Sizin reklam burada

Türklər yığmamızı darmadağın etdi

Baxış Sayı:419




Ağatahir Əzimov: “Rəqibdən çəkindik, sanki dogma meydanda oynayan biz deyildik”
Türklər yığmamızı darmadağın etdi
Azərbaycan (U-19) – Türkiyə (U-19) 1:10 (1:3)
Azərbaycan: 1. Vladislav Reznov, 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli; 12. Niyaz Əhmədov, 19. Hüseyn Abutalıbov, 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 13. Fuad Məmmədzadə, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Türkiyə: 12. Ərkan Çinar, 6. Məhəmməd Yusif Aygün, 7. Məhəmməd Furkan Özhan, 10. Bünyamin Ballı (k), 11. Batuhan Dırağa; 1. Rəcəp Taş, 23. Ərtoğrul Yıldız, 2. Mustafa Yorulmaz, 3. Mustafa Acar, 4. Arda Köksal, 5. Əmir Şənocak, 8. Səfa Çolak, 9. Bərat Altındiş, 13. Doğu Dəmirkol.
Baş məşqçi: Murat Kaya.
Qollar: M.F.Özhan, 1 (0:1). H.Qarayev, 9 (1:1). M.F.Özhan, 12 (1:2). A.Köksal, 14 (1:3). B.Ballı, 25 (1:4). S.Çolak, 27 (1:5). B.Dırağa, 31 (1:6). S.Çolak, 34 (1:7). M.F.Özhan, 37 (1:8). B.Dırağa, 39 (1:9). M.Acar, 40 (1:10).
Vərəqələr: R.Rüstəmov, 28. K.Əsədli, 35 – sarı. R.Rüstəmov, 30 – qırmızı (ikinci sarı).
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov.
21 fevral. Bakı İdman Sarayı.
Avropa çempionatına hazırlaşan futzal üzrə 19 yaşlılardan ibarət yığma üçün Türkiyə ilə yoldaşlıq görüşləri ciddi sınaq idi. Seçmə mərhələyə bir ay qalmış son duruma, real gücümüzə bələd olacaqdıq. Fevralın 19-dakı oyunda türklərə uduzsaq da, müqavimət göstərə bilmişdik. Ən azı ilk hissəni xeyrimizə başa vurmuşduq. Ancaq 3:5 uduzduğumuz həmin oyunda çatışmazlıqlar üzə çıxmışdı. Fərdi bacarıq bir yana, anlaşma və fiziki hazırlıq istənilən səviyyədə deyil. Dünənki qarşılaşmada isə yığmamız fiaskoyla üzləşdi. Rəqibin vurduğu 10 qolun qarşılığında bizimkilərin gücü təsəlli topuna çatdı...
Düzdü, rəqibin gücünü də qiymətləndirmək lazımdı. Türkiyənin əsas yığmasını daim üstələsək də, aşağı yaşlılarla bağlı durum fərqlidi. Bu idman növünün incəliklərindən təcrübəli futzalçılarımız daha məharətlə yararlana bilir. Görünür, gənclərə futzalın sirlərinə yiyələnmələri üçün zaman vermək lazımdı. İndiki məqamda isə hansısa üstünlükdən danışmaq olmur. Əksinə, Türkiyə daha çevik, dinamik oyunu ilə təəccübləndirməyi bacardı. Düzdü, rəqibin heyətində bir futzalçının - Məhəmməd Furkan Özhanın oyununu xüsusi qeyd etmək lazımdı. Bizimkilər əla qol duyumu olan bu oyunçunu saxlamaqda çətinlik çəkirdi. Təsadüfi deyil ki, o, hər iki görüşdə het-trik etməklə diqqət çəkdi. Artıq 22-ci saniyədə Özhan yığmamızı meydanın mərkəzinə dəvət etdi. Tədricən özünə gələn və topu özündə saxlamaqla üstünlük əldə etməyə çalışan bizimkilər hissənin ortalarında “status-kvo”nu bərpa etdi. Hüseyn Qarayev əlinə düşən fürsətdən maksimum yararlandı. Ancaq bu, yığmamızın görüb-görəcəyi yeganə qol oldu. Yenidən təzyiqi artıran qonaqların bir neçə cəhdinin qarşısını qapıçı Vladislav Reznov alsa da, 12-ci dəqiqədə Özhanın dubl etməsini o da əngəlləyə bilmədi. Futzalçılarımız adi epizodlarda səhvlərə yol verir, düzgün ötürmə verməyi bacarmır, orta sahəni keçməkdə çətinlik çəkirdi. Rəqib isə yüksək fiziki hazırlığın və topla düzgün davranmağın hesabına sürətli həmlələrdən maksimum yararlanırdı. 14-cü dəqiqədə Arda Köksal hesab arasındakı fərqi 2 topa çatdırdı. Qalan 6 dəqiqə ərzində qapısını toxunulmaz saxlayan Ağatahir Əzimovun yetirmələri sonluqda qayda pozmamaqla da diqqəti çəkdi. Əks halda qapımıza penalti təyin olunacaqdı. Çünki sona 3 dəqiqə qalmış cərimələrin sayı 5-ə çatmışdı. Beləliklə, Türkiyə ilk yarını 3:1 öndə bitirdi.
İkinci hissədə isə millimiz fiasko yaşadı. Fasilədən sonra cəmi 5 dəqiqə rəqibə müqavimət göstərə bildik. Belə ki, 25-ci dəqiqədə Bünyamin Ballı hesab arasındakı fərqi 4 topa çatdırdı. Bu arada isə bizimkilər iki əlverişli imkandan yararlana bilməmişdi. Xüsusilə sonluq biabırçı alındı. Murat Kayanın komandası son 9 dəqiqə ərzində yığmamızın üzvlərini 5 dəfə topu tordan çıxarmağa məcbur etdi. Sıralanan qollar bir yana, bizimkilər çarəsizcə ora-bura qaçır, rəqibə heç nə ilə müqavimət göstərə bilmirdilər. Gücləri yalnız kobudluğa əl atmağa çatırdı. U-19 30-cu dəqiqədə meydanda azlıqda qaldı. Rauf Rüstəmov ikinci xəbərdarlıqdan sonra meydandan qovuldu. Batuhan məhz o arada hesabı 6:1-ə çatdırdı. Ağatahir Əzimovun artıq nəticə ilə barışmaqdan başqa çarəsi qalmamışdı. Qapıçını dəyişməsi isə darmadağından qaçmaq yox, hamıya şans vermək istəyi ilə əlaqələndirilməlidi. Gənc çalışdırıcı ilk qarşılaşmada meydana çıxmayan yeganə oyunçunun - hələ 16 yaşı tamam olmayan Fuad Məmmədzadənin də xidmətindən yararlandı.
Beləliklə, yığmamız Türkiyəyə 1:10 hesabıyla uduzdu. Bu oyunlar məşqçilər korpusuna xeyli material verdi. U-19-un bir heyəti var desək, yanılmarıq. Təsadüfi deyil ki, ilk oyunda zəif çıxış etməsinə rəğmən, Ağatahir Əzimov yenə eyni “5-liy”ə (Vladislav Reznov - İqbal Pənahov - Tofiq Hüseynov - Nurlan Mehdizadə -Kənan Əsədli) güvənmişdi. Düzdü, iki oyunda vurulan 4 qolun yarısı sonradan meydana çıxan oyunçuların - Rafael Mütəllimov və Hüseyn Qarayevin ayağına yazılıb. Ancaq onlar və başqaları sona qədər oynamağa qadir deyil, fiziki imkanları buna imkan vermir.
Yenidən komanda formalaşdırmaq, hər şeyə sıfırdan başlamaq üçün isə çox gecdi. Həm də əldə material yoxdu. Ağatahir Əzimov böyük futboldan cəlb etdiyi oyunçulara futzalın sirlərini öyrətməyə yarım il sərf edib. Qarşıda isə bir ay var. Problemləri yoluna qoymaq üçün bu az vaxt olsa da, nələrisə dəyişmək olar. Sadəcə, Türkiyə ilə qarşılaşmalar göstərdi ki, bu komandadan ciddi uğur gözləmək olmaz. Slovakiya, Hollandiya və Cənubi Kiprin yer aldığı qrupdan çıxmaqla yığma boyundan yuxarı tullanmış olar. Hər halda, favorit biz olmayacağıq. Biz o vaxt ciddi nəticəyə ümid edə bilərik ki, yüksək liqada oynayan komandaların hərəsinin heyətində bir 19 yaşlı oyunçu çıxış etsin. Yeni mövsümdən legionerlərə limit tətbiq olunacaqsa, böyük futboldakı kimi ora gənclərin də mütləq şəkildə start heyətində yer alması ilə bağlı bənd əlavə olunmalıdı. Yoxsa Rizvan Fərzəliyev, Vitali Borisov kimi “qocalar”a hələ bir neçə il də möhtac qalacağıq...
MİRAĞA

Reaksiyalar
Ağatahir Əzimov: “Çox pis oynadıq. Rəqibdən çəkindik, sanki dogma meydanda oynayan biz deyildik. Məşqdə etdiklərimizi oyunda göstərə bilmədik. Razıyam, fiziki cəhətdən rəqibdən geri qalırıq. Ancaq verdiyim tapşırıqları da uşaqlar tətbiq edə bilmədilər. Seçim imkanımız məhduddu. Bu uşaqları böyük futboldan gətirmişəm. Onlar ən yaxşılar deyil. Əvvəl də bir neçə dəfə demişəm, klublar yığmaya oyunçu vermir. Düzdü, futbol klublarının futzal yığmasına oyunçu vermək öhdəliyi, borcu yoxdu. Amma bir qədər vətənpərvər olmalıyıq. Axı söhbət yığmadan gedir. Problemlərimizi bilirik, bu toplanışda çatışmazlıqları gördük. Onların üzərində işləyəcəyik. Vaxtımız çox azdı”.
Murat Kaya: “Birinci oyunda müdafiədə müəyyən səhvlərə yol vermişdik. Dünən məşq zamanı onları düzəltməyə çalışdıq. Bilirdik ki, rəqibimiz əsas standart vəziyyətlər zamanı təhlükəli olur. Bu dəfə səhvsiz oynadıq, sürəti artırmağa çalışdıq. Göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı oyunlar oldu”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR