəhər arasında oxşarlıq ondadı ki, burda da futbolu çox sevirlər, azarkeşlər əksər məşqlərimizi izləyir. Baş məşqçi Viktor Moroz da mənə inanır. Ümid edirəm ki, həm onun, həm də mənə güvənən digər insanların etimadını doğruldacam.
- Bildiyim qədər hazırda “Dauqavpils”də böyük “Azərbaycan koloniyası” var.
- Bəli, hazırda klubun düşərgəsində 4 azərbaycanlı var. Vüqar Əsgərovu, yəqin ki, bir çoxları xatırlayır. O “Sumqayıt”, “Araz Naxçıvan” kimi klubların şərəfini qoruyub, əsas milliyə dəvət alıb. Nazim Babayevlə “Sumqayıt-2”də bir yerdə oynamışıq. O da birbaşa müqaviləyə gəlib. Bizdən başqa “Neftçi”dən tanıdığınız, U-21-in də heyətində yer alan Elvin Sərkərov da burdadı. Elvin artıq məşqlərdə iştirak edib, bir yoxlama matçına çıxıb. Odu ki, “Dauqavpils”i Latviyada Azərbaycan klubu kimi də qəbul etmək olar (gülür).
- Sizdən başqa klubun düşərgəsində hansı ölkələrdən legionerlər var?
- Bir braziliyalı artıq neçə ildi burdadı. Bir yapon da var. Onlardan başqa baxışa müxtəlif ölkələrdən futbolçular gəlib. Qapıçılardan biri də ukraynalıdı.
- Latviyada legioner limiti tətbiq olunur?
- Bildiyim qədər legioner limiti “6+5“ şəklindədi. Eyni anda 6 əcnəbi meydana çıxa bilər. Bu qayda da son iki ildə tətbiq olunmağa başlayıb. Yerli federasiya ölkədə futbolun səviyyəsini qaldırmaq üçün bu addımı atmağı lazım bilib.
- Vüqar Əsgərov artıq neçə illərdi Latviyadadı. Onun sizə münasibəti necədi?
- Əla. Ona qəzetiniz vasitəsi ilə təşəkkür etmək istəyirəm. İlk gündən yanımızdadı. Böyük qardaş kimi nəyə ehtiyacımız varsa, o dəqiqə həll etməyə çalışır. Əsgərovu hələ “Sumqayıt”da oynadığı dönəmdən tanıyıram. O əsas komandada çıxış edəndə, mən aşağı yaş qruplarındaydım. Biləndə ki, Azərbaycandan, özü də Sumqayıtdan gəlmişəm, çox sevindi. Əsgərovun klubda, baş məşqçinin yanında böyük hörməti var.
- Latviya futbolu ilə bizim futbol arasında nə fərq var?
- Elə də böyük fərq hiss etmədim. Avropanın əksər çempionatlarında olduğu kimi, burda da fiziki hazırlıq ön plandadı. Baş məşqçimiz, milliyyətcə rus olan Viktor Moroz daha çox toplu çalışmalara üstünlük verir. Demək olar ki, bütün məşqlər topla olur. Bu da mənim ürəyimcədi. Həftədə bir dəfə taktiki yöndə, qapalı məkanda lövhə üzərində dərslərimiz olur. Məşqlərdə də verilən tapşırıqları yerinə yetirməyə çalışırıq.
- Sizə rəqib olacaq komandalar haqda nə məlumatın var?
- O qədər də geniş bilgiyə sahib deyiləm. Yalnız onu deyə bilərəm ki, bizdən ehtiyat edirlər. Yeni klubum iki ildi yenidən formalaşıb. Sponsorlar kluba yetərincə diqqət ayırırlar.
- Klubun sponsoru kimdi, büdcə barədə nə deyə bilərsən?
- Bu haqda, demək olar ki, informasiyam yoxdu. Nə özüm maraqlanmışam, nə də mənə bu barədə danışan olub. Mənim əsas işim meydana çıxıb futbol oynamaq, futbolçu kimi “artırmaq” və burdan Avropanın aparıcı çempionatlarına keçməkdi. Bu məqsədlə bura gəlmişəm və arzuma çatmaq üçün də əlimdən gələni etməyə çalışacam.
- Sirr deyilsə, nə qədər maaş alacaqsan?
- Sizə çox böyük hörmətim var. Ancaq bağışlayın, bu haqda danışa bilmərəm. Mənə ilk gündən bu haqda mətbuata açıqlama vermək qadağası qoyulub. Müqavilədə də bununla bağlı bənd var.
- Məişət məsələlərin necə həll olunub? Harda qalırsan, günün necə keçir?
- Klub rəhbərliyi mənim üçün ayrıca ev tutub. Qidalanmam da yüksək səviyyədədi. Boş vaxtlarım o qədər çox olmur. Olanda da Vüqar bizi tək buraxmır. Hara lazımdısa, aparır, darıxmağa imkan vermir. Klubun təmsil etdiyi şəhər Riqadan çox da aralı deyil. İstirahət günlərində Riqanın da gəzməli yerlərinə baş çəkmişik.
- Qaldığın şəhərdə azərbaycanlılar var?
- Sosial şəbəkələrdə yazdıqlarına görə var. Bir neçəsi mənə “xoş gəldin” edib. Ancaq hələ ki onlarla görüşmək imkanım olmayıb. Bir neçə dəfə məni görüşə çağırıblar. Lakin vaxt məhdudiyyəti səbəbindən görüşümüz alınmayıb. İnşallah, yəqin ki, onlarla da görüşmək imkanım olacaq. Martın 9-da çempionata start verilir. İndi bütün diqqətim məşqlərə yönəlib.
- Dillə bağlı problem yaşayırsan?
- Rus dilində müəyyən qədər bilir və başa düşürəm. Üstəlik Vüqar da mənə yardımçı olur. Ona görə də elə bir çətinliyim yoxdu.
- Adətən, bizim futbolçuların legioner həyatı qısa çəkir. Səbəbini də soruşanda “ailə üzvlərim üçün darıxdım və ona görə də geri qayıtdım” deyirlər. Bəs sən necə, darıxırsan?
- “Hə” desəm, siz pis başa düşəcəksiz, “yox” desəm, bizimkilər küsəcəklər (gülür). Odu ki, bu suala cavab vermək istəmirəm. Ancaq bura gələndə hər şeyi ölçüb-biçib addım atmışam. Əsas hədəfim, qeyd etdiyim kimi, Latviyadan Avropaya yollanmaqdı. Alınsa, çox sevinərəm. Müqaviləyə salınan şərtə görə, klub çempionatda yaranacaq fasilədə ildə iki dəfə vətənə baş çəkmək xərclərimi qarşılayacaq. Hələ 20 yaşım var. Boynumda ailə ilə bağlı böyük məsuliyyət olmadığından indi bütün diqqətimi karyerama ayırmağı düşünürəm.
RƏŞAD