Paylaşıma “İnter” azarkeşi də şərh yazdı
Mobil telefonlar və sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz parçasına sevrilib. Artıq əlində telefon olmayanda adam özünü narahat hiss edir. Sükan arxasında oturanda, yemək yeyəndə, növbədə dayananda belə, gözünü telefondan ayırmaq mümkün deyil. Bunun nəticəsidi ki, dünyada baş verən prosesləri, xüsusən də idman olaylarını telefonun ekranında yazılanları oxumaqla öyrənirik.
Lakin bəzən işimiz təkcə öyrənmək olmur. Maraqlı videolar, şəkillər və atmacalar dodaqlarımızın tərpənməsinə gətirib çıxarır. Necə ki dünən “Qarabağ”ın “feysbuk” səhifəsindəki paylaşım çoxlarının gülüşünə səbəb oldu. Deməli, səhifəni işlədən admin srağagün “Ateltiko” – “Yuventus” qarşılaşmasında (2:0) qonaqların meydan sahiblərinin qapısına yol tapa bilməməsinə maraqlı atmaca atıb. 2017-nin dekabrında Madriddə keçirilən “Atletiko” – “Qarabağ” oyununda başla fərqlənən Miçelin həmin qolunun videogörüntüsünü paylaşaraq, “Yuventus”, “Atletiko”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyunluq?” başlığını seçib.
Məlum paylaşım sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirələrə səbəb olsa da, ümumilikdə xoş qarşılanıb. Hər halda, bəyənmə sayı və yazılan şərhlər başqa cür düşünməyə əsas vermir. Elə isə ən maraqlı bir neçə şərhlə siz də tanış olun.
Semra Aliyeva Goalasso: “Simeone bu paylaşımı görməsin. Yoxsa dilindən düşməzsiz”.
Costa Daniele: “Milan ”İnter”inin azarkeşindən hər birinizə salamlar. Ümid edirəm ki, onlar bunu sizdən öyrənməyəcəklər”.
Mahmud Khanjigazly: “Admin hesabı 3:0 etdi. Dua edək ki, növbəti dəfə Çempionlar Liqasına vəsiqə qazansaq, nə “Atletiko”, nə də “Yuventus” bizimkilərlə eyni qrupa düşsün”.
Orxan Ziyadlı: “Ronaldo bacarmadı, Miçeli bir oyunluq verək bəlkə?”
Xatırladaq ki, 10 gün öncə “Qarabağ”ın qeyri-rəsmi səhifəsi də maraqlı atmaca ilə yadda qalmışdı. “Çelsi”nin səfərdə “Mançester Siti”yə 0:6 hesablı ilə uduzduğunu bilən admin məhz bu hesabla ingilislərin xeyrinə başa çatan “Çelsi” – “Qarabağ” oyunundan bir foto paylaşıb bu başlığı seçmişdi: “Gün gələr, hesab dönər... Salam, “Çelsi”, nətərsən?”
HƏBİB