Sizin reklam burada

“İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi”

Baxış Sayı:400

“İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi”
Vüqar Məmmədin komandası 32 saat yolda olub
U-19 fevralın 10-dan 18-dək İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında oldu. AÇ-nin martda reallaşacaq elit mərhələsinə hazırlaşan Vüqar Məmmədin komandası toplanış çərçivəsində üç yoxlama oyunu keçirdi. Belə ki, milli fevralın 12-də İspaniyanın, 14-də “Ranero”nun, ayın 17-də isə Şotlandiyanın U-19-u ilə münasibətləri aydınlaşdırdı. Bu oyunlardan yalnız 1-də qələbə qazanan yığma digər 2 qarşılaşmada məğlub oldu. Özü də Məmmədin yetirmələri İspaniya və Şotlandiya ilə görüşlərdə eyni hesabla (0:2) uduzdu. Milli “Ranero”nun 19 yaşlılarını isə darmadağın etdi (6:1).
Əlbəttə, U-19-un iddialı rəqiblərlə duellərdə qələbə qazanmaması, hətta heç-heçə belə edə bilməməsi ürəkaçan deyil. Hər nə qədər yoldaşlıq oyunlarında nəticə önəmli sayılmasa belə. Axı martın 20-26-sı aralığında Rusiyada baş tutacaq elit mərhələ oyunlarında da bizi çətin rəqiblər gözləyir. Ən azı özünəinam baxımından Mursiyadakı yoxlama görüşlərində müsbət nəticələr vacib idi. Bundan başqa, yığmanın ilk iki sınaq görüşündə penaltini qaçırması, şotlandlarla görüşdə 20-ci dəqiqədən azlıqda qalması düşündürücü məqamlardı. Odu ki, bütün bunlarla bağlı Vüqar Məmmədlə söhbətləşməyi lazım bildik.
- Öncə toplanışı dəyərləndirərdiz. İstədiklərinizi həyata keçirə bildiz? Nədən razı, nədən narazı qaldız?
- Açığı, bu təlim-məşq toplanışı bizim üçün ağır keçdi. Səfərə gedərkən və geri qayıdarkən hər birində 16 saat yolda olduq. Avropa ilə aramızdakı 3 saatlıq fərqə uyğunlaşmaq da çətin idi. Xüsusilə də futbolçular üçün ispan mətbəxinə öyrəşmək asan olmadı və nəticədə 4-5 futbolçumuz xəstələndi. Buna baxmayaraq, tez toparlandıq və bu toplanışdan maksimum yararlanmağa calışdıq. Bildiyiniz kimi, bu 7 gün bizim üçün hazırlıq matçları həftəsi idi. Futbolçular maksimum şəkildə, var gücləriylə səy göstərdilər.
- Yoxlama oyunlarında 2 məğlubiyyət, 1 qələbə qeydə alındı. Düzdü, yoldaşlıq matçlarında nəticə önəmli deyil. Ancaq hər halda, iki ciddi rəqiblə qarşılaşdıq və hər ikisinə məğlub olduq. Bu haqda nə deyə bilərsiz?
- Razıyam. Bilirsiz ki, həm İspaniya, həm də Şotlandiya Avropanın çox güclü milliləri sayılır. Hər iki rəqib reytinqi yüksək olan və elit mərhələyə vəsiqə qazanmış komandalardı. Heyətində “Mançester Yunayted”, “Mançester Siti”, “Barselona”, “Real”, “Atletiko”, “Çelsi”, “Seltik”, “Aberdin”, “Reyncers” kimi komandaların futbolçuları vardı. Düşünürəm ki, bu iki qarşılaşmada uduzsaq da, ümumilikdə bizə böyük faydası oldu. Çox önəmli olan bir məqamı qeyd etmək istərdim ki, biz belə qarşılaşmaları ancaq millidə keçiririk. Ancaq bu rəqiblərimizin daxili çempionat oyunlarının hamısı bu cür yüksək tempdə keçir. Belə olan halda futbolçularımız çətinlik çəkir. Lakin yenə də uşaqların hər birinə təşəkkür edirəm ki, bu oyunlarda peşəkarcasına çalışdılar.
- "Ranero"nun U-19-u digər iki rəqiblə müqayisədə çox geri qalırdı, yoxsa yığmanın oyunu alındı?
- Futbolçular bütün oyunlara eyni tərzdə hazırlaşırdılar. Bizim üçün bu gün zəif və ya güclü rəqib yoxdu. “Ranero”nun heyətində də texniki baxımdan hazırlıqlı futbolçular var idi. Sadəcə, komandamız bu oyunda sürətli hücumların nəticəsində yaranan epizodları qola çevirdi.
- İki oyunda fərqli futbolçular penaltini vura bilmədi. Bizdə ştatlı penalti vuran yoxdu? Musa Qurbanlı özü istəmir penalti vurmağı, yoxsa başqa bir səbəb var? Hər halda, komandanın hücumçusu odu...
- Biz artıq üçüncü dəfədi penalti vura bilmirik. Hazırlıq zamanı da bunun üzərində işləmişdik və bir çox futbolçularımız istər cərimə zərbələri, istərsə penalti olsun, məşqlərdə əla yerinə yetirirlər. Oyunda isə əksinə alınır. Xeyirlisi. Komandanın hücumçusu təkcə Musa deyil. Kamran, Murad, Tural, Elvin, Sərhad, Emil, Samir kimi futbolçularımızın hər biri hücum xəttində oynayır. Bizdə əvvəldən Kamran, Murad və Turan penaltini vururdu. Musa isə U-19-a yeni-yeni dəvət alır.
- Şotlandiya ilə qarşılaşmada qeydə alınan erkən qırmızı vərəqə haqda nə deyə bilərsiz? Bu yığmanın psixoloji hazırlığına dəlalət edirmi?
- Qırmızı vərəqə oyun epizoduna görə göstərildi. Komandada istər psixoloji, istərsə motivasiya baxımdan heç bir problem yoxdu. Bu gün heç bir rəqibdən çəkinmirik. Həqiqətən şotlandlarla oyun çox sərt və sürətli keçdi. Əksinə, belə görüşlər futbolçulara böyük inam verir.
- Bu toplanışda yeni oyunçunu - Maksim Bayramovu sınadız. Onunla bağlı fikirləriniz necədi? Elit mərhələdə yığmaya kömək edəcək?
- Maksim nizam-intizamli, bacarıqlı futbolçudu və komandaya tez uyğunlaşdı. Bir həftə bizimlə oldu. Qısa müddətdə dəqiq fikir söyləmək çətindi. Onun özü ilə də toplanışın sonunda söhbətim oldu. Bundan sonra da oyunlarını izləyəcəyik. Ancaq Maksim 2001 təvəllüdlüdü. O, həm bizə, həm də növbəti mərhələyə hazırlaşacaq U-19-a dəvət ala bilər. Toplanışdan dərhal sonra onunla bağlı Samir müəllimi də məlumatlandırmışam. Hər şey Maksimin özündən asılıdı.
- Səhv etmirəmsə, bu, yığmanın sonuncu toplanış idi. Komanda elit mərhələyə nə dərəcədə hazırdı?
- Bəli, sonuncu təlim-məşq toplanışımız idi. Müəyyən çatışmazlıqlar var. Bunları da növbəti rəsmi oyunlar ərəfəsində aradan qaldırmağa çalışacağıq. Düşünürəm ki, elit mərhələyə tam hazır olacağıq.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR