“Səmədovla yığma haqda danışdıq, amma çox yox”
Rusiya çempionatını yaxından izləyənlərin intizarına yaxın günlərdə son qoyulacaq. Şimal qonşularımızın birinciliyi təkcə stajlı futbolsevərlər üçün yox, həm də yığmamızı yaxından izləyənlər üçün maraqlıdı. Axı orda millinin böyük ümidlər bəslənən hücumçusu Ramil Şeydayev top qovur. “Krılya Sovetov”un sıralarında olan 21 yaşlı forvard çempionatın ilk yarısında cəmi 5 oyunda meydana çıxıb ki, yalnız 1 dəfə - “Spartak”la səfər görüşündə əsas heyətdə yer alıb. Ümumilikdə 153 dəqiqə top dalınca qaçan həmyerlimiz qol vurmağa nail olmayıb. Əvəzində 2 sarı vərəqə ilə cəzalanıb.
16 oyunda topladığı 17 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşan Samara təmsilçisi qış fasiləsindən maksimum yararlanmaq üçün əsas diqqəti yoldaşlıq görüşlərinə ayırdı. Yanvarın 22-dən fevralın 19-na qədər nə az, nə çox – 8 sınaq matçı təşkil olundu ki, Şeydayev bəzi oyunlarda əsas heyətdə yer almaqla, bəzən isə meydana sonradan çıxmaqla yadda qaldı. Fevralın 19-da Latviya “Liepaya”sı ilə qarşılaşmada “11-lik”də şans qazanan Ramilin 77-ci dəqiqədə əvəzləndiyini xatırladaq.
Dünən yığmamızın üzvü ilə əlaqə saxlamaqda məqsədimiz geniş müsahibə götürmək olsa da, vaxtının az olduğunu deyən “Krılya Sovetov”lu cəmi 5 suala cavab verəcəyini dedi. Odu ki, öncə komandasının qış hazırlığını dəyərləndirdi: “Elə bir çətinliyimiz yoxdu. Çempionatdakı bütün komandalar mövsümün qalan hissəsinə ciddi hazırlaşır. Bu isə o deməkdi ki, işimiz heç də asan olmayacaq. Fikrimcə, yaxşı hazırlıq keçdik. 8 oyunun yalnız birində məğlub olduq. Düzdü, yoldaşlıq görüşlərində nəticə önəm daşımır. Amma psixoloji baxımdan böyük təsiri var. Ümid edirəm ki, “Lokomotiv”lə səfər oyununda hamı optimal formada olacaq”.
Təbii, bu dəqiqə bizi narahat edən əsas məqam Ramilin samaralıların heyətində az şans qazanmasıdı. 16 oyunda cəmi 153 dəqiqə forma geyməsi xoş göstərici deyil. Hazırda komandanın “vuran ayağı” 35 yaşlı Sergey Kornilenko sayılsa da, Maksim Kanunnikovla Pavel Yakovlev də baş məşqçinin güvəndiyi adlardı. Sergey 13 oyunda 3, Maksim 12 oyunda 3, Pavel isə 11 oyunda 1 qolla yadda qalıb. Maraqlıdı, Ramil mövsümün ikinci yarısından nə gözləyir? Bu üç həmampluası ilə mübarizədən qalib ayrılacağına inanır? Öz dilindən eşidək: “Bu haqda nəsə deməyim düzgün olmaz. Hazırlıq prosesinə nəzarət edən baş məşqçidi. Bizim işimiz isə tapşırıqları yerinə yetirməkdi. Oynayacam, ya yox – bunu baş məşqçimizdən soruşmaq lazımdı”.
“Krılya Sovetov”un fasilə dönəmində əldə etdiyi ən dəyərli futbolçu Aleksandr Səmədovdu. Rusiya yığmasının, eləcə də “Spartak”la “Lokomotiv”in sabiq futbolçusuna böyük ümidlər bəslənilir. Həmin Aleksandr ki, vaxtilə millimizin şərəfini qorumaq üçün ölkəmizə dəvət olunsa da, şəraitsizliyi görüb Rusiyaya qayıtmışdı. Və bir neçə ildən sonra doğulduğu ölkənin yığmasının təklifinə “hə” demişdi. Ölkəmizdə klub futbolunun inkişaf etdiyini, “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin avrokubokların qrup mərhələsində oynadığını nəzərə alsaq, məntiqlə, Səmədov Şeydayevlə söhbətdə Azərbaycan futbolundan söz açmalı, özündən 13 yaş kiçik həmkarından burda gördükləri ilə bağlı təəssüratını soruşmalıdı: “Aleksandr Səmədovla çox yaxşı münasibətim var. Bəzən hansısa mövzular ətrafında söhbət edir, fikir mübadiləsi aparırıq. Onunla yığma haqda danışdıq, amma çox yox. Bu dəqiqə daha çox yeni komandası olan “Krılya Sovetov” haqda düşünür”.
Qurban Qurbanov yığmaya rəhbərlik etdiyi dönəmdə Ramil mövzusunda çox qınanırdı. Təcrübəli mütəxəssis “11 nömrə”yə “Qarabağ”da lazımınca şans verməsə də, yığmada çalışdığı müddətdə Şeydayevə oynamaq imkanı yaradırdı. Hər halda, Rüfət Dadaşov gələnə qədər əsas heyətdə hazırda “Krılya Sovetov”un sıralarında olan futbolçunu görürdük. Odu ki, Ramilin Qurban Qurbanovun yığmadan ayrılmasına münasibətini bilmək də maraqlıdı: “Açığı, bu xəbərə təəccüblənmədim. Çünki Millətlər Liqasındakı uğursuzluqdan, xüsusən də Kosovoya yenilgidən sonra bu haqda söz-söhbətlər gəzirdi. Göründüyü kimi, bəziləri doğru çıxdı”.
İndi isə milli yeni mərhələyə qədəm qoyub. Qurbanovun boşaltdığı post bir müddət öncə Nikola Yurçeviçə həvalə olundu. Xorvat çalışdırıcının nəyə qadir olduğunu qarşıdakı oyunlar və yaxın gələcək göstərəcək. Yığma yer aldığı qrupda Macarıstan, Uels, Slovakiya və Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirməli olacaq. İlk qarşılaşma isə qrupun favoriti qismində görülən xorvatlarladı. Həm də səfərdə. Şeydayevlə söhbət etmişkən həm Yurçeviçdən, həm də Xorvatiya ilə oyundan gözləntilərinə aydınlıq gətirdik: “Qrupda bizi nələrin gözlədiyini demək çətindi. Yeni baş məşqçi gəlib. Düzünü desəm, Yurçeviçi tanımıram, oyun fəlsəfəsindən və iş metodundan xəbərim yoxdu. Yalnız onu bilirəm ki, “Lokomotiv”də, “Beşiktaş”da, Xorvatiya millisində Slaven Biliçin köməkçisi olub. Amma baş məşqçi kimi nəyə qadir olduğundan xəbərsizəm. Ona görə seçmə mərhələnin necə keçəcəyinə, eləcə də Xorvatiya ilə oyunun necə alınacağına dair söz demək mənim üçün çətindi. O ki qaldı mənə dəvət göndərib-göndərməyəcəyinə, bu sırf baş məşqçidən asılı olan məsələdi. Bizim işimiz klubda yaxşı çıxış edib yığmaya dəvət gözləməkdi. Şans qazanmaq üçün “Krılya Sovetov”da bacardığımı edirəm və edəcəm də”.
HƏBİB