“Çempionlar Liqası elə atmosferdi ki, yenidən ora düşmək istəyirsən”
“Krılya Sovetov”un üzvü Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Yığmamızın hücumçusu "Zenit"ə qayıtmaq istədəyini bildirib, "Qarabağ"dakı karyerasını xatırlayıb, Çempionlar Liqasındakı iştirakının onun üçün böyük təcrübə olduğunu söyləyib: "Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm və bunun olmasını istərdim. Çünki söhbət uşaqlığımdan bəri azarkeşlik etdiyim doğma və sevimli şəhərimin komandasından gedir... “Qarabağ”la Çempionlar Liqasında iştirak etdim. Əlbəttə, hər şey göz qabağındadı. Amma onu deyim ki, bu təcrübə, sadəcə, verilmir, insanı oyundan-oyuna təhlil aparmağa vadar edir, böyüdür. Ümid edirəm ki, orda qazandığım təcrübənin mənə köməyi olacaq. Çempionlar Liqası elə atmosferdi ki, yenidən ora düşmək istəyirsən. Lakin həm də başa düşürsən ki, bunun üçün çox çalışmaq lazımdı”.
"Krılya Sovetov"dakı vəziyyətindən də söz açan Şeydayev burda hər şeyin ürəyincə olduğunu deyib: "Həm şəhər, həm komanda, həm də mənim üçün yaradılan şərait çox xoşuma gəlir. Ən əsası isə "Krılya Sovetov"da inkişaf etmək üçün hər cür imkan var. Buna görə burdayam. Oynamağa hazıram".
Samara təmsilçisinin baş məşqçisi Miodraq Bojoviçlə bağlı da fikirlərini bildirən forvard serbiyalı mütəxəssisdən ağızdolusu danışıb: "Onun məşqləri çox xoşuma gəlir. İlk növbədə komandadakı ab-havanı dəyişib. Burda məşq etməkdən həzz alıram. Hər şey qaydasında gedir. Burada təkcə mənim üçün yox, bütün kollektiv üçün rahatdı".