Çexiyanın futbol üzrə gənclər liqasında 18-ci turun oyunları keçirilib. U-21-in üzvü Fərid Nəbiyevin formasını geydiyi “Slaviya” növbəti matçına çıxıb. Praqa təmsilçisi səfərdə “Çeske Budeyovitse” ilə üz-üzə gəlib. Qonaqlar minimal hesabla (0:1) uduzub. Nəbiyev də oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib. “Slaviya”nın U-21 komandası hazırda 20 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.
Əsas yığmamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstan “Tobol”u isə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Bu komanda Rusiya “Rubin”i ilə qarşılaşıb. Oyun Qazaxıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Emil 90 dəqiqə meydanda olub. Qeyd edək ki, “Tobol” Antalyadakı hazırlıq prosesi çərçivəsində son yoldaşlıq oyununu fevralın 24-də Bolqarıstan “Qorodeya”sına qarşı keçirəcək.
Yığmanın digər üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Antalyada iki yoxlama matçı keçirib. Samara təmsilçisi ilk oyunda Danimarka “Koldrink”i ilə üz-üzə gəlib. Şeydayevin meydana çıxmadığı görüş rusların qələbəsi ilə yekunlaşıb – 2:1. Ardınca isə “Krılya Sovetov” Latviya təmsilçisi “Liepaya” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Matça start heyətində başlayan Ramil 77 dəqiqə meydanda olub. Onu da qeyd edək ki, “Krılya Sovetov”un bundan əvvəlki iki toplanışı BƏƏ-də gerçəkləşmişdi.
FARİZ