Asif Əsgərov: “Nümayəndəsi komitə sədri olan kluba hansısa imtiyaz verilmir”
Dünən qış fasiləsindən sonra Klublar Komitəsinin (KK) ilk toplantısı keçirildi. Gündəlikdə duran əsas məsələlərdən biri də komitəyə yeni sədrin seçilməsi idi. Xatırladaq ki, KK-nın son iclasında, daha dəqiq desək, ötən ilin dekabrında “Neftçi”nin prezidenti, komitəyə rəhbərlik edən Kamran Quliyev səlahiyyət müddəti başa çatdığına görə tutduğu postdan ayrılmasına baxmayaraq, klub nümayəndələri öz aralarında yeni sədri seçə bilməmişdilər. Komitənin katibi Zaur Hacı-Məhərrəmov isə bugünlərdə qəzetimizə açıqlamasında AFFA rəhbərliyinin komitənin rəhbərsiz qalmasından narazı qaldığını bildirmiş, növbəti, yəni dünənki görüşdə KK-ya yeni sədrin seçiləcəyi anonsunu vermişdi.
Toplantıdan öncə bir çoxları komitənin yeni sədrinin “Qarabağ” və ya “Qəbələ” rəsmilərindən birinin olacağı düşüncəsində idi. İclas ərəfəsində futbolinfo.az saytının futbol yazarları arasında keçirdiyi sorğuda ştirak edən respondentlər də məhz bu iki klubun rəhbərliyinin komitənin başına keçəcəyini ehtimal etmişdi. Ancaq proqnozların əksinə, toplantının başlamasına dəqiqələr qalmış adını qeyd etdiyimiz klubları iclasda təmsil edən nümayəndələr qələm əhlinə sədr olmaq istəmədikləri barədə məlumat verdilər. “Qəbələ”nin baş meneceri Zaur Əzizov, “Qarabağ”da eyni vəzfəni tutan Asif Əsgərov “sədr olmaq fikrimiz yoxu” deyərək, toplantının keçiriləcəyi məkana yollandılar.
Bu artıq neçənci seçkidi ki, istər “qırmızı-qaralar”ın, istərsə də” köhlən atlar”ın nümayəndələri KK-ya sədrlik etmək fikrində olmadıqlarını bəyan edirlər. Onların bu addımı futbol ictimaiyyəti arasında da artıq müəyyən xoşagəlməz fikirlərin formalaşmasına rəvac verir. Ölkənin ən iddialı üç klubundan ikisinin, AFFA-ya yaxınlığı olmayan, müstəqil siyasət yürüdən “Qarabağ” və “Qəbələ”nin komitəyə rəhbərlikdən imtina etməsi müəyyən dairələrdə KK-nın heç də müstəqil qurum olmaması fikrini formalaşdırır. Bəs əslində necədi? Nəyə görə “qırmızı-qaralar”ın və “köhlən atlar”ın rəsmiləri seçkiyə qatılmaqdan imtina edirlər?
Bu suallara cavab tapmaq üçün öncə şimallıların baş meneceri Zaur Əzizovla əlaqə saxladıq: “Klublar Komitəsinin sədri olmaq istəməməyimizin özəl bir səbəbi yoxdu. Onsuz da klub olaraq komitənin hər iclasında iştirak edir, bizi narahat edən, klubumuzun siyasətinə zidd olan məsələlərlə bağlı sözümüzü deyir, iradımızı bildiririk. Sizin kimi, bir çox mətbuat orqanlarında “Qəbələ rəhbərliyi nəyə görə sədrlik postundan imtina edir” məsələsi gündəmə gətirilir. Yenə deyirəm, bunun xüsusi səbəbi yoxdu. Komitə formal qurum olsaydı, biz heç toplantılara qatılmazdıq. Mənə çox maraqlıdı ki, nəyə görə “Qəbələ” rəhbərliyinin bu addımı həmişə mediada bu qədər müzakirə olunur? Komitəyə sədrlik etsək, nə dəyişəcək? Klublar Komitəsi qanunverici orqan deyil, ən yaxşı halda bu komitə klubları narahat edən hansısa məsələni müzakirə edib daha yuxarı instansiyalara göndərmək səlahiyyətinə malikdi. Sədr olduq və ya olmadıq, sözümüzü deyirik, bizi narahat edən məsələləri qabardırıq. Komitəyə rəhbərlik edən klubun nümayəndəsinə əlavə hansısa imtiyaz verilmir ki, o posta can ataq, sədr olmağa çalışaq. Komitədə təmsil olunan bütün klublar eyni səlahiyyətə malikdi”.
Ağdam təmsilçisinn baş meneceri Asif Əsgərov da “Qəbələ”dəki həmkarının söylədiklərinə uyğun fikirlər səsləndirdi: “Klublar Komitəsinə sədrlik edən şəxsə və ya onun təmsil etdiyi kluba hansısa imtiyaz verilir? Sədrlə başqa nümayəndələr arasında nə fərq var? Hamımız toplantıda iştirak edir və bizi narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Seçkidə iştirak etməməyimizin xüsusi bir səbəbi yoxdu. Sədr olduq, olmadıq, heç bir fərqi yoxdu. Bu gün keçirilən toplantıda ən çox danışan, müəyyən məsələlərfən narazılıq edən biz və “Qəbələ” klubunun nümayəndəsi idi. Frits Stuxlik də bütün klubların nümayəndələrinin fikirlərini dinlədi. Ona görə də “Qarabağ” niyə sədrlikdən imtina edir” söhbətini xüsusi qabartmağa ehtiyac yoxdu. Komitədə təmsil olunan bütün klublar eyni hüquqa malikdi. Yenə deyirəm, nümayəndəsi komitə sədri olan kluba hər hansı imtiyaz verilmir”.
RƏŞAD
P.S. Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdıraq. Toplantı başa çatandan sonra əksər klubların nümayəndələri AFFA-nı tərk etmişdi. Bir qədər ləngiyən isə “Qəbələ” və “Qarabağ”ın təmsilçiləri – Zaur Əzizov və Asif Əsgərov idi. AFFA-nın binasını tərk edəndə Əsgərov assosiasiyanın baş katibi Elxan Məmmədovla qarşılaşdı. Təxminən 15 dəqiqə çəkən ayaqüstü söhbətdə klub rəsmisi ilə Elxan bəyin nəyisə müzakirə etdiyi kənardan hiss olunurdu. Dialoq başa çatandan sonra Asif bəydən söhbətin məzmunu barədə məlumat aldıq. Və məlum oldu ki, hər hansı konkret məsələ barədə söhbət olmayıb. Ağdamlıların baş meneceri baş katibə bu gün premyer-liqada, təmsil olunduğu klubda mövcud ab-hava barədə məlumat verib və klubları narahat edən məsələlər barədə danışıb.
P.P.S. Elxan Məmmədov “Qarabağ”ın baş meneceri ilə ayaqüstü söhbətdən sonra bir qrup jurnalistlə görüşdü. Həmişəki kimi hamını gülərüzlə salamlayan baş katib “görürsüz, Klublar Komitəsinə seçki olduğuna görə bu gün işə bilərəkdən gec gəlmişəm. Bilərəkdən belə etmişəm ki, sonra deməsinlər ki, baş katib seçkiyə müdaxilə etdi” söylədi. Məmmədovun dediklərinə isə bəndənizin reaksiyası belə oldu: “Adətən, seçkinin taleyi bir gün öncədən məlum olur. Bu gün sizin işə tez və ya gec gələməyinizin heç bir mənası yoxdu”. Elxan bəy söylədiklərimə təbəssümlə reaksiya versə də, görünür, nə dediyimi başa düşməmişdi. Bir neçə saniyədən sonra o yenidən geri qayıdıb jurnalistlərə “komitəyə kim sədr seçildi” sualını verdi ki, bu da bir qədər qeyri-inandırıcı göründü.