Sizin reklam burada

Boykotçular martın sonunda turnir təşkil edəcək

Baxış Sayı:448

Boykotçular martın sonunda turnir təşkil edəcək
Nadir Nəsibov federasiya prezidenti postundan uzaqlaşdırılacaq
Bir aydan çoxdu ki, basketbol üzrə ölkə çempionatı klubların federasiyasiyanı boykot etməsi səbəbindən dayandırılıb. Qısaca xatırladaq ki, ölkə birinciliyində iştirak edən 5 klub – NDT, “Alov”, ADNSU, AZTOP və “80-lər” üzləşdikləri durumdan narazı qaldıqları üçün federasiya prezidenti Nadir Nəsibovun istefasını tələb edirlər. Yanvarın 14-də mətbuat konfransı keçirən “qiyamçılar” hec bir halda fikirlərindən dönməyəcəklərini, Nadir bəy postundan getməyincə çempionata qatılmayacaqlarını bildirməklə yadda qalmışdılar.
Basketbol camiəsinin “boykot” qərarı Gənclər və İdman Nazirliyini də narahat etməyə bilməzdi. Mətbuat konfransından 4 gün sonra nazirliyin inzibati binasında Fərid Mansurovun iştirakı ilə “qiyamçılar”la görüş keçirildi. Lakin bu dəfə də klub rəhbərlərini qərarlarından yayındırmaq mümkün olmadı. Bir neçə gündən sonra artıq federasiyanın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev federasiyadan narazı qalanları qəbul etdi. Lakin həmin görüşdə də kompromis əldə olunmadı. Klubların çempionat oyunlarına çıxmadığını görən federasiya rəhbərliyi isə hər birini 1500 manat cərimələməklə yanaşı, çempionatdan kənarlaşdırıldıqları barədə klublara bildiriş ünvanladı.
Həmin ərəfədə “qiyamçılar”ın başında duran, NTD-nin prezidenti Bəhram Abdinov qəzetimizə açıqlamasında federasiyanın absurd qərar qəbul etdiyini bildirməklə yadda qaldı: “Biz onsuz da çempionatdan imtina etmişik. Onların bizi kənarlaşdırması və yaxud cərimə etməsi heç nəyi dəyişmir. Federasiya rəsmiləri növbəti dəfə özlərini gülünc vəziyyətə salırlar”. Bəhram bəy bizimlə söhbətdə onu da qeyd etmişdi ki, çempionat keçirilməyəcəyi təqdirdə klublar öz aralarında turnir təşkil edəcəklər.
Dünən yenidən Bəhram Abdinovu arayıb, son durumla bağlı bilgi almağa çalışdıq: “Hələ ki heç bir yenilik yoxdu. Nə federasiyadan, nə də Gənclər və İdman Nazirliyindən bir xəbər çıxdı. Çempionatı boykot edən klubların mövqeyi dəyişməz qalıb. Nadir Nəsibov istefa verənə qədər ölkə çempionatında iştirak etməyəcəyik. Turnirə gəlincə, belə bir fikrimizin olduğunu ötən dəfə sizə demişdim. Martın sonunda 5 klubun iştirakı ilə turnir start götürəcək. Bütün xərcləri də klublar özləri qarşılayacaq”.
Basketbol camiəsində yaşananlar, çempionatın keçirilməməsi heç də yaxşı hal deyil. Bu ilk növbədə ölkənin idman imicinə zərbədi. Belə yerdə Gənclər və İdman Nazirliyi də özünü göstərməlidi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb, yaşananlarla bağlı qurumda aidiyyatı şəxslərin fikirlərini öyrənib bizə deməsini istədik. Səmayə xanım məsələni araşdırıb, lazım olan məlumatı bildirəcəyini söyləsə də, günün sonuna kimi ondan səs-soraq çıxmadı. Özümüz növbəti dəfə mətbuat katibi ilə əlaqə saxladıqda isə zənglərimiz cavabsız qaldı. Görünür, Gənclər və İdman Nazirliyində ya basketbolda yaşanan problemlər heç kimi maraqlandırmır, ya da hamı nəsə bilir və ona görə də səsini çıxarmaq istəmir.
Yəqin ki, bizə çatan informasiyadan onlar da agahdı. Etibarlı mənbədən əldə etdiymiz bilgiyə görə, tezliklə federasiya prezidenti Nadir Nəsibov postundan uzaqlaşdırılacaq. Mənbəmizin sözlərinə inansaq, heç nazirlikdə əyləşən bəzi yüksək çinli məmurlar da Nəsibovun fəaliyyətindən razı deyillər. Sadəcə, daha böyük söz-söhbətin yaşanmaması üçün hələ susmağa üstünlük verirlər. Onlar da bilir ki, Abdinov-Nəsibov qarşıdurmasından birinci qalib ayrılacaq. Çünki Abdinovun arxasında daha böyük qüvvələr durub. Ona görə də Bəhram bəy heç kimdən və heç nədən çəkinmədən federasiya rəhbərliyinin hansı saxtakarlıqlara yol verdiyini, nazirlikdən və Beynəlxalq Basketbol Federiyasından ayrılan maliyyə vəsaitinin istiqaməti üzrə xərclənmədiyini mətbuata açıqlayır.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR