Rauf Əliyev: “Həmin vaxtdakı pullar indi yoxdu”
Ötən sayımıza müsahibə verən Mahir Şükürov maraqlı məqamlara toxunmuşdu. Onun B kateqoriyasını almaq istəyi, Bakıda PSJ-nin futbol məktəbini açmaq niyyəti öz yerində. Keçmiş cinah müdafiəçisinin ölkə çempionatı ilə bağlı dedikləri daha çox diqqəti çəkdi. Yaxşısı budu, Şükürovun premyer-liqa haqda səsləndirdiyi fikirləri bir daha yada salaq: “Bu çempionatdı ki, gedim stadionda baxım? Gedib o cür oyunlara baxıb əsəbləşməkdənsə, həmin 2 saatımı başqa nəyəsə sərf edərəm. Nə rəqabət var, nə də ajiotaj. Heç nə qalmayıb. Ad xatirinə çempionat keçirirlər. Təki bilinsin ki, bu ölkənin də çempionatı var. Görüntü üçündü. Elə bilirsiz, baxa bilirəm? Maraqlı oyun olanda baxıram, o da uzağı 10-15 dəqiqə, lap çox olsa, yarımsaat. Allaha and olsun, Alfa Liqa premyer-liqadan maraqlıdı. Orda pul azdı, qəpik-quruşdu, amma həvəs və gərginlik var. Kənardan baxırsan, elə bil ölüm-dirim savaşına çıxırlar. Hər bir komandanın qarşısına hədəf qoyulub, o hədəfə çatmaq üçün uşaqlar qazonu dişləyirlər. Yarış belə olmalıdı”.
Təbii, çempionatda əvvəlki ajiotajın olmadığını müəyyənləşdirmək üçün qeyri-adi istedada malik olmaq lazım deyil. Bölgə komandalarının sıradan çıxması fonunda azarkeş sayında da ciddi geriləmə müşahid olunur. Bundan başqa, klubların əksəriyyətinin eyni mənbədən “qidalanması” da rəqabətə təsir edən məqamlardandı. Ancaq “heç nə yoxdu” deməklə birinciliyi tam kökündən baltalamaq da doğru olmaz. Nəzərə alaq ki, avrokuboklardakı uğurlar məhz son 5-6 ildə qeydə alınıb. Halbuki daha öncə klublarımız mərhələ adlayanda sevincimizin həddi-hüdudu olmurdu. Odu ki, bu məsələdə daim müzakirələrin şahidi oluruq.
Görəsən, hazırda çempionatımızda top qovan futbolçular bu haqda nə düşünür? Onlar Mahir Şükürovun fikirləri ilə razıdı?
Rauf Əliyev: “Mahirin oynadığı dövrlə indikini müqayisə etsək, əlbəttə, o vaxtlar çempionat daha maraqlı idi. İstər premyer-liqanın səviyyəsi, istər komanda sayı baxımından fərq var. O dönəmlərdə çempionatın səviyyəsi yüksək idi. Stadionlarda azarkeş sayı da indikindən dəfələrlə artıq idi. Həmçinin bölgə təmsilçilərinin sayı da çox idi. Bir sözlə, hərtəfəli götürsək, əvvəlki dövrlə müqayisədə Mahirə haqq qazandırmaq olar. Ancaq indi də rəqabətin olmadığını demək olmaz. Normal mübarizə gedir. Ola bilər, rəqabət əvvəlki kimi deyil. Lakin ötən mövsümlə müqayisədə, məncə, bu il daha yaxşıdı. Fikrimcə, keçənliki birincilik indikindən zəif idi. Hazırda çempionluq uğrunda iki komanda mübarizə aparır, avrokuboklara vəsiqə üçün döyüşənlərin sayı da çoxdu. Belə deyək, müəyyən balans formalaşıb və hər kəs bir-biri ilə mübarizə aparmaq gücündədi. Amma ötən il aşkar autsayder var idi, həmçinin “Qarabağ” sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirdi... Alfa Liqa ilə müqayisə? Ola bilər, Mahir bir az zarafatla, sözgəlişi belə şey deyib. Ancaq onun o fikri ilə razılaşmaq olar ki, bir neçə il öncəki çempionat tam başqaydı. Ölkəmizə səviyyəli legionerlər gəlirdi. Pul var idi. Pul varsa, məlum məsələdi ki, hər şey yaxşı olacaq. Həmin vaxtdakı pullar indi yoxdu. Həmçinin stadionlara gələn azarkeşlərin də sayı azdı. Bunun da əsas səbəblərindən biri, qeyd etdiyim kimi, bölgə komandalarının bir çoxunun artıq premyer-liqada mübarizə aparmaması ilə bağlıdı”.
Şəhriyar Rəhimov: “Bu məsələyə iki prizmadan yanaşmaq olar. Rəqabət deyəndə ki, çempionluğa oynayan komandaların sayı azalıb. Bunu qəbul etməliyik. Bu dəqiqə qızıl medallar uğrunda əsas mübarizə “Neftçi” ilə “Qarabağ” arasında gedir, “Qəbələ” də bir qədər kənara çəkilib. Qalan komandaların gücü isə aşağı-yuxarı eynidi. Bir də görürüsən ki, sonuncu yerdə gedən komanda yuxarı pillərlərdə olan birini udur. Bu baxımdan maraq var. Ancaq dediyim kimi, çox təəssüf ki, çempionluğa oynayan komandaların sayı azalıb. Əvvəllər qızıl medallar uğrunda mübarizə aparanların sayı çox olduğuna görə daha maraqlı idi. Bunu hamı deyir, fakt göz qabağındadı... Hərənin öz fikri var. Amma Alfa Liqa yox da. Düzdü, bəzi dostlarımız orda oynayır, qarşılaşmalar maraqlı keçir. Lakin o dərəcədə də müqayisə etməyək də. Ola bilər, Mahir onu sözgəlişi deyib. Fikrimcə, ciddi şəkildə müqayisə eləməz”.
FARİZ