“Sən yaxaladığın real qol şanslarını boşa verirsənsə, günahı onda-bunda axtarmaq lazım deyil”
Qış fasiləsindən sonra ardıcıl üç oyunda meydanı məyus tərk edən “Sumqayıt”da sular bulanıb. Vəziyyət o dərəcəyə çatıb ki, “Keşlə”yə məğlubiyyətdən sonra baş məşqçi Ayxan Abbasov mətbuat konfransına girməmiş klub rəhbərliyinə istefa verəcəyini bildirib. Ancaq klub prezidenti Riad Rəfiyev son anda 38 yaşlı mütəxəssisi fikrindən daşındıra bilib. Növbəti tur “kimyaçılar”ı “Zirə” ilə çətin oyun gözləyir. “Ağ-göylər” ardıcıl 4-cü dəfə uduzsalar, artıq turnir cədvəlinin sonuncu pilləsinə düşəcək ki, bu da mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan komandaya ağır zərbə olacaq. “Qartallar”la görüş ərəfəsində “gənclik şəhəri”nin düşərgəsinə baş çəkməkdə məqsədim həm ab-hava ilə tanış olmaq, həm də klub prezidenti ilə görüşüb söhbətləşmək idi. Komandanın uğursuz çıxışının Rəfiyevin də “kefinə soğan doğradığını” hiss etmək üçün heç də ekstrasens olmağa ehtiyac yox idi. Son oyunlarda qeydə alınan nəticələrə görə üzüldüyü aşkar hiss olunurdu. Buna baxmayaraq, Riad bəy gələcəklə bağlı nikbin fikirdədi.
- Antalyadakı təlim-məşq toplanışı zamanı keçirilən yoxlama görüşlərində heç də pis təsir bağışlamayan “Sumqayıt” premyer-liqada ardıcıl 3 məğlubiyyətə üzülüb. Nə baş verir? Uğursuz çıxışın səbəbini bilmək istərdik.
- İlk növbədə təqvimi önə çəkərdim. Fasilədən sonra iki çətin oyunumuz oldu. Səfərdə “Qəbələ”, bir həftə sonra isə öz meydanımızda “Qarabağ” ilə qarşılaşdıq. Komanda Qəbələdə heç də pis təsir bağışlamadı. Uduzmamalı olduğumuz oyunda məğlubiyyətə üzüldük. Qurban Qurbanovun komandasının gücü isə hamıya məlumdu. “Keşlə” ilə görüş barədə çox danışmaq istəmirəm... Qısaca onu deyə bilərəm ki, ağır meydanda istədiyimiz nəticəni qazana bilmədik. Ardıcıl 3 oyunda uduzsaq da, həvəsdən düşmür, yolumuza davam edirik.
- 3 oyunluq uğursuz seriyadan sonra futbolçular, məşqçilər korpusu ilə görüşüb söhbət etmisiz?
- Bəli. Həm kollektivlə, həm də baş məşqçi ilə görüşmüşəm. Komanda üzvlərindən uğursuzluğu unudub, qarşıdakı matçlara daha yaxşı hazırlaşmalarını istəmişəm. Mən də, baş məşqçi də, elə futbolçular özləri də bilirlər ki, komanda olaraq indikindən daha yaxşı oyun sərgiləyə bilərik. İndi əsas odu ki, hər kəs özünə inanmalı, kollektiv belə çətin durumdan çıxmaq üçün toparlanmalıdı.
- “Keşlə” ilə matçdan sonra Ayxan Abbasovun postundan getmək istədiyi məlum oldu. Ancaq siz onu fikrindən daşındırmısız. Baş məşqçi nədən narazı qalmışdı, onu bu addımı atmağa vadar edən səbəb və ya səbəblər nədi?
- Futbolda belə hallar olur. Matçdan sonra məğlubiyyətlə barışmayan baş məşqçimiz çox əsəbləşmişdi. Məncə, istənilən çalışdırıcı həmin anları yaşayıb. Ancaq isti başla, əsəbi formada tələsik qərar vermək bir qədər düzgün deyil. Ertəsi gün Ayxan müəllimlə görüşəndə hiss etdim ki, əsəbləri bir qədər sakitləşib. Biz ona inanırıq. Abbasova güvəndiyimizə görə də yolumuza onunla davam edəcəyik. Ümumiyyətlə, bu gün bu məsələ gündəmdə deyil.
- Gəlin etiraf edək ki, mövsümlərarası fasilədə gerçəkləşdirdiyiniz tranferlərlə müqayisədə qışda heyətə qatdığınız futbolçular etimadı doğrultmur. Peyman Babayi iki oyunda qapı istiqamətində bir zərbə belə vurmayıb. Halbuki ona “vuran ayaq” gözü ilə baxırdız. Əmir Ağayev də onun kimi... Heç komandaya yeni qoşulan yerlilər də özlərini yaxşı tərəfdən göstərə bilmirlər.
- Fikrimcə, yeni transferlər barədə konkret fikir bildirmək, onlara “yararsız” damğası vurmaq bir qədər tezdi. Babayi təlim-məşq toplanışının yarısından bizə qoşuldu. Antalyada onu üç oyunda sınadıq və özünü heç də pis tərəfdən göstərmədi. “Sumqayıt”a fayda verəcək səviyyədə futbolçudu. Biz ona inanırıq. Komandaya çox tez uyğunlaşdı, kollektivdə yer alan digər oyunçulara tez-qaynayıb-qarışdı. Təəssüf ki, Peyman “Qarabağ”la oyunun ilk hissəsində zədələnərək, ikihəftəliyə sıradan çıxdı. “Zirə” ilə matçda da meydana çıxıb-çıxmayacağı sual altındadı. Əmir Ağayevə gəlincə, onun keçidi son anda reallaşdı. Komanda ilə birgə toplanış keçmədiyindən, ola bilsin, uyğunlaşma ilə bağlı çətinliyi var. Ümid edirəm ki, qısa müddətdə mühitə, yeni komandasına uyğunlaşmağı bacaracaq.
- Adətən, deyirlər ki, belə çətin, uğursuz məqamlarda kollektivdə yer alan təcrübəli futbolçular ortaya çıxıb, komandanı öz arxasınca aparmalıdı. “Sumqayıt”da təcrübəli dedikdə Vurğun Hüseynov, Rail Məlikov, Elvin Məmmədov, Əfran İsmayılov yada düşür. Ancaq nədənsə onlarda qeyd etdiyimiz keyfiyyəti görə bilmirik. Siz necə düşünürsüz?
- Bildiyiniz kimi, Elvin Məmmədov xeyli vaxt idi zədədən əziyyət çəkirdi. Ümumiyyətlə, mən komandanı təcrübəli və cavan futbolçulara bölməyin tərəfdarı deyiləm. Bu gün “Sumqayıt”da çıxış edən - yaşından və təcrübəsindən asılı olmayaraq - hər kəs komandanı “qara zolaqdan çıxarmaq” üçün var qüvvəsini meydanda qoymalıdı. Futbol kollektiv oyundu və burda uğur qazanmaq üçün hamı bir nəfər kimi yumruğu bir nöqtəyə vurmalıdı. İki-üç nəfər oynasın, meydanın hər qarışı uğrunda can qoysun, qalanları isə onların kölgəsində gizlənsin – belə olmaz. Komanda hər bir detalı işləyən mexanizm olmalıdı. Yalnız belə olduqda qarşıya qoyulan məqsədə çatmaq mümkündü.
- “Keşlə” ilə matçda qapınıza təyin olunan penalti ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə, hakim düz qərar verdi?
- Bu haqda danışmaq istəmirəm. Bilirsiz, niyə? Ona görə ki, özü yıxılan ağlamaz. Biz o penaltiyə qədər matçın taleyini həll etməliydik. Sən yaxaladığın real qol şanslarını boşa verirsənsə, günahı onda-bunda axtarmaq lazım deyil.
- Növbəti turda komanda “doğma divarlar” arasında “Zirə”ni qonaq edəcək. Onu da qeyd edək ki, “Sumqayıt”dan fərqli Samiq Abasovun çalışdırdığı kollektiv son turlarda yüksəlişdədi. Qəsəbə təmsilçisi qalib gələcəyi təqdirdə son pilləyə yuvarlanacaqsız. Bu məqam futbolçularınız üzərində əlavə təzyiq yaratmır?
- Bizi çox maraqlı qarşılaşma gözləyir. Vurğuladığınız məqamı biz də yaxşı bilirik. Ona görə də məğlubiyyət haqda düşünmək belə istəmirik. “Sumqayıt”, rəqibin adından asılı olmayaraq, hər oyuna 3 xal üçün çıxır. Bu da bəzən alınır, bəzən alınmır. “Zirə” ilə görüş turnir cədvəli baxımından önəmli olsa da, başqa rəqiblərlə görüşə necə hazırılaşırıqsa, buna da eyni qaydada hazırlaşırıq. Onu yaddan çıxarmayaq ki, çempionatla yanaşı, biz həm də ölkə kubokunda mübarizəni davam etdiririk. İki yarışda çıxış etmək çətin olsa da, başqa çarəmiz yoxdu. Hər iki cəbhədə yaxşı nəticə qazanmağa çalışacağıq.
- Bəzən bir çox klub rəhbərləri prinsipial oyunlarda kollektivə başqa oyunlarla müqayisədə daha çox mükafat verəcəyini vəd edir. “Zirə” ilə oyunda siz də bu addımı ata bilərsiz?
- Bizdə onsuz da həmişə qələbəyə görə mükafat olub. “Zirə” ilə oyunda da 3 xal qazanacağımız halda futbolçuların əməyi lazımınca qiymətləndiriləcək. O ki qaldı məbləğə, bu daxili sirdi. Bunu açıqlamasaq, daha yaxşı olar.
RƏŞAD