Sizin reklam burada

Mütəxəssislər Ağatahir Əzimovda günah görmür

Baxış Sayı:456

Mütəxəssislər Ağatahir Əzimovda günah görmür
İlqar Aslanov: “Orta məktəblər yoxdu, universitetlərdən savadlı uşaq axtarırıq”
Elman Ələkbərov: "Vaxt var idi, türklərlə hansısa turnirdə qarşılaşanda bizə deyirdilər ki, çox vurmayın”

Srağagün ölkə futbolunun, daha doğrusu, futzalının tarixinə daha bir acınacaqlı nəticə yazıldı. Belə ki, 19 yaşadək futzalçılardan ibarət yığma "doğma divarlar" arasında birabır oldu. Türkiyəli həmyaşıdlarıyla yoldaşlıq oyununda Ağatahir Əzimovun yetirmələri 1:10 hesablı darmadağına məruz qaldı. Halbuki qardaş ölkə bu idman növündə heç də Avropanın aparıcı ölkələrindən sayılmır. Özü də Türkiyəyə öz azarkeşlərimiz önündə bu hesabla uduzmaq qəbuledilməzdi. Həmin nəticədən sonra çoxlarının "ləğv edin bu yığmanı" fikrini səsləndirməsini də anlayışla qarşılamaq olar. Bu həm də illərlə futzala ayrılan pulların havaya sovrulmasının acı təzahürü idi. Süni inkişaf yoluni seçən, gələcək üçün bünövrə qoymayanlar üçün 1:10 tutarlı cavab oldu. Düzdü, yoldaşlıq oyunlarının nəticəsi önəmli deyil. Ancaq 9 top fərqi ilə uduzmağa heç cür bəraət tapmaq mümkün deyil. Halbuki U-19 bu rəqibə iki gün öncə 3:5 hesabıyla uduzmuşdu. Deməli, problemlər kifayət qədərdi və rəsmi oyunlara qədər onların aradan qaldırılması mümkünsüzdü.
İlqar Aslanov: "Ağatahir Əzimov bu komandada çoxdan işləmir. Bazamız yoxdu. Bunu siz də bilirsiz. İstedadlı uşaqlar böyük futbola gedir. U-15, U-16, U-17 olmalıdı ki, U-19 da yaxşı olsun. Bunlar olmadan çətindi. Ağatahir məcbur olub kənardan uşaq gətirir. Fikrimcə, onu da qınamaq olmur. Görünürdü ki, fiziki, taktiki cəhətdən hazır deyillər. Bir-iki epizodda Əzimovun işi görünürdü. Ancaq top itkisi çox olur. Onlar uşaqlıqdan öyrənməlidi ki, yığmada da nəsə edə bilsinlər. Yüksək dəstədə gənc oyunçu limiti tətbiq etmək olar. Düzdü, bunun xeyri olacaq, amma az. Çünki uşaq yoxdu. Bu gün deyək ki, legioner olmasın, bütün komandalar öz futbolçularımızdan qurulsun, effekt verməyəcək. Yerli uşaqları hazırlamalıyıq ki, onlardan nəsə istəyək də. Bu, bilirsiz, nəyə bənzəyir? Orta məktəblər yoxdu, universitetlərdən savadlı uşaq axtarırıq. Necə ola bilər? İlk növbədə baza olmalıdı. 19 yaşlı futzalçını "Araz"a at, orda oynaya bilməyəcək. Matça televiziyadan baxırdım, özümü pis hiss edirdim. Şərhçi dedi ki, türklər ayda iki dəfə başqa ölkələrin komandaları ilə yoldaşlıq oyunu keçirirlər. Bizimkilər isə bundan öncə təkcə Gürcüstanla oynayıblar. Daha aşağı yaş qrupları olmalıdı, daim yoxlama matçları reallaşmalıdı. Yalnız belə olarsa, inkişaf gedər. Böyük futbolda bunlar ola-ola da çətinliklər yaranır. Bu adi bir məntiqdi ki, yoldaşlıq oyunları maksimum çox olmalıdı. Sanki 7-8-ci sinifdə oxuyana vurma cədvəli öyrədirsən. 19 yaşında öyrənməyə başlasa, 30 yaşında biləcək. Onda da gec olacaq. Mənim düşüncəm belədi. Hər şey aşağıdan başlayır. Məktəblər olmalıydı. Böyük futbolda olduğu kimi, aşağı yaş qrupları da yaradılmalıdı. U-19-u isə lap elə yüksək dəstədəki mübarizəyə qoşmaq lazımdı. Hesaba fikir vermək lazım deyil. Əsas odu, uşaqlar daim oynasın. Ancaq əsas hədəf məktəblərin yaradılması olmalıdı".
Elman Ələkbərov: "Ağatahir Əzimovda günah görmürəm. Əlinin altında cavan uşaqlardı. Türkiyə futzalı da inkişaf etməkdədi. Vaxt var idi, türklərlə hansısa turnirdə qarşılaşanda bizə deyirdilər ki, çox vurmayın. 80-ci illəri nəzərdə tuturam. Ancaq indi onlar futzala diqqət yetirirlər. Bizdə yaxşı oyunçular böyük futbola üz tutur. Problem də ondadı. Futzal məktəbi yaratmaq lazımdı. Futzal çempionatında axşam 8-9-da oyun olmur və həm də göstərilmir. Təbliğ olunmalıdı ki, uşaqlar da həvəslənsinlər, gəlsinlər. Yavaş-yavaş futzal da böyük futbolumuza bənzəyir. Vaxtilə nüfuzlu turnirlərin final mərhələsində iştirak edirdik. Ancaq indi vəziyyət dəyişib. Zaur müəllimə (Futzal Federasiyasının prezidenti Zaur Axundovu nəzərdə tutur - F.) də əlavə yük veriblər. Böyük futbola da diqqət ayırmalıdı, "Keşlə"yə rəhbərlik edir. O vaxt braziliyalılar idi? Ona qalsa, İspaniya, Rusiya kimi ölkələrin millilərində də braziliyalı futzalçılar var. Əsas mələsə uşaq futzalını inkişaf etdirməkdi. Bu olmasa, uğur qazanmaq çətin olacaq. Türklərdən soruşardız ki, 6 ay ərzində neçə yoldaşlıq oyunu keçiriblər? Kimlərlə oynayıblar? Bizimkilər təkcə gürcülərlə qarşılaşmışdılar. Deməzdim ki, baş məşqçinin burda böyük səhvləri var. Bu həm yoldaşlıq oyunudu, həm də belə hesablar futzalda qeydə alınır. Sadəcə, futzala da dəstək, reklam, sponsor lazımdı. Demirəm, 1:10 normal nəticədi. Amma iş prosesində bəzən olur. Ola bilər, bu uşaqlar böyük futbolda bir yerdə olublar. Lakin futzalda olmayıblar axı. Turnirlər keçirilməlidi, bu komandalar orda iştirak etməlidi. Telekanallar da çəkib göstərməlidi, futzalı reklam etmək lazımdı. Kim istəyərdi ki, 9 top fərqiylə uduzsun? Heç kim. Deməli, problemlər var. Bunlardan biri də uşaqların təcrübəsinin yetərincə olmamasıdı".
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR