Sizin reklam burada

Vüqar Nadirov “Şahdağ”a yollanır

Baxış Sayı:638

Vüqar Nadirov “Şahdağ”a yollanır
Kamran Əlibabayev: “AZENKO bu yöndə komandaya hər cür yardım etməyə hazırdı”
Həftəsonu Region Liqasında qrup mərhələsinin son turu keçiriləcək. Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, əksər qruplarda pley-offa vəsiqə qazanan komandaların adları məlumdu. Ancaq həmin kollektivlərin arasında biri var ki, qrupun son qarşılaşmasını cümə axşamı keçirib və hesabına növbəti 3 xalı əlavə etməklə pley-offa vəsiqəni rəsmiləşdirib. Söhbət “Şahdağ”dan gedir. Şimal və paytaxt zonasında çıxış edən Qusar təmsilçisi təsnifat mərhələsinin son oyununda səfərdə “Tufan”ı məğlub etməklə adını növbəti mərhələ iştirakçıları arasına yazdırıb.
Ötən gün “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevi arayıb, pley-offla bağlı fikirlərini öyrəndik: “Artıq ikinci mövsümdü “Şahdağ” Region Liqasında çıxış edir. Bizim klub liqanın tək-tük iştirakçılarından biridi ki, öz sponsoru var və əsas komanda ilə yanaşı, müxtəlif yaş qrupları üzrə qruplarımız fəaliyyət göstərir. Demək istəyirəm ki, “Şahdağ” peşəkar səviyyədə işini davam etdirir. Bəli, bu gün üçün Region Liqasında pley-offa vəsiqəni rəsmiləşdirən ilk komanda bizik. Liqada başqa görüşlər həftəsonu baş tutacaq. Qarşıya qoyduğumuz ilkin hədəfə çatmışıq. Ancaq əsas hədəfimiz region Liqasının qalibi olub növbəti “futbol ili”ndə peşəkar status daşıyan birinci divizionda çıxış etməkdi. Hələ sovet dönəmindən Qusarda futbol olub və təsadüfi deyil ki, müstəqillik illərində bizim bölgənin bir çox yetirməsi ölkənin aparıcı klublarının şərəfini qorumaqla yanaşı,ölkənin əsas və müxtəlif yaş qrupları üzrə millilərinin heyətinə cəlb olunublar. Bu o deməkdi ki, Qusarın futbol məktəbi həmişə güclü olub. Həmin tendensiya bu gün də davam etməkdədi. Qusar Region Liqasında iki komanda ilə təmsil olunan yeganə rayondu. İstər “Şirvanovka”nın, istərsə də “Şahdağ”ın heyətində hazırda istedadlı oyunçular çıxış edir. Ancaq nə edək ki, bu klublar diqqətdən kənarda qalıblar. Fikrimcə, bu gün də Qusar təmsilçilərinə ciddi diqqət ayrılsa, yığmalara dəvət alacaq səviyyədə futbolçu tapmaq mümkündü. Hazırda Region Liqasında çıxış etməyimizə baxmayaraq, həvəsdən düşmür, yolumuza davam edirik”.
Qeyd etdiyimiz kimi, “Şahdağ” Region Liqasında mübarizə aparan komandalar arasında pley-offa vəsiqəni rəsmiləşdirən ilk kollektivdi. Kamran bəy həlledici oyunlar ərəfəsində heyəti gücləndirəcəyini bildirdi: “Liqanın Əsasnaməsinə uyğun olaraq, qrup mərhələsi başa çatandan sonra pley-offa vəsiqə qazanan komandalar son turdan sonra bir həftə ərzində heyətə yeni futbolçular cəlb edə bilərlər. Biz də bundan yararlanmaq niyyətindəyik. Qarşımıza liqanın qalibi olmaq məqsədi qoymuşuq və buna görə də sponsorumuz AZENKO bu yöndə komandaya hər cür yardım etməyə hazırdı. Bildiyiniz kimi, Vüqar Nadirov “FC Baku”dan ayrılıb. Fikrimiz var ki, onu heyətə cəlb edək. Vüqar kimi təcrübəli futbolçu “Şahdağ”a əsas mərhələ oyunlarında fayda verə bilər. Ondan başqa Ceyhun Cavadovla da danışıqlarımız olub. Hər iki futbolçu ilə ilkin danışıqlar aparsaq da, hələ ki ortada konkret nəticə yoxdu. Ancaq ümid edirik ki, məsələ müsbət sonluğa çatacaq. İstər Vüqar, istərsə də Ceyhun ilə böyük ölçüdə ortaq məxrəcə gəlmişik. Ortada xırda nüanslar qalıb ki, onu da yaxın günlərdə həll etməyi düşünürük”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR