Sizin reklam burada

İlk dueli türklər qazandı

Baxış Sayı:356

İlk dueli türklər qazandı
Ağatahir Əzimov: “Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxarmışdılar”
Azərbaycan (U-19) – Türkiyə (U-19) 3:5 (3:2)
Azərbaycan: 1. Vladislav Reznov, 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli; 12. Niyaz Əhmədov, 19. Hüseyn Abutalıbov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Huseyn Qarayev, 9. Rafael Mütəllimov, 13. Fuad Məmmədzadə, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Türkiyə: 1. Rəcəp Taş, 3. Mustafa Acar, 6. Məhəmməd Yusif Aygün, 7. Məhəmməd Furkan Özhan, 10. Bünyamin Ballı (k); 12. Ərkan Çinar, 23. Ərtoğrul Yıldız, 2. Mustafa Yorulmaz, 4. Arda Köksal, 5. Əmir Şənocak, 8. Səfa Çollak, 9. Bərat Altındiş, 11. Batuhan Dırağa.
Baş məşqçi: Murat Kaya
Qollar: S.Çollak, 6 (0:1). T.Hüseynov, 8 (1:1). N.Mehdizadə, 9 (2:1). M.F.Özhan, 12 (2:2). R.Mütəllimov, 13 (3:2). M.F.Özhan, 23 (3:3). B.Dırağa, 27 (3:4). M.F.Özhan, 39 (3:5).
Vərəqə: N.Quluzadə, 37 – sarı.
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov.
19 fevral. Bakı İdman Sarayı.
Xəbər verdiyimiz kimi, çərşənbə axşamı Bakı İdman Sarayında Azərbaycanın və Türkiyənin 19 yaşadək futzalçılardan ibarət milliləri yoldaşlıq görüşündə üz-üzə gəldi. “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanan oyuna maraq yetərincə böyük idi. Hər halda, zala çempionat oyunlarındakından daha çox azarkeşin təşrif buyurması belə deməyə əsas verir. Yüksək liqada çıxış edən komandaların və “Qalatasaray”ın ölkəmizdə fəaliyyət göstərən futbol məktəbinin azyaşlı üzvlərindən başqa, sıravi, hətta xanım tamaşaçılar da gözə dəyirdi. AFFA-nın baş katibi Elxan Məmmədovla Futzal Federasiyasının prezidenti Zaur Axundov da millimizin oyununu izləmək üçün İdman Sarayına təşrif buyurmuşdular. Yeri gəlmişkən, yetkililər ilk yarıdan sonra çıxıb getdilər. Elxan Məmmədov yolüstü U-19-un baş məşqçisi Ağatahir Əzimovla söhbətləşib fikirlərini çatdırdı, ona uğur arzuladı.
Oyuna gəlincə, bizimkilər qarşılaşmaya pis başladı. Hiss olunurdu ki, Əzimovun yetirmələri start həyəcanını boğa bilmir. Artıq 6-cı dəqiqədə qonaqlar hesabı açdı. Qapısında qol gördükdən sonra yığma üzvləri bir qədər ayıldı. Tədricən oyunu bərabərləşdirən U-19 nəinki “status-kvo”nu bərpa etdi, hətta hesabı öz xeyrinə də dəyişdi. Hər iki qol standart vəziyyətdən sonra vuruldu. 8-ci dəqiqədə Tofiq Hüseynov, bir dəqiqə sonra isə Nurlan Mehdizadə künc zərbəsindən sonra topu rəqib qapısından keçirdi. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqləndi. Türklər müdafiədəki çaşqınlıqdan yararlanıb bərabərliyi təmin etsə də, bir dəqiqə keçməmiş yenə standart vəziyyətdən sonra bu dəfə Rafael Mütəllimov fərqləndi və nəticədə komandamız fasiləyə üstün yollanmağı bacardı – 3:2.
Ancaq ikinci hissə tam rəqibin üstünlüyü şəraitində keçdi. Həm yorğunluq, həm də hissənin əvvəlində buraxılan qol yığmanın oyun sistemini pozdu. Qonaqlar 23-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bir qədər sonra isə rəqib önə keçdi. Ağatahir Əzimovun riskə əl atıb qapıçını meydan oyunçusu ilə əvəzləməsi də nəticəsiz qaldı. Ümumiyyətlə, yığma üzvləri bu taktikanı yerinə yetirməkdə çətinlik çəkir, nə etməli olduqlarını bilmirdilər, başıpozuqluq yaranırdı. Nəticədə daha 1 qol vuran qonaqlar yekunda 5:3 hesabıyla qələbə qazandı. Əslində fərq daha böyük ola bilərdi. Fərqin artmamasına görə qapıçımız, Vitali Borisovun bacısıoğlu Vladislav Reznova minnətdar olmaq lazım gəlir. Düzdü, bir qolda onu da günahlandırmaq olar. Amma daim təzyiq altında olan, önəmli qurtarışlar edən Reznov komandanın ən yaxşısı idi...
Xatırladaq ki, komandalar arasında növbəti görüş bu gün saat 19.00-da Bakı İdman Sarayında başlayacaq. Budəfəki oyunu Hikmət Qafarlı, Rahin Heybətov və Mehman Mahmudovdan ibarət hakimlər briqadası idarə edəcək.
MİRAĞA

Reaksiyalar
Ağatahir Əzimov: “Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma futzalçılarımız toparlana bilmədilər. Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik. Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxarmışdılar. Bunun hamısı həyəcanla bağlıdı. Düzdü, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı. Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər. Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvləri təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.
Murat Kaya: “Birinci hissədə pis oynadıq. Fasilədə uşaqlara səhvlərini və düzgün oynamalı olduqlarını dedim. Bildiyiniz kimi, bu qarşılaşmalar martda keçiriləcək Avropa çempionatının rəsmi oyunlarına hazırlıq xarakteri daşıyır. Yeni formalaşmış komandayıq. Çətin qrupda yer almışıq. Rəqiblərimiz İspaniya, Macarıstan və Gürcüstan milliləri olacaq. Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycan komandasına qarşı keçirək. Qələbə qazandığımıza görə xoşbəxtik. Gələn ay keçiriləcək rəsmi matçlarda həm Türkiyə, həm də Azərbaycan yığmasına uğurlar arzulayıram”.
Vladislav Reznov: “Maraqlı oyun alındı. Birinci hissədə biz üstün idik. Bu üstünlüyümüz sayəsində fasiləyə qalib yollandıq. İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar. Onlarla bir oyunumuz da var. Səhvlərimizi təhlil edib, düzəltməliyik. Adından da göründüyü kimi, yoldaşlıq oyunudu. Martda bizi çətin sınaqlar gözləyir. Hamı bilir ki, Avropada zəif, asanlıqla udacağın komanda yoxdu. İndi əksər ölkələrdə futzala diqqət artıb, komandalar güclənməyə çalışırlar”.
Tofiq Hüseynov: “Bir həftəyə yaxındı təlim-məşq toplanışına yığışmışıq. Oyuna da həvəslə hazırlaşmışdıq. Çünki doğma meydanda ilk oyunumuz idi. Düzdü, ilk dəqiqələrdə bir qədər həyəcan var idi, ancaq sonradan toparlandıq və fasiləyə qədər hesabı xeyrimizə dəyişdik. Görünür, təcrübəsizlik ikinci hissədə meydana arxayın çıxmağımıza səbəb oldu. Sanki bir qədər boşaldıq. Zədələnən futzalçılarımız oldu. Rəqibimiz fiziki cəhətdən çox güclü idi. Korpusla rahat oynayırdılar. Topu qəbul edib, gövdələri ilə rahat dönürdülər. Bu cür oyunlarda nəticədən çox səhvləri görmək, təhlil edib düzəltmək vacibdi. Əlbəttə, Avropa çempionatının oyunlarına qədər mütləq səhvlərimizi düzəltməliyik. Çünki qrupumuzda Sloveniya, Hollandiya kimi təhlükəli komandalar var. Cənubi Kipr ilkin mərhələdən vəsiqə qazansa da, zəif komanda deyil”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR