Sizin reklam burada

Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri

Baxış Sayı:408

Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri
Bir yoldaşlıq oyunu keçirmədən belə Xorvatiya önünə çıxmaq Əzrayılla çiling-ağac oynamağa bənzəyir
Millətlər Liqasında hədəfə çata bilməyən yığma bütün ümidini növbəti seçmə mərhələyə bağlayıb. Hansı ki, AÇ-2020-nin seçmə mərhələsinin başlamasına təxminən bir ay vaxt qalıb. Milli qarşıdakı tsiklə Xorvatiyada start verəcək. Nikola Yurçeviçə həvalə olunan komanda martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda “damalılar”la üz-üzə gələcək. Seçmə mərhələ üçün nəzərdə tutulan ilk “pəncərə”də yığma yalnız bir rəsmi oyun keçirəcək. Xorvatiyadan vətənə dönən yığma martın 25-də Bakıda Litva ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Ancaq həmin yoxlama görüşü artıq növbəti oyunlar baxımından əhəmiyyət daşıyacaq. Biz isə xorvatlarla oyuna bir ay qalmış ümumi mənzərəni gözdən keçirək.
Xorvatlara məğlubiyyət faciə olmayacaq. Təbii, söhbət darmadağından getmir. Zaqrebdə əldə olunacaq istənilən qənimət isə sensasiya sayılacaq. Rəqibin gücü, iki komandanın müqayisəsi belə deməyə əsas verir. Sadəcə, iki məqamı qeyd etmək yerinə düşər. Bu komanda son mundialın gümüş medalçısıdı. Heyətində isə “Real”, “Barselona”, “Yuventus”, “İnter”, “Liverpul”, “Çelsi” kimi top-klubların şərəfini qoruyan, hətta dünyada ötən ilin ən yaxşısı seçilən, ulduz futbolçular top qovur. Bu baxımdan reallıq Novruz bayramı günlərinə təsadüf edəcək qarşılaşmanın nəticəsi haqda xoş xəyallar qurmağa imkan vermir. Yalnız “futbolda hər şey olur”, “bu, sürprizlər oyunudu” kimi şablon, ancaq zaman-zaman təsdiqini tapan ifadələrə ümid etməliyik. Bunlar məsələnin bir tərəfi.
Yığmanın əleyhinə olan əsas məqamlardan biri də baş məşqçi təyinatının xeyli yubanması oldu. Halbuki daha öncədən yığmanın yeni çalışdırıcısının dekabrın sonu, uzağı yanvarın əvvəlində bəlli olacağı deyilmişdi. Dəfələrlə “gecikirik” kəlməsini dilimizə gətirməyimiz, AFFA rəhbərliyinə çatdırmaq istəyimiz boşuna deyildi. Allah eləməsin, seçmə mərhələyə ilk oyunda Xorvatiyadan 5-6 top buraxaraq başlamağımız hədəflərə ciddi zərbə vuracaq. Nə komandada özünəinam qalacaq, nə də azarkeşlərdə milliyə dəstək olmaq həvəsi. Hansı ki, “damalılar” daha öncə öz meydanında yığmamızın daşını daş üstə qoymamışdı. Bir sözlə, təyinatın gecikməsinin fəsadlarından qaçmaq çətin olacaq. Seçim tez olsaydı, baş məşqçi Antalyaya yollanar, komandaların hazırlıq prosesini izləyər, yoxlama oyunlarına baxar, daha geniş təəssürata malik olardı. Lap elə U-21 kimi 2-3 günlük heyəti bir araya gətirər, futbolçuları yaxından tanıyar, həmçinin oyunçular da məşqçinin fəlsəfəsinə az-çox bələd olardı. Yoxsa bir yoldaşlıq oyunu keçirmədən belə Xorvatiya önünə çıxmaq Əzrayılla çiling-ağac oynamağa bənzəyir. Ancaq artıq bütün bunlar geridə qalıb və irəli baxmaqdan başqa əlimizdən bir şey gəlmir.
Yalnız Xorvatiya ilə oyun ərəfəsində yığma üzvlərinin yaxşı formada olması Yurçeviçin işinə yaraya bilər. Ümumiyyətlə, yeni baş məşqçi gələndə müəyyən canlanma olur. Çalışdırıcının öz ölkəsinin millisini daha yaxşı tanıması da müsbət məqamlardan biridi. Axı daha öncə belə bir təcrübənin şahidi olmuşduq. Yuxarıda qeyd etdiyimiz kimi, Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra Berti Foqts istefa verdi. Onun əvəzinə millinin “sükanı arxasına” keçən Robert Prosineçki darmadağının bir ili tamam olamamış Bakıda bu rəqibdən xal almağı (0:0) bacardı. İndi isə qarşıda duran əsas iş bəllidi. Hazırda Xorvatiyada olan Yurçeviç ölkəsində çox ləngiməməli, deyildiyi vaxtda - həftəsonu Bakıda olmalıdı. Çempionat oyunları zamanı stadionda “yatmalı”, yerli köməkçilərini tezliklə seçməli və onlardan lazımi informasiyanı almalıdı. Nə bilmək olar, bəlkə AFFA baş məşqçi üçün Xorvatiya ilə oyuna kimi 2-3 günlük toplanış təşkil etdi. Ya klublardan biri, ya da U-21 ilə yoxlama oyunu da keçirmək olar. Nəzərə alaq ki, “damalılar”la görüşə bir aydan da az vaxt qalıb və həmin matçda faciə yaşamaq istəmiriksə, hər detala böyük önəm verməliyik.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR