“Fikrimcə, çempionluq haqda danışmaq üçün tezdi”
Fevralın 19-da "Neftçi”nin sabiq oyunçusu İqor Mitreskinin 40 yaşı tamam oldu. Müdafiəçi 2010-14-cü illərdə "Neftçi”də çıxış edib, ölkə çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olub. Ümumilikdə ağ-qara formada premyer-liqada 101 oyunda (1 qol), “ikinci cəbhə”də isə 14 matçda şans qazanıb. Həmçinin avrokuboklarda 14 qarşılaşmada flaqmanın şərəfini qoruyub, AL-in qrupundakı 6 oyunun hamısında, eləcə də ölkənin futbol tarixi üçün ilkin yaşandığı APOEL-lə görüşlərin (1:1, 3:1) hər ikisində 90 dəqiqə mübarizə aparıb. Bir sözlə, makedoniyalı arxa xətt oyunçusu “Neftçi”nin uğurlarında əsas pay sahiblərindən biri olub, karyerasını da məhz bu klubda başa vurub. O həmçinin ölkəsinin millisində 69 oyunda meydana çıxıb, 1 qola imza atıb. “Ağ-qaralar”ın mətbuat xidməti sabiq müdafiəçinin yubileyini yaddan çıxarmayıb.
- Doğum günün mübarək, İqor. Yubileyini necə qeyd edirsən?
- Çox sağ olun, məni yada saldığınız üçün sizə minnətdaram. Hazırda Berlindəyəm. Doğum günümü ailəm, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəm. 40 illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burda evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd etmişəm, amma 40 yaşımı Berlində keçirmək istədim.
- Sən təkcə Makedoniya futbolunda yox, "Neftçi”nin tarixində də parlaq iz buraxmısan. Artıq bir neçə ildi "Neftçi”ni tərk etmisən. Azərbaycan futbolunun flaqmanı ilə bağlı hansı xatirələrin var?
- Digər keçmiş komandalarım kimi, "Neftçi” də mənim üçün böyük tarixdi. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığın və karyeranı bitirdiyin. Beynəlxalq karyerama "Spartak”da başlamışam, "Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, millinin kapitanı olmuşam, amma "Neftçi”nin yeri başqadı. Çünki karyeramı burda – 3 dəfə çempionatın, 2 dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam. "Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdu. Bakı isə doğma şəhərdi. Həm "Neftçi”, həm də Bakı qəlbimdədi. İndiyədək "Neftçi”yə azarkeşlik edirəm.
- "Neftçi”nin heyətində yaddaqalan oyunlar keçirmisən. Bunların arasında sənin üçün ən unudulmazı hansıdı?
- APOEL ilə səfər matçı. "Neftçi” həmin oyunda qalib gələrək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün tarix yazmışdı.
- "Neftçi”dəki keçmiş komanda yoldaşlarından kimlərləsə əlaqə saxlayırsan?
- Açığı, sosial şəbəkələrdən çox istifadə etmirəm. Amma bəzi futbolçularla telefonla danışıram. Məşqçilərdən rəhmətlik Böyükağa Hacıyevlə yaxşı münasibətimiz olub. Arif Əsədov və Elşad Əhmədovla da əlaqə saxlayırıq.
- Hazırda "Neftçi” ilə "Qarabağ” arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Keçmiş komandanın oyununu izləyirsən?
- Daha çox internet vasitəsilə "Neftçi”nin oyunlarından xəbər tuturam. Bilirəm ki, hazırda çempionatın lideridi və "Qarabağ”la 1 xallıq fərq var. Hesab edirəm ki, çempionluq haqda danışmaq üçün tezdi. Lakin çempion bu iki komandadan biri olacaq. "Neftçi”nin futbolçuları hər oyuna qələbə üçün çıxmalıdılar. Futbolda asan heç nə olmur. Dediyim kimi, çempionluq bu iki komanda arasındakı mübarizədə həllini tapacaq.
FARİZ hazırladı