Sizin reklam burada

U-19-un üzvləri “qırmızı”nı qabartdı

Baxış Sayı:368

U-19-un üzvləri “qırmızı”nı qabartdı
Tural Bayramov: “Şotlandlar bizi təxribata çəkirdilər”
U-19 fevralın 10-dan İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında idi. AÇ-nin elit mərhələsinə hazırlaşan yığma toplanış çərçivəsində üç yoxlama oyununda qüvvəsini sınadı. Fevralın 12-də İspaniyanın, 14-də isə “Ranero” klubunun 19 yaşlıları ilə üz-üzə gələn milli sarğagün şotlandiyalı həmyaşdıları ilə qarşılaşdı. Bu oyunlardan birində qələbə qazanan yığma ikisində məğlub oldu. Belə ki, Vüqar Məmmədin yetirmələri İspaniya və Şotlandiya ilə görüşlərdə eyni hesabla – 2 cavabsız qolla uduzdu. Bizimkilər yalnız “Ranero”nun 19 yaşlılarını darmadağın etməyi bacardı (6:1). Maraq üçün qeyd edək ki, ispanlarla şotlandlar da öz aralarında sınaq görüşü keçirmişdilər və həmin matçda qalib müəyyənləşməmişdi (1:1). Milli isə adı çəkilən komandalardan fərqli, iki yox, 3 yoxlama matçında qüvvəsini sınadı.
Təbii, U-19-un iddialı rəqiblərlə duellərdə nəinki qələbə, heç-heçə belə edə bilməməsi xoş durum deyil. Bundan başqa, bəzi məqamlar da ürəkaçan olmadı. Həm İspaniya, həm də “Ranero” ilə görüşlərdə yığma penaltini dəyərləndirə bilmədi. İlk matçda Kamran Quliyev, ikinci qarşılaşmada Murad Mahmudov fürsəti qaçırdı. Şotlandlarla oyunda isə millimiz 20-ci dəqiqədən azlıqda qalıb. Rauf Hüseynli qırmızı vərəqə ilə meydandan qovulub. Belə durumda “qırmızı” alan futbolçunun əvəzinə başqa bir oyunçunun meydana çıxması haqda öncədən tərəflər arasında razılıq olmadığından yığma 70 dəqiqə azlıqda oynayıb. Hərçənd Şotlandiya ilə matçda belə vəziyyətin yaşandığını baş məşqçinin və futbolçuların açıqlamalarından müəyyənləşdirə bildik. Halbuki AFFA-nın saytında qoyulan xəbərdə yığmanın azlıqda qalması ilə bağlı informasiya yer almamışdı. Ümumiyyətlə, öncəki oyunlarda qaçırılan penaltilər zamanı da belə olmuşdu. Assosiasiyanın matçla bağlı xəbərində həmin penatltilər haqda informasiya verilməmişdi. Bu haqda toplanış zamanı U-21-lə birgə olan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Etibar Tağıyevə də iradımızı çatdırdıq və o da bizimlə razılaşdı. Oyundan öncə millinin heyətinin federasiyanın saytına qoyulması, matç başa çatandan sonra həm baş məşqçinin, həm də futbolçuların fikrinin portalda yer alması isə müsbət məqamlar idi.
Yeri gəlmişkən, Şotlandiya ilə sınaq görüşündən sonra U-19-un üzvləri matçla bağlı AFFA-nın saytına danışıb.
Nicat Mehbalıyev: “Çətin oyun oldu. Şotlandiyanın necə komanda olduğu hamıya məlumdu. Tipik İngilis futbolu oynayırlar. Cinahlardan təşkil etdikləri hücumlarla daha təhlükəli olurdular. Bir nəfər azlıqda qaldığımızdan uşaqlar bəzən mövqe səhvləri edirdilər. Nəticədə fasilədən sonra təzyiqi bir qədər də artırıb qol vurmağı bacardılar. Buna baxmayaq, komanda yoldaşlarımın zəhmətini yüksək qiymətləndirirəm. Həqiqətən layiqincə mübarizə apardılar. 10 nəfərlə Şotlandiya kimi komandaya qarşı oynamaq çətindi. Bir sözlə, səviyyə fərqi özünü büruzə verdi”.
Tural Bayramov: “Qırmızı vərəqə epizoduna qədər hər şey qaydasında gedirdi. Rəqib futbolçular oyun ərzində bizi təxribata çəkirdilər. Təəssüf ki, baş hakim buna göz yumurdu, düzgün qərarlar vermirdi. Hər kiçik toxunuşa görə bizə xəbərdalıq edirdi. Azlıqda qalmağımız oyun planlarımızı dəyişməyimizə səbəb oldu. Hücum qurmaqda çəkinlik çəkirdik. Çox güc itirdik. Komanda olaraq müsbət və mənfi cəhətlərimizi bilirik. Avropa çempionatının elit mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Çətin olacaq, amma inanıram ki, qrupdan çıxacağıq”.
Vüsal Məsimov: “Güclü futbolçulardan qurulan komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik. Rəqibi meydanın onlara aid hissəsinə sıxmışdıq. Sadəcə, 20-ci dəqiqədə qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Belə olan halda daha çox qaçdıq, mübarizə apardıq. Bizim üçün yaxşı bir təcrübə oldu. Azlıqda qalmasaydıq, qələbə qazana bilərdik. Çalışacağıq ki, bu oyunlarda buraxdığımız səhvləri elit mərhələdə təkrarlamayaq və daha yaxşı nəticələr qazanaq. Təbii ki, əsas məqsədimiz final mərhələsinə adlamaqdı”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR