“Allaha and olsun, Alfa Liqa premyer-liqadan maraqlıdı”
Son 10-15 ilin üzdə olan futbolçuları yavaş-yavaş karyeralarını başa vururlar. Son iki-üç ildə Rəşad Abdullayev, Rəşad Sadiqov, Fərhad Vəliyev kimi təcrübəli futbolçular və sabiq yığma üzvləri butslarını mismardan asmağa qərar verdilər. Yaxın gələcəkdə Rəşad Sadıqovun da onlara qoşulacağı sirr deyil. Maraqlıdı ki, adı çəkilənlərin hər biri müxtəlif vəzifələrdə çalışsalar belə, futbolun içindədilər.
Lakin eyni sözləri vaxtilə ölkənin üzdə olan üç futbolçusundan biri sayılan Mahir Şükürov haqda demək mümkün deyil. Sabiq “4 nömrə” “Neftçi”də məşqçilik etməyə başlasa da, sonradan məlum oldu ki, azyaşlılarla işləməkdə maraqlı deyil. Ona görə də hazırda bütün diqqətini biznesə ayırıb. Bildiyimizə görə, Türkiyədəki dostları ilə iş qurub. Xatırlayırsızsa, təxminən 1 il öncə Mahir qəzetimizə açıqlamasında İzmirdə öz adına futbol məktəbi açacağını, bununla yanaşı, B kateqoriyasına sahib olmaq üçün Ukraynada kurslara qatılacağını bildirmişdi. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, nə akademiyadan xəbər var, nə də kateqoriyadan. Şükürovu diqqət mərkəzində saxladığımızdan onunla növbəti dəfə əlaqə saxladıq.
- Səs-sorağın gəlmir. Yenə kölgəyə çəkilmisən...
- Kölgəyə deyəndə ki, Türkiyədəydim, Bakıya yeni gəlmişəm. Buralardayam. Dost-tanış içində oluram. Sadəcə, futbolda deyiləm deyə, elə görünür ki, yoxam. Şükür, hər şey qaydasındadı.
- “İnstaqram”da fəal görünürsən. Arxiv videolar, şəkillər, asmalar, qollar, ötürmələr...
- (gülür) Hələ yeniləri gəlir, yoldadı.
- Keçmiş günlərlə təsəlli tapırsan?
- O paylaşımları etməliyəm ki, gənc nəsil görüb-götürsün. Bilsinlər ki, nə vaxtsa Azərbaycanda belə futbolçular olub. Bəlkə həvəslənib həmin asmaları etmək üçün məşq edərlər, öyrənərlər. Bizim vaxtımızda internet yox idi, gedib özümüzdən böyüklərin məşqlərinə baxıb öyrənirdik. Onlarda nə görürdüksə, etməyə çalışırdıq. İndi maşallah, internet var, şərait var, məşq meydanı var. Otur bax, öyrən.
- Çempionat oyunlarına baxırsan?
- Bizim çempionata?
- Bəli.
- Hərdən baxıram.
- Stadionda görmürəm axı.
- A yox e, nə stadion? Bu çempionatdı ki, gedib stadionda baxım? Gedib o cür oyunlara baxıb əsəbləşməkdənsə, həmin 2 saatımı başqa nəyəsə sərf edərəm. Nə rəqabət var, nə ajotaj. Heç nə qalmayıb. Ad xatirinə çempionat keçirirlər. Təki bilinsin ki, bu ölkənin də çempionatı var. Görüntü üçündü.
- Bəs televizor qarşısında necə, baxırsan?
- Elə bilirsiz, baxa bilirəm? Maraqlı oyun olanda baxıram, o da uzağı 10-15 dəqiqə, lap çox olsa, yarımsaat. Həvəskarlar arasında çempionat keçirilir e, köhnə futbolçuların hamısı ordadı. Adı nə idi?
- Alfa Liqa?
- Hə-hə... Allaha and olsun, Alfa Liqa premyer-liqadan maraqlıdı. Orda pul azdı, qəpik-quruşdu, amma həvəs və gərginlik var. Kənardan baxırsan, elə bil ölüm-dirim savaşına çıxırlar. Hər bir komandanın qarşısına hədəf qoyulub, o hədəfə çatmaq üçün uşaqlar qazonu dişləyirlər. Yarış belə olmalıdı.
- B kateqoriyası almalıydın. Nə oldu?
- Ukraynaya getməliydim, AFFA-dan məsləhət gördülər ki, burda oxuyum.
- Kim dedi?
- Baş katiblə görüşdüm. Sağ olsun, qəbul etdi, söhbətləşdik. Dedi, burda oxumağın məsləhətdi. İndi C kateqoriyası üçün kurslar keçirilir. Onlar qurtarandan sonra “B” başlayacaq. İnşallah, budəfəki kurslara qatılacam. Özüm də kateqoriya almaqda maraqlıyam.
- “B”-ni alıb nə edəcəksən?
- “B”-ni alan kimi “A”-nı oxuyacam.
- Uşaq komandalarında işləməmək üçün birdəfəlik “A”-nı istəyirsən?
- Birdən-birə böyüklərə işləmək söhbəti deyil. Yaxşı yer olsa, uşaqlarla başlamaq olar. Amma böyüklərlə işləmək də pis olmaz. Şükür Allaha, futbol təcrübəm var, az-çox nəsə öyrənmişəm. Kurslara da əsasən məşqlərin keçilməsi, taktikanın öyrənilməsi üçün qatılırsan. Onları tam biləndən sonra heç bir problem olmayacaq.
- İzmirdə öz adına futbol məktəbi açacaqdın. Onun axırı necə oldu?
- Yadınızdadısa, məktəbi türk dostumla şərikli açmaq istədiyimi demişdim. Həmin dostuma ötən il olduqca maraqlı təklif gəldi, o da dəyərləndirdi. İstanbulda PSJ-nin futbol məktəbi açılıb ki, o da rəhbərlik və sponsorluq edənlərdən biridi. Hətta Rikardo Kuaresmanın oğlu da futbolun sirlərinə dediyim məktəbdə yiyələnir. Bu yaxınlarda uzun illər PSJ-nın formasını geymiş Pauleta da məktəbi ziyarət etmiş, məşqçi və futbolçularla görüşmüşdü. Ona görə də İzmirdəki planımız baş tutmadı. Yaxın vaxtlarda türk dostum Bakıya səfər edəcək. Görək nə edirik.
- Nə məsələdi?
- Həmin məktəbdən Bakıda da açmaq fikrimiz var. Bunun üçün ilk növbədə baza tipli stadion tapmalıyam. Ki, içində paltardəyişmə otaqları, hamam-tualeti, yeməkxanası və ofisi olsun. Kiçik ölçülü meydançaların sayı da azı 3-4 olmalıdı. Ən pis halda başlanğıc üçün standartlara uyğun iri meydanı 3 yerə bölmək mümkündü. Mənim üzərimə düşən iş öhdəlikləri yerinə yetirməkdi. Lazım olan şəraiti yaradandan sonra dostumu Bakıya dəvət edəcəm. Ondan sonra necə olacağına dair qərar verəcəyik.
- Dildə asan görünür, amma asan alınan işə oxşamır.
- Asan deyəndə ki, mən üzərimə düşən öhdəliklərin nədən ibarət olduğunu deyirəm. Təbii ki, cızma-qara ilə yola verilən plan deyil. Klubun adı ilə bağlı məktəb açırıqsa, PSJ rəsmiləri də Bakıya səfər edəcək. Əməlli-başlı iş görmək istəyirik. Məşqlər ödənişli olacaq. Amma bir şərtlə ki, formalar və bəzi inventarlar birbaşa Parisdən göndəriləcək. Bundan başqa ingilis və fransız dillərini bilən müəllimlər cəlb olunacaq. Uşaqlara futbolla yanaşı, bu iki dili də öyrətməliyik. Klubun şərtlərindən başlıcası budu. Əməkdaşlıq tam yerini tutandan sonra gələcəkdə müəyyən vəsait ödəməklə PSJ-nın evdəki avrokubok matçını xüsusi tribunadan izləmək imkanı yaradılır. Və ya müxtəlif ölkələrdəki PSJ məktəbləri arasında hansısa yarış keçirilir və həmin turnirin qalibi olan kollektiv əsas komandanın oyunundan əvvəl, yaxud fasiləsində 40-50 min azarkeşin qarşısında mükafatlandırılır. Bunlardan başqa, ildə iki dəfə seleksiya xarakterli məşqlər təşkil olunur. Ən bacarıqlı futbolçuları seçib Parisdə saxlayırlar. Yalandan birhəftəlik qalıb, sonra qayıtmaq yox ha. Uşaq bir neçə ay, yaxud il orda qalır, məşq edir, oynayır, öyrənir, bir sözlə, məktəbi Fransada keçir. Ona görə də klub rəhbərliyi məktəblərdə dil biliyini xüsusi şərt kimi qoyublar. Bütün bu dediklərimi PSJ-nin nümayəndələri türk dostumla söhbət edəndən sonra dostum razılıq verib. İndi də həmin məktəbi Bakıda yaradıb, şərait qurmaq istəyirik.
- Nəyi gözləyirsən?
- Bu söhbət ötən ildən var. Sadəcə, şəxsi işlərim çox idi deyə, məşğul ola bilmirdim. Həm də şəhərin yaxşı yerində stadion tapmalıyam. 5-10 manatla əmələ gələcək iş deyil. Bu plan üçün böyük pullar xərclənəcək deyə, ən kiçik detala da fikir verməliyik. PSJ sənə adı elə-belə, “salam-sağ ol”a vermir ki. İlk növbədə əməkdaşlıq üçün qarşı tərəfə pul ödəməlisən. Bundan başqa, tələbləri yerinə yetirməlisən. Hamısını üst-üstə gələndə ciddi məbləğ çıxır ortaya. Ona görə də yüz ölçüb, bir biçməliyəm. Sağlıq olsun, uzağı yaya qədər dəqiqləşəcək. Bəlkə tez oldu.
HƏBİB