Vurğun Hüseynov: “Bəlkə də bir kapitan, kollektivin təcrübəli üzvü kimi mənim günahım bir qədər çoxdu”
Üçüncü dövrənin ilk 3 oyununda xala həsrət qalan “Sumqayıt”ın sragagün izlədiyim məşqində Peyman Babayidən başqa hamı iştirak edirdi. Gözləmək olardı ki, ardıcıl məğlubiyyətlər futbolçuların kefini pozar, məşq zamanı heç kim danışıb-gülməz. Ancaq soyuq havada, mənimlə yanaşı təxminən 15 fanatın izlədiyi hazırlıq prosesində tam fərqli ab-havanın şahidi olduq. Düzdü, Ayxan Abbasov “Keşlə” ilə oyundan sonra olduğu kimi əsəbi görünürdü. Futbolçular hansısa tapşırığı baş məşqçinin istədiyi kimi etməyincə, Abbasov özündən çıxır, hər səhvə görə onlara iradını bildirirdi. Ancaq 38 yaşlı mütəxəssisdən fərqli futbolçuların kefi yerində idi. Onlar qısa fasilələrdə bir-biriləri ilə zarafat edir, deyib-gülməyi unutmurdular. Bir tərəfdən bunu yaxşı hal kimi dəyərləndirmək olar. Deməli, “Zirə” ilə prinsipial oyun ərəfəsində kollektiv psixoloji təzyiq altında deyil. Digər tərəfdən də “kimyaçılar”ın şərəfini qoruyan oyunçuların belə sərbəst olması bir qədər həyəcan doğurur. Onların məşqini izləyən istənilən şəxs “sanki 3 oyunda qeydə alınan məğlubiyyət heç kimin vecinə deyil” fikrinə düşə bilərdi.
Bəs əslində necədi? Futbolçular uğursuz seriyaya görə günahı kimdə və ya nədə görür? Fikrini öyrəndiyimiz futbolçulara həm də “uğursuzluqda özünü günahlandırırsanmı” sualını verməyi də lazım bildik.
Vurğun Hüseynov: “Üçüncü dövrəyə uğursuz start verməyimiz həqiqətən də çox üzücüdü. Antalyada çox gözəl toplanış keşmişdik, yoxlama görüşlərində yaxşı təsir bağışlamışdıq. Ancaq fasilədən sonra azarkeşlərimizi məyus etdik. Bunun da başlıca səbəbi təqvimin bizim üçün uğursuz olması oldu. Qəbələdə yerli komanda ilə başabaş mübarizə aparsaq da, təəssüf ki, 90 dəqqənin tamamında uduzduq. Ani diqqətsizliyin güdazına getdik. Həmin oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. “Qarabağ”la matçı isə doğrudan da zəif keçirdik. Bizi ən çox üzən “Keşlə” ilə qarşılaşma oldu. Qalib gəlməli olduğumuz görüşdə nəinki 3 xalı əldən verdik, hətta bir xal belə götürə bilmədik. İkinci yarıda fərqlənmək üçün çoxlu şansımız oldu, amma yararlana bilmədik. Və son saniyələrdə qapımıza şübhəli penalti təyin olundu. Həmin qarşılaşmadan sonra çoxları Amil Yunanovun yerdə qaldığı anda qayda pozuntusunun olmadığını bildirdi. Ancaq bu heç nəyi dəyişmir, reallıq odu ki, biz uduzduq. Növbəti turda bizi “Zirə” ilə çətin oyun gözləyir. Üzləşdiyimiz durumun ciddiliyini çox gözəl başa düşürük. Yaxşı anlayırıq ki, daha bir məğlubiyyət bizi son sıraya salacaq. Ona görə də doğma azarkeşlərimizin qarşısında layiqli çıxış edib, qələbə qazanmağı hədəfləmişik. O ki qaldı komandanın uğursuzluğunda günahımın olub-olmamasına, nəticə yoxdusa, mən də, komandanın başqa üzvləri də məsuliyyət daşıyır. Bəlkə də bir kapitan, kollektivin təcrübəli üzvü kimi mənim günahım bir qədər çoxdu. Ancaq futbol komanda oyunu olduğu üçün bütün məsuliyyəti bir adamın üstünə atmaq düzgün olmaz”.
Elvin Məmmədov: “Qış fasiləsindən sonra hər üç oyunu uduzacağımızı gözləmirdim. “Qəbələ” ilə görüşdə azı 1 xal qazanmalıydıq. Orda buraxdığımız qol gözlənilməz oldu. “Qarabağ”ı isə hamımız tanıyırıq, çox güclüdülər. Ağdam klubu ilə matçda, xüsusilə ikinci yarıda yaxşı oyun sərgiləsək də, ikinci qol bizi “sındırdı”. “Keşlə”yə gəlincə, “dişimizə görə” rəqib idi. Turnir cədvəlində qonşu olduğumuz üçün onları udmaq borcumuz idi. Açığı, mən bu oyunda iştirak etməli deyildim. Həm Antalyada, həm də ordan gələndən sonra məşqdə zədələnmişdim. Baş məşqçimiz mənə demişdi ki, süni örtükdə oynayacağıq, səni qorumaq istəyirəm. Lakin oyun elə getdi ki, ikinci hissədə meydana çıxmalı oldum. Qol ötürməsi verdim və daha bir neçə hücumda yaxından iştirak etdim. Əldə etdiyimiz imkanları maksimum dəyərləndirsəydik, hesabı öz xeyrimizə dəyişə bilərdik. Belə də heç kim bu gün bizi tənqid etməyəcəkdi. Hamı gördü ki, oyun planında rəqibdən üstünük. “Keşlə” ilə matçda qapımıza təyin olunan penaltiyə görə çoxlarının məni qınadığını bilirəm. Ancaq mən orda Amil Yunanova qarşı heç bir kobudluq etməmişdim. Qapıçımız Mehdi Cənnətov topa daha yaxın idi, Amil özünü qəsdən yerə atdı. Baş hakim gülməli penalti verdi, heç bir əsası yox idi. Oyundan sonra Amilə simulyasiya etdiyini dedim. O da “mənə elə gəldi, arxadan kimsə mənə toxundu, yerə yıxıldım” cavabını verdi. “Mənə elə gəldi” nə deməkdi? Ya toxunuşu hiss edirsən, ya da yox. Bütün bunlar artıq dünəndə qalıb. Keçmişdə qalanlar barədə danışmağın heç bir mənası yoxdu. Güclü komandayıq, qətiyyən ruhdan düşməmişik. Çempionatda cəmi 8 klub çıxış edir və turnir cədvəlində vəziyyət elədi ki, bir-iki qələbə hər şeyi dəyişə bilər. “Qara zolaq”dan çıxmaq üçün bizə 1 qələbə kifayətdi. Ardıcıl iki oyunu udsaq, liderlər qrupuna yaxınlaşacağıq. Məqsədimiz avrokuboklara getməkdi. Premyer-liqa ilə yanaşı, kubokda da mübarizə aparırıq. Hər iki yarışda yer tutub, Avropaya getməyə gücümüz çatar”.
RƏŞAD